“Hökumət qarşıdakı bir neçə ayda yeni seçkinin keçirilməsi barədə qərar verməlidir”
Avqustun 2-də Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan Yerevanda Azadlıq Meydanında minlərlə tərəfdarının qarşısında çıxış edib. Keçmiş prezident xəbərdarlıq edib ki, əgər ölkənin siyasi rəhbərliyi müxalifətin erkən prezident seçkiləri barədə tələblərinə sentyabra qədər reaksiya verməsə yeni kütləvi etiraz aksiyaları ilə üzləşəcək: “Erməni Milli Konqresi bu payız əhalinin səfərbər edilməsi üçün mövcud qanunlar çərçivəsində əlindən gələn hər şeyi edəcək. Hökuməti təzyiqlər yolu ilə vaxtından əvvəl seçkilərə məcbur edəcək. Hökumət qarşıdakı bir neçə ayda yeni seçkinin keçirilməsi barədə qərar verməlidir. Ondan sonra bizim yeganə bir tələbimiz qalır, Serj Sarkisyan və onun koalisiyasının heç bir şərt olmadan istefası. Mən əminəm ki, sentyabr və oktyabr aylarında ölkədə yaranan siyasi böhrandan çıxış üçün konkret nəticələr əldə ediləcək.”
40 dəqiqə davam edən çıxışında Levon Ter-Petrosyan iyunun 30-da keçirilmiş mitinqdə səslənən tələblərini bir daha təkrar edib. O qeyd edib ki, hələlik Sarkisyanın hakimiyyəti güclüdür və xaricdən dəstək alır.
Erməni Milli Konqresi növbəti mitinqini sentyabrın 9-a təyin edib.
Ermənistanda hökumət və müxalifət partiyaları arasında keçən həftə aparılan danışıqlarda erkən prezident seçkilərin keçirilməsi barədə müzakirələr də dialoqun əsas mövzusu kimi təsdiq edilmişdi. Müxalifət bu payız erkən prezident seçkisinin, onun da ardınca erkən parlament seçkisinin keçirilməsini tələb edib. Amma hakimiyyət təmsilçiləri bu tələbləri rədd edirlər. Onlar bildirirlər ki, Ermənistanda növbəti prezident seçkisi qanunda nəzərdə tutulduğu kimi 2012-ci ildə, parlament seçkisi isə 2013-cü ildə olacaq (“Azadlıq” radiosu).



