Uzun illər Aqil Əliyevlə işləmiş Böyükağa Abdullayevin xanımı yoldaşının şərə düşdüyünü deyir
Aqil Əliyev
“Həyat yoldaşım Böyükağa Abdullayev heç bir təqsiri olmadan həbs edilib. Onu şərə salıblar, böhtan atıblar və nəticədə ailəmiz başsız qalıb. Biz istəyirik dövlət başçısı Ilham Əliyev, onun əmisi oğlu Ilqar Əliyev bu məsələyə diqqət yetirsin”. Bakı şəhər, Yasamal rayonu Nizami küçəsi, ev 53 ünvanda yaşayan Kəmalə Abdullayeva “Azadlıq”a ünvanladığı müraciətdə belə yazıb. Kəmalə xanımın sözlərinə görə, həyat yoldaşı Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevlə çalışdıqdan sonra, onun oğlu Ilqar Əliyevlə işləyib: “Yoldaşım heç zaman onlardan narazı olmayıb. Və həmişə də təmiz iş görüb. Mərhum Aqil müəllimin, onun oğlu Ilqar müəllimin etibarını, hörmətini qazanıb. Lakin Böyükağanı gözü götürməyənlər Ilqar müəllimə yalan məlumatlar ötürməklə onu böhtana saldılar”.
Kəmalə Abdullayeva bildirib ki, Ilqar Əliyev Böyükağa Abdullayev barədə yalanlara inanaraq onu həbs etdirib. Bu baxımdan Böyükağa Abdullayevin ailə üzvləri Ilham Əliyevin və onun əmisi oğlu Ilqar Əliyevin qəbulunda olmaq və onlara əsl həqiqəti danışmaq istəyirlər: “Bizi qəbul etsinlər, dinləsinlər. Əgər Böyükağanın təqsiri varsa, cəzasını çəksin, bir söz demirik. Amma biz dövlət başçısı ilə Ilqar müəllimin qəbulunda olmaq istəyirik. Biz dəfələrlə Ilham Əliyevə, onun xanımı Mehriban Əliyevaya, həmçinin müvafiq dövlət qurumlarına ərizə və teleqramlar yazmışıq. Lakin nədənsə heç bir reaksiya yoxdur. Ilqar müəllimə də əlimiz çatmır. Ona görə də qərara aldıq ki, mətbuat vasitəsilə dövlət başçısına, onun xanımına, həmçinin Ilqar müəllimə müraciət edək. Bəlkə bu müraciətimizi nəzərə alıb bizi qəbul edərlər, dinləyərlər və mərhəmət göstərərlər”.
Kəmalə Abdullayevanın müraciətində Böyükağa Abdullayevin Respublika Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə Idarəsi tərəfindən həbs edildiyi qeyd olunsa da, təfərrüatlar göstərilməyib.
Bu baxımdan əvvəlcə Respublika Prokurorluğu ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, Imran Eyvazzadə adlı vətəndaşın müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, “Eko-Servis KO” MMC-nin həmtəsisçisi Böyükağa Abdullayev 2005-2009-cu illərdə etibardan sui-istifadə edərək cəmiyyətə məxsus 141.750 manat pulu ələ keçirərək MMC-yə külli miqdarda ziyan vurub. Həmçinin 2006-2008-ci illər üzrə cəmiyyətin vergi öhdəliyinin yaranmaması haqqında vergi orqanlarına saxta arayışlar təqdim edərək dövlət büdcəsinə vergi ödəməkdən yayınıb. Toplanmış materiallar üzrə 4 sentyabr 2010-cu il tarixdə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. 22 iyul 2011-ci ildə Böyükağa Abdullayev barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daha sonra “Azadlıq”a ünvanlanan müraciətdə qeyd olunan ünvana getdik və Böyükağa Abdullayevin ailə üzvləri ilə görüşdük. Onun həbsinin gerçək səbəblərilə maraqlandıq, prokurorluğun məlumatını ailə üzvlərinin diqqətinə çatdırdıq. Kəmalə Abdullayeva həyat yoldaşına elan olunmuş ittihamların qondarma olduğunu söylədi: “Bir daha qeyd edirəm ki, Böyükağa böhtana düşüb. Ona şər atıblar. Ilqar müəllimi də bu şərə, yalana, böhtana inandırıblar. Biz heç nə istəmirik. Sadəcə Ilqar müəllimlə görüşmək istəyirik, çox xahiş edirik ki, bizi dinləsin”.
Ümid edirik ki, Kəmalə xanımın qəzetimiz vasitəsilə müraciətinə laqeyd yanaşılmayacaq.
Seyid