Məhəmməd Talıblı
Azərbaycan 90-cı illərin ortalarından maliyyə azlığından əzab çəkirdisə, indi artıq maliyyə imkanlarının çoxluğundan əziyyət çəkməyə başlayır. Bu fikir ola bilsin ki, bəzilərində acı ironiya hissi doğursun, amma Azərbaycan hökumətinin atdığı addımlardan yalnız bu nəticəni çıxarmaq mümkündür. Deyilənlərə görə, maliyyə imkanlarımız genişdir, onu sağa-sola dağıtmaq da olar. Sərf olunan maliyyə dəyər qazandırmırsa və kapitalı artırmırsa, onu məhz belə adlandırmaq olar…
Ötən həftə Azərbaycan hökuməti Belarusa 300 milyon dollar həcmində kredit ayrılması haqda müqavilə bağlayıb. Ayrılan kreditin təyinatı Belarusun 2011-2015-ci illəri əhatə edən sosial-iqtisadi proqramının həyata keçirilməsi üçün verilir. Kreditin faiz dərəcəsi 0,01-dir. Bu kreditin hansı kriteriyaya əsasən verilməsi məlum deyil. Hökumətin kriteriyaları məlum olmasa da, bir neçə sual yaradacaq mülahizələri və narahatlıqları söyləmək olar.
Birincisi. Maraqlıdır ki, bu kredit sazişi haqqında ilkin informasiyanı Azərbaycan deyil, Belarus Nazirlər Komitəsi verib. Görünür, bizim hökumət fərqində olub ki, belə sazişin ciddi ictimai qınağı olacaq.
Ikincisi. Bəlkə də ilk baxışda dövlətlərarası belə yardımlaşmanın heç bir qəbahət olmadığı söylənilə bilər. Nəzərə almaq lazımdır ki, bu həmin Lukaşenko hökumətidir ki, beynəlxalq maliyyə qurumları çoxdan ona kredit vermir. Belə ki, az öncə Belarus hökuməti Beynəlxalq Valyuta Fonduna (BVF) kreditlə bağlı müraciət etmişdi, amma danışıqlar alınmamışdı. Tələb olunan kreditlərdə islahatın aparılması prioritet olduğu üçün onlar bu krediti əldə edə bilməmişdi. Görünür, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarından daha “reformist”dir?!
Üçüncüsü. Belarusda maliyyə bazarında böhran yaşanır. Milli valyutanın kursu əsaslı şəkildə aşağı düşür, ölkədə istehsal tempi azalır, fiskal və monetar sahədə böhranı ağırlaşdıran iqtisadi vəziyyət formalaşır. Bu vəziyyətdə Azərbaycanın “atalıq qayğısı” başadüşülən deyil. Çünki ağır istisadi vəziyyət kreditlərin qaytarılmasını çətin və ya mümkünsüz edir.
Dördüncüsü. Ötən il Belarus “Qazprom”a olan borclarının bağlanması üçün Azərbaycan hökumətinə müraciət etmişdi. Azərbaycan hökuməti də, daha doğrusu, dövlət başçısı Ilham Əliyev Belarusun borcunun qaytarılması üçün “Batka”ya 200 milyon ABŞ dolları həcmində kredit vermişdi. Davamlı olaraq Belarus hökumətini çətin vəziyyətdən çıxarmaq missiyasının Azərbaycanın üzərində olması anlaşılmır.
Beşincisi. Daxildə çoxlu sayda sosial problemlərin qalması və ağırlaşması fonunda ölkə vətəndaşlarının deyil, xarici vətəndaşların qayğısına qalınması hansı sosial siyasətə sığır? Təhsil xərcləri ildən-ilə artır, batmış əmanətlər qaytarılmır, pensiyalar və minimum yaşayış səviyyəsi ildə 5-8 manat artdığı halda, bu pullar niyə xaricə axmalıdır?
Altıncısı. Biz o hökumətə yardım edirik ki, onun avtoritar hökumət başçısı Lukaşenko bütün dünyada demokratiyanın sonuncu qənimlərindən sayılır. Demokratiyanın növbəti dalğasının “qurbanının” Lukaşenkonun olması da tam realdır. Belə əzazil hökumət başçısının ayaqda tutulması və xalqının səsinin boğdurulması üçün verilən “oksigen” siyasi mütəffiqliyin həmahəng olmasından xəbər verir. Əslində bu, eyni ideoloji dəyərləri bölüşənlərin siyasi müttəfiqlik münasibətidir. Əslində bu, hökumətlərin yardımdan daha çox, dostların bir-birinə etdiyi jestə və verdiyi borca bənzəyir. Çünki ortada hesabatlılıq yoxdur.
Yeddincisi. Azərbaycan həm beynəlxalq maliyyə qurumlarından kredit alır, həm də aldığı yüksək faizlə krediti daha ucuz faizlə qonşularına verir. Bu, tam iqtisadi paradoksdur. Azərbaycanın aldığı xarici kreditlərin məbləği 4,1 milyard dolları keçir. Buna baxmayaraq, Azərbaycan yaxın qonşularına maliyyə yardımları edir. Belə ki, Bakı-Axalkalaki-Qars dəmiryol layihəsinin reallaşması üçün Gürcüstana 200 milyon ABŞ dolları həcmində 25 illiyə 1%-lə kredit verilib. Bu və Belarusa verilən 500 milyonluq layihələri üst-üstə gələndə 700 milyon dollar edir. Görəsən, Azərbaycanın kreditor funksiyasını öz üzərinə götürməsi hansı zərurətdən doğub?