Ət mafiyasının arxasında kim durur?

Vüqar Bayramov: «Ətin qiymətinin qalxmasında iqtisadi səbəblər yoxdur»

Bir nazirlik səbəbi monopoliyada görür, o biri qiymətlərin süni şəkildə artırıldığını inkar edir

Ölkədə keçən ilin müvafiq dövrünə nisbətən inək və camışların sayı 1,3 faiz, qoyun və keçilərin sayı isə 1,0 faiz çoxalıb. Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda mal-qaranın sayı 2 milyon yarımdan, qoyunların sayı isə 8 milyon yarımdan çoxdur. Amma buna baxmayaraq, ətin qiyməti qalxmaqda davam edir.
Bərdəli fermer Ehtiram Eyvazov isə şikayətlənir ki, ətin qiymətinin qalxmasının onlara təsiri yoxdur, əksinə, müflis olurlar, çünki heyvana çəkdikləri xərci çıxara bilmirlər: “Biz Gürcüstandan gətirilən heyvanı alırıq, 4 ay saxlayıb kökəldirik, sonra da satırıq. Axırıncı dəfə heyvanı satandan sonra gördüm ki, bir heyvanda 100-150 manat ziyan elədim. Ot bahadır, hesablamışam, əvvəl bir inək ayda 50 manatlıq yem yeyirdisə, indi iki qat qalxıb. Otun bir bağını bu vaxtlar 1 manata alırdıq, indi 1 manat 40 qəpik olub, otun ikinci üz biçimi var, onun qiyməti isə 1.60 qəpikdən 2 manat 40 qəpiyə qalxıb”.
E.Eyvazov arpa və kəpəyi də baha qiymətə aldıqlarını deyir. Onun sözlərinə görə, biçin zamanı baş verən leysan yağışları məhsuldarlığa ziyan vurub.
Digər fermer Murad Qurbanov qiymət artımında yemin bahalaşmasını səbəb görür, bir də Gürcüstandan gətirilən mal-qaranın sərhəddən keçən zaman qeyri-rəsmi ödənişlərə məruz qalmasını.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq şöbəsinin müdiri Çingiz Fərəcov isə hesab edir ki, ölkədə ətin və otun qiymətindəki artım sünidir: “Azərbaycanda kifayət qədər heyvan var. Bu qədər heyvanı olan ölkədə qiymət niyə artsın? Ət qıtlığı yoxdur, onda yayın istisində ətin qiymətinin qalxmasının səbəbi nə ola bilər? Yalnız inhisarçılar, subyektiv amillər. Otun da qiyməti süni şəkildə artırılıb. Ot istehsalının artan vaxtıdır. Qış deyil ki, deyək ot qurtarıb, qiymət qalxsın. Buna qarşı mübarizə aparılmalıdır”.
Ç.Fərəcov deyir ki, məsələyə yüksək səviyyədə müdaxilə edilməli, Iqtisadi Inkişaf Nazirliyinin Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti münasibət bildirməlidir.
Yerli mətbuat yazır ki, qiymət artımının bir səbəbi də bu il Gürcüstandan iri buynuzlu mal-qaranın ölkəyə buraxılmasında yaradılan süni əngəllərdir. Ç.Fərəcov isə hesab edir ki,  ölkəyə Gürcüstandan heyvan gətirməyə ehtiyac yoxdur, çünki yerli istehsal daxili tələbatı ödəmək gücündədir. Fermerlər isə Gürcüstandakı cins mal-qaranın ətlik, kökəltmək üçün daha yararlı olduğunu deyir.

Iqtisadçı Vüqar Bayramov da ölkədə ətin qiymətinin qalxmasında iqtisadi səbəblər görmür. Dediyinə görə,  apardıqları monitorinq tələbatın artdığını qeydə almayıb, təklif də azalmayıb. Amma mənzərə iqtisadi qanunların əksini göstərib, qiymət artımı baş verib. Iqtisadçı da ətin qiymətinin artımını inhisarçılıqla bağlayır.
Iqtisadi Inkişaf Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bazarlarda monitorinq aparıb və ətin qiymətində süni artım halları aşkar etməyib.
Bakı sakini Almaz Ismayılova isə hesab edir ki, bu ilin əvvəlində prezident Ilham Əliyev müşavirə keçirib yumurtanın artmış qiymətini necə saldırdısa, indi də ətin qiymətinə o cür münasibət göstərməlidir. Fermerlər isə hökumətin yemin qiymətinə müdaxilə etməsini istəyirlər (“Azadlıq” radiosu).