Hüquq müdafiəçisinin məhkəməsində rüsvayçılıq

Vidadi İsgəndərliyə qarşı çıxan şahidlərin ifadələri bir-birini təkzib edir

 

Öyrədilmiş şahidlər məhkəmə zalını yarımçıq tərk etdilər

 

Ictimai Palatanın Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin mühakiməsi Göyçay Rayon Məhkəməsində davam edir. Dünənki məhkəmə iclası başlamamışdan əvvəl yenə də prosesdə iştirak edən jurnalistlərin kimliyi siyahıya alındı, onların üzərindəki telefonlar, eləcə də media nümayəndələrinin foto və videokameraları, diktofonları heç bir səbəb göstərilmədən müsadirə edildi.
Hakim Elxan Süleymanovun sədrliyilə keçən məhkəmə prosesi hüquq müdafiəçisinin çıxışı ilə başladı:
“Mənim seçkiyə qatılmağımın bircə səbəbi var – bütün dünyaya Azərbaycanda seçkinin təyinatlı olduğunu sübut etmək. Məhz buna görə mən zindandayam. Üç ildir deyirəm ki, ölkə məmurları insanların cibinə girir. Dediklərimi bu ilin əvvəlində Ilham Əliyev təsdiqlədi və bildirdi ki, ölkədə korrupsiya var”.
Vidadi Isgəndərli çıxışını bitirəndən sonra vəkil Xalid Bağırov məhkəmə iclasları bitəndən sonra protokollarla tanış olmaq üçün onlara şərait yaradılmasını xahiş etdi. Hakim isə bildirdi ki, məhkəməyə yekun vurduqdan sonra protokollarla tanış ola biləcəklər. Vidadi Isgəndərli buna etiraz etdi: “Protokola düzəliş edib vərəcəksiniz. Biz hər məhkəmə iclası bitəndən sonra protokolla tanış olmaq istəyirik”.
Hakimin “qanunvericilikdə göstərilib ki, üç gün ərzində protokolla tanış olmaq mümkündür” fikrinə hüquq müdafiəçisi “onda üç gün öncəki məhkəmənin protokollarını verin” deyə münasibət bildirdi. E.Süleymanov artıq qərarın verildiyini, bunu müzakirə etməyə ehtiyac olmadığını deyib, şahidlərin zala dəvət edilməsini tapşırdı.

“Heç kim mənə zərər vurmayıb”

Ilk olaraq zərərçəkən qismində 72 yaşlı Səhər Əliyeva ifadə verdi. Səhər Əliyeva məhkəmə salonuna daxil olar-olmaz hakimə xitabən “bizə deyirsiniz ki, zərərçəkənsiz. Bizə kim zərər vurub ki?” cümləsi zalda gülüş doğurdu. Ifadəsində isə qeyd etdi ki, o, seçki günü məntəqəyə səs verməyə getsə də, səs-küy eşitdiyindən geri qayıdıb: “Gördüm ki, o yandan 10-15 nəfər gəlir. Soruşdum nə məsələdi. Dedilər ki, içəridə səs-küy qopub. Mən də geri qayıtdım. Oğlum şəhid olub. Onun şəkili səs vermək istədiyim məktəbdə asılıb. Həm səs-küy, həm də oğlumun şəklinə baxıb özümü saxlaya bilməyəcəkdim. Ona görə gedə bilmədim…”. Səhər Əliyeva ifadəsini yekunlaşdıra bilməyib ağladı. Bir neçə dəqiqəlik fasilə elan olundu.
Fasilədən sonra dövlət ittihamçısı Nəriman Ələkbərov şahidə suallar verdi:
– Səsvermədə iştirak edə bilmədiniz?
– Hə. Səs-küy vardı, geri qayıtdım. Övladım xəstədir, getdim onun yanına…
– Səs-küyü kim salmışdı?
– Bilmirəm.
– Etirazınız varmı?
– Mən heç nəyi tarazlamıram.
– Taraz yox, etirazınız varmı?
– Elə şey bilmirəm.
Xalid Bağırov:
– Siz zərərçəkənsiniz?
– Yox. Nə zərərçəkən? Elə şey yoxdur.
– Vidadi Isgəndərli sizə zərər vurub?
– Onu tanıyıram ki, zərər vursun mənə? Bütün günü evdə oluram. Gərək bayıra çıxım ki, o mənə zərər vursun da…
– Seçkiyə kimlə getmişdiniz?
– Tək…
– Nə səsvermə idi?
– Prezidenti seçirdilər…
– Içəri niyə keçmədiniz?
– Oğlumun şəkli var məktəbdə…
Səhər Əliyeva yenə ağlayır. Sakitləşdirəndən sonra şahid “bu nə bəladır düşmüşük. Səsdi, vermirəm, istəmirəm də, nə zəhləmi tökürsünüz” dedi.
Məhkəmə Səhər Əliyevanın istintaqa verdiyi ifadəni oxudu. Məlum oldu ki, ifadəsində zalda danışdıqlarının əksi qeyd olunub. O bildirdi ki, belə danışmayıb: “Mən yalnız qol çəkmişəm. Elə şeylər danışmamışam. Daha bura gəlməyəcəm. Adımı pozun kağızdan. Xəstə adamam, məni niyə incidirsiniz. Adımı pozun, mən getdim”. Fikirlərini bildirib şahid zalı tərk etdi.

