Hökumətin barışıq təklifi jurnalistləri bir-birinə vurdu

Avropa Məhkəməsində çıxarılması gözlənilən qərarla bağlı Azərbaycan hökumətinin jurnalistlərə barışıq təklif etdiyi barədə məlumat vermişdik. Xatırladaq ki, yerli məhkəmələrin qərarlarından narazı qalan 8 tanınmış jurnalist – Qənimət Zahid, Şahvələd Çobanoğlu, Mehman Əliyev, Rauf Arifoğlu, Azər Ayxan, Etibar Seyidağa, Elşad Məmmədli, Zabil Müqabiloğlu 2008-ci ilin 24 iyulunda Avropa Məhkəməsinə müraciət edib. Şikayətçilər 12 iyun 2007-ci il tarixdə Sabir bağında mediaya təzyiqlərə etiraz olaraq aksiya keçirməyə cəhd edərkən Səbail polisi tərəfindən piketin dağıdıldığını, jurnalistlərin həbs edildiyini  bildirmişdilər. Jurnalistlər əvvəlcə yerli məhkəmədə iddia qaldıraraq zor tətbiq edən polis əməkdaşlarına cinayət işi başlanmasını, hüquqları pozulan media işçilərinə 40.000 AZN təzminat ödəməsini tələb etmişdilər. Yerli məhkəmələr iddianı rədd edəndən sonra Avropa Məhkəməsinə müraