Ölmədik, bu günü də gördük, nəhayət ki, Ilham Əliyevin doğru-dürüst bir sərəncamını oxuduq. Möhtərəm dünən Istiqlal Muzeyinin yaradılması üçün sərəncam imzaladı. Doğrudan da, Azərbaycanda istiqlalı, istiqlalla bağlı dəyərləri muzeyə qoymaq vaxtı gəlib çatmış, hətta keçmişdi belə!
Bu barədə danışmazdan əvvəl sərəncamda diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm. Orada Istiqlal Muzeyinin inşası üçün 1 milyon manat ayrılmasına göstəriş verilib. Amma Neft Muzeyinin inşası üçün nəzərdə tutulan məbləğ bundan on dəfələrlə çoxdur. Niyə? Sizin üçün istiqlalın neft qədər dəyəri yoxdur, ona görəmi? Bilmirəm. Heç bilmək maraqlı da deyil.
Bildiyim tək bir şey var. Ilham Əliyev sərəncamındakı bu müddəa ilə öz hakimiyyətinin korrupsioner, yağmaçı mahiyyətini bir daha ifşa edib.Necəmi? Çox sadə.
Siz ki, 1 milyona muzey tikə bilirsiniz…
Təsəvvür edin, üç il bundan əvvəl Quba Tarix Diyarşünaslıq Muzeyində təmir-bərpa işləri üçün 1 milyon manat ayrılmışdı. Amma Istiqlal Muzeyinin özünü tikmək üçün 1 milyon manat ayrılır. Nə qədər qəribədir, deyilmi? Belə çıxır ki, bir binanı təmir etmək onu xımından tikməkdən baha başa gəlir. Yoxsa çıxıb deyə bilərlərmi, nədir bunun başqa izahı?
Yenə iki-üç il əvvəl Bakıda Muğam Mərkəzi binasının tikintisinə ayrılan vəsait 28 milyon manat idi. Elə isə niyə Istiqlal Muzeyinə ayrılan pul cəmi 1 milyon manatdır? Nədir aradakı 28 dəfəlik bir fərqin sirri? Bir halda ki, 1 milyon manata da muzey tikmək olar, niyə indiyədək biz yalnız gözqamaşdırıcı, fantastik rəqəmlərin şahidi olurduq?
Məsələn, niyə Heydər Əliyev prospektindəki Heydər Əliyev Muzeyini də 1 milyon manata yox, 300 milyon manata tikirsiniz? Onu da 1 milyon manata tikib yerdə qalanını bu xalqın bir dərdinə-azarına xərcləmək olmazmı?
Yenə rəqəmlərə qayıdaq. Iki il əvvəl Incəsənət Muzeyinin təmirinə 14 milyon manatdan bir qədər çox pul ayrıldı. Amma Istiqlal Muzeyi 1 milyon manata tikilir. Nə az, nə çox, düz 14 dəfə ucuza… Onsuz da rejimin sümürücü mahiyyəti heç kimdə şübhə doğurmur. Yuxarıdakı rəqəmlərin müqayisəsi isə əslində, hakimiyyətin tamahının, iştahının miqyasını bir daha gözlər önünə sərmək üçün idi.
Istiqlal Muzeyinin eksponatları haqqında
Əvvəldə də yazdım ki, Istiqlal Muzeyinin yaradılması Ilham Əliyevin indiyədək atdığı yeganə doğru addımdır. Bir halda ki, biz Azərbaycanın Istiqlalı, onun özgürlüyü, bağımsızlığı haqqında keçmiş zamanda danışırıq, artıq muzey tikilməsi də qaçılmaz idi.
Bəs bu muzeyin eksponatları nələr olmalıdır? Nələr olmalı deyil ki… Məsələn, 92-93-cü illərdə gecə çölə çıxa bilməyən azərbaycanlılardan birini mütləq həmin muzeyə qoymaq lazımdır. Yaxud müxalifətə cəmi bir dəqiqləlik mitinq keçirməyə icazə verib, sonra mitinqə gələnlərin hamısını götürüb onlardan muzeydə ayrıca guşə yaratmaq olar. Muzeyi “Istefa” qışqıran vətəndaşın səsyazısı olmadan isə təsəvvür etmək belə, istəmirəm.Şahvələd Çobanoğlunu da muzeyə qoymağı təklif edirəm, qoy nə vaxtsa muzeyi ziyarətə gələn uşaqlar bir zamanlar yaşadıqları ölkədə yazı-pozunun olduğunu, qələmin varlığını xatırlayıb qürur duysunlar.
Sonra…Sonra seçki qutusu, səsvermə bülleteni, səsvermə kabineti də olmalıdır muzeydə. Onların hamısını bir guşədə toplamaq və guşənin üzərindən də böyük hərflərlə yazmaq lazımdır: “Xatirəsinə ehtiramla”.
Konstitusiyada prezidentliyə məhdudiyyət qoyduğu üçün tarixə gömülən maddəni arxeoloji qazıntılarla aşkar etmək və Istiqlal Muzeyinə qoymamaq isə ən azı insafsızlıq olardı.
1993-cü ildən bəri illik təqvimləri də unutmayaq. Xalq onun ömründən nə qədər oğurlandığını bilməlidir.
Bir sözlə, eksponat sarıdan narahat olmağa dəyməz. Nə də olmasa, bu ölkədə istiqlalla, özgürlüklə bağlı hər şey artıq oralıqdı.