Şahid onun dilindən yazılan ifadədən şoka düşdü

Ikinci zərərçəkən Şahnaz Azadova ifadəsində qeyd etdi ki, Vidadi Isgəndərlini tanımır. O da heç bir zərər çəkmədiyini dilə gətirdi: “Mənə burda dedilər ki, zərərçəkənsən. Elə bildim ki, oğlumla bağlı deyirlər. Mən iki ildə üç övlad itirmişəm. Bir oğlum dünyasını dəyişib, ikisi isə türmədədir. Mənə onlarla bağlı sual verin, seçkiylə yox”.
Suallara cavabında şahid “ya prezident, ya da bələdiyyə seçkiləri idi” deyib, konkret nəticəyə gələ bilmədi.
Xalid Bağırov:
– Vidadi Isgəndərlini tanıyırsınız?
– Yox. Tanımıram.
– O, sizə zərər vurub?
– Yox, heç bir zərər vurmayıb.
– Siz istintaqa ifadənizi harda vermisiniz?
– Heç yerdə. Yalnız kağız gətiriblər, biz də qol çəkmişik.
Şahnaz Azadova onun adından istintaqa yazılan ifadəsini eşidəndə şoka düşdü: “Bunları mən demişəm? Səsvermə günü yalnız səs-küy eşitdiyimi demişəm. Heç nədən xəbərim yoxdur. Siz oxudunuz ki, mən 10 nəfərin içəri keçdiyini gördüm. Üstəlik də onların içərisindən bir nəfər kök, ucaboylu şəxsin dava saldığını demişəm. Mən içəridə olmamışam. 50 metr aralıdan geri qayıtmışam. Heç kimi görməmişəm”. Bunu deyib o da zalı tərk etdi. Fasilə elan olundu. Bayıra çıxıb hava alanlar Şahnaz Azadovanın maşın axtardığının şahidi oldu. Məlum oldu ki, qadın maşınla onu məhkəməyə gətirənləri axtarır. Onları tapa bilməyəcəyini deyən proses iştirakçılarından biri qadını taksiylə yola saldı.

Hakimin əhəmiyyətsiz ziddiyyət hesab etdiyi üzləşmələr

Proses 17 saylı məntəqədə müşahidəçi olan Qənimət Əhmədovanın ifadəsiylə davam etdi. O bildirdi ki, Vidadi Isgəndərli seçki günü məntəqəyə daxil olub: “Əlində kəsilmiş bülletenləri tutub, görün sizin başınıza nə oyun açacam. Saxtakarlar” deyərək oranı tərk etdi: “Orada o qədər qadın var idi. ”Başınıza nə oyun açacam? nə deməkdir? Bu, təhqirdir”.
Xalid Bağırov:
– Sizin vəzifəniz nədir?
– Müşahidəçi?
– Vidadi Isgəndərli niyə elə dedi?
– Əlində bir neçə kəsilmiş bülleten vardı.
– Sizcə, əvvəlcədən kəsilmiş bülleten olmalıdır?
– Yox. Ancaq gərək o da elə deməyəydi. Qadına elə söz deməzlər.
– Bir daha soruşuram, sizin vəzifəniz nə idi?
– Müşahidəçi.
– O, “saxtakarlar”, “görün, sizin başınıza nə oyun açacam” deyəndə sizi nəzərdə tuturdu?
– Hamımız orada idik də…
– O, sizi nəzərdə tuturdu?
– …
– Axı komissiya üzvü də, seçkini saxtalaşdıran da siz deyilsiniz. O sözün sizə nə aidiyyəti?
– …
– Müşahidəçinin hüquq və vəzifələrini bilirsiniz?
– …
– Məntəqədən aparılan bülletenlərə görə sizə söz gələcəkdimi?
– Deyəcəkdilər ki, niyə bülleten aparıblar.
– Bunun sizə nə aidiyyəti? Siz müşahidəçisiniz. Vəzifəniz qanun pozuntularını görüb qeyd etməkdir.
– Hamımıza söz deyiləcəkdi.
– Siz istintaqda neçə dəqiqə oldunuz?
– Təxminən beş dəqiqə…
Məhkəmə Qənimət Əsədovanın istintaqa verdiyi ifadəsini oxudu. Məlum oldu ki, o istintaqa Vidadi Isgəndərlinin Araz Ələkbərovun sinəsindən vurduğunu deyib. Ancaq məhkəmədə müttəhimin Arazı əli ilə itələdiyini dedi. Bu iki ifadə arasında fərqi o, “məhkəmədə dediklərim düzdür” söyləməklə izah etdi.
Vidadi Isgəndərli:
– Seçki məntəqəsində mənim Arazı itələdiyimi, yumruqla vurduğumu kimsə görüb?
– Şərafəddin Bayramov adlı sakin…
– O, bu hadisəni harada gördü?
– Məntəqədə…
– Xahiş edirəm Şərafəddin Bayramov məhkəməyə gətirilsin. Dünən (avqustun 2-də) o ifadəsində bildirdi ki, seçki günü məntəqəyə gəlməyib. Səs-küy eşidib geri qayıdıb. Üzləşdirilsin, görək kim düz deyir.
Hakim bu məsələni ört-basdır etdi.
– Burada o qədər əhəmiyyətli ziddiyyət yoxdur. Əhəmiyyətli ziddiyyət olanda çağıracağıq.
“Bizi bura siz çağırmısınız. Sizə görə bu qədər insan incidilir. Məhkəmə ana-bacı üçün deyil” deyib, bu şahid də zalı yarımçıq tərk etdi.
Vidadi Isgəndərli: “Bu nə oyundur. Insanlara niyə düzgün başa salmırlar? Onları mən yox, dövlət ittihamçısı dəvət edib. Rayon sakinlərini mənlə üz-üzə qoymaq istəyirlər. Hər kəs bilsin ki, bura şahid kimi gələn insanları məhkəmənin əliylə hökumət dəvət edir”.
17 saylı məntəqədə komissiya üzvü Rüstəm Ələkbərov ifadəsində qeyd etdi ki, Vidadi Isgəndərli seçki günü başının dəstəsiylə içəri girib səs-küy yaratdı: “Gəlişindən bildim ki, məqsədi aranı qarışdırmaqdır. Araz adlı müşahidəçini vurdu. Sənin ucbatından ana-bacılar bura gəlir”.
Vidadi Isgəndərli şahidin sonuncu cümləsinə “yalançıya Allah lənət eləsin” dedi. Rüstəm Ələkbərov bunun qarşılığında isə hüquq müdafiəçisini təhqir etdi. Zalda səs-küy qopdu. Polislər məhkəmə salonuna gələnlərin yarısını bayıra çıxartdı.
Vidadi Isgəndərli:
– Arazı harda vurdum?
– Qapının ağzında?
– Hansı qapının?
– Məktəbin həyətinin qapısında.
– Mən onu vuranda siz gördünüzmü?
– Mən də orada idim. Sizin arxanızca gəlib, bülletenləri almaq istəyirdim…
Hüquq müdafiəçisi məhkəmədən xahiş etdi ki, ötən dəfəki prosesdə iştirak edən şahidləri yenidən dəvət etsinlər: “Ötən dəfə YAP üzvü olan müşahidəçi dedi ki, Araz bayıra çıxanda heç kim onunla getməyib. Hamı məntəqədə olub. Başqa bir şahid isə deyir ki, Arazı guya mən məktəbin həyətində olan ”yolka” ağacının yanında vurmuşam. Yolka ağacı ilə məktəbin qapısı arasında 20-25 metr məsafə var. Bu ziddiyyəti aradan qaldırmaq üçün üzləşmə lazımdır”.
Hakim bu dəfə də əhəmiyyətli ziddiyyətin olmadığını dilə gətirib, xahişi yerinə yetirmədi.
Vidadi Isgəndərli: “Bu yalançı şahidlərlə bağlı kim ölçü götürəcək. Kim onların dediklərinə hüquqi qiymət verəcək?”.
Xalid Bağırov:
– Siz indiyə qədər neçə izahat, ifadə vermisiniz?
– Bir.
– Dəqiq? Yaddaşınızı təzələyin hələ…
– Dəqiq bilirəm ki, bir dəfə prokurorluqda olmuşam.
– Başqa yerdə sizdən izahat almayıblar ki?
– Yox.
Məhkəmədə Rüstəm Ələkbərovun ifadəsi oxunanda məlum oldu ki, o, iki dəfə – noyabrın 7 və 8-də izahat verib. Bu fərqi şahid “ola bilər, yadımda deyil” kimi izah etməyə çalışdı.
Xalid Bağırov şahiddən yalnız bir dəfə izahat alındığını, ikinci izahatın onun dilindən yazıldığını dedi. Buna görə də istintaqı aparan şəxslərin məhkəməyə dəvət edilməsi üçün vəsatət qaldırdı.
Prokuror buna lüzum görmədiyi kimi, hakim də məsləhət bilmədi.
Proses 8 avqust, saat 09:30-dək təxirə salındı.

Ramin DEKO