“Bu da sonu…- qəbulunda olduğum tanınmış həkim deyir. – Illərlə gözünü kor elə, oxu, tibbin inkişafını, yeniliyini günbəgün izlə, özünü daha da bilikləndir, öyrən, öyrəndiyini sınaqdan çıxar, həkim kimi kamilləşəndə isə, birdən məlum olsun ki, sənin altmış beş yaşın var, deməli, dövlət başçısı, deputatlar məsləhət görür ki, sən artıq işdən ayrılıb evində oturmalı, bundan beləki ömrünü də mal-heyvan saxlamağa, torpaqla yola getməyi öyrənməyə sərf eləməlisən. Ondan da sonra o biri Əzrayıl gələcək ki, vədə tamamdı”.
Qəzetdən gələn olduğunu eşidib içəri daha beş həkim girir. Həmsöhbəti olduğum həkimlə eyni yaşdadırlar. Bəzisini tanıyıram. Hərəsi öz sahəsində ad çıxarıb. Qonşu rayonlardan da birbaş onları deyib gələn xəstələrin olduğunu çoxdan bilirəm. Onlardan eləsi var, camaatın ağzını arasan deyəcək, “UZI” (USM), rentgen onun kimi dəqiq demir adamın dərdini. Özü də vicdanlarını indi dəbdə olan dərman firmalarına satmırlar. Firmalara işləyən həkimlərin yazdığı uzun, sicilləmə reseptləri xəstələr götürüb bu həkimlərin yanına gəlir. Gəlirlər, bilirlər ki, reseptdəki dərmanların çoxu artıqdı, bahalıdı, sadəcə qazanmaq üçün yazıblar. Axı firmalardan faiz alırlar. Qələmləri də, bloknotları da firmaların hədiyyəsidi. Bu həkimlər onların dərman siyahısına baxır və üçdə ikisini ixtisara salırlar. Dərmanlar da dərman ola – hamısı zəhərdi. Bir yerə xeyir verəndə on yeri sıradan çıxarır.
Sanki sözləşiblər kimi, yeni gələnlər də qəbulunda olduğum həkimin dediyini deyir: “Demək, bu qədər oxumağımız, öyrənməyimiz boşuna imiş… – üzlərində illərin peşmançılığı var. – Həkim elə bu yaşda əsil həkim olmağa başlayır. Həkim üçün hər gün bir addım inkişafdı. Indi deyirlər, oxuduğunuzu, öyrəndiyinizi bir qırağa tullayıb gedin itinizi otarın”.
Həkimlər bir suala cavab tapa bilmirlər. Axı bundan sonra onlar dilənçi payı təndə təqaüdlə necə dolanacaqlar? Axı bu hoqqa nəyə lazım idi? Adama normal təqaüd ver, sonra onu işindən ayır da. Bəlkə gənc həkimlər üçün iş yerləri açmaq istəyirlər? Aydındı ki, institutu dünən rüşvətlə bitirib gələnlər həkim deyil. Onlar hələ neçə illər təcrübə toplamalı, öyrənməlidirlər ki, gəlib əsil həkimlik mərtəbəsinə yetişələr. Bir də ki, guya gənclərə verəcəklərmi işi? Yox, gedən 65 yaşlı və daha sinli həkimi 65-dən bir-iki yaş aşağılar əvəzləyəcək. Yenilərdən də bir dünya pul alıb bu işləri paylayacaqlar. Bir il sonra onları da işdən atacaq, təzə bazar açacaqlar…
“O qanunu çıxaran deputatları biz seçsəydik, belə olmazdı axı,- biri deyir,- özləri seçiblər, öz istədikləri qanunları da qəbul elətdirirlər”. Başqa bir həkim həmkarına etiraz edir: “Qardaş, gəlin boynumuza alaq ki, onları elə biz seçmişik. Biz, bir də müəllimlər. Hamısı bizim sayəmizdə olub. Nədi-nədi beş manat çörək pulu qazanırıq, ondan olarıq. Bu da çörək pulu. Bu da bizə prezidentin 65 yaş hədiyyəsi. Tam da dövlət başçısına layiq hədiyyədi”. “Əşşi, hanı, qəzetlər yazır ki, o yenə yoxa çıxıb…”. “Burda olsa, kərəni kürə eləyəcəkdi ki?”. “Bizə bu da azdı!” – deyişmə davam eləyir.
“Yaxşı, görəsən Ramiz Mehdiyev, Mərdanov, neçə-neçə başqası da çıxacaqmı pensiyaya?”. – Yox, onlar üçün qanunda yer saxlayıblar.
“Deyir, jurnalistlərə Avropa Məhkəməsindən imtina üçün hərəyə 5 min təklif eləyiblər”. “Nə veclərinə, camaatın hüququnu pozurlar, sonra da büdcənin puludu da, paylayırlar. Razılaşsalar, elə onlar da bizim kimi barını-bəhrəsini görəcəklər…”. “Lukaşenkoya 4 illik sıfır yüzdə bir faizlə kredit verilib”. “Veriləcək də. Bizim bunların nəzərində 0,01 faiz də dəyərimiz yoxdu…”.
“Nə isə, qardaşlar, çörəyə qul olmağın sonu elə belə olur,- mədəmi müayinə eləyən həkim deyir, üzünü mənə tutub həkim kimi son məsləhətini verir: – ”Pəhriz saxlamasan, dərmanların bir xeyri olmayacaq…”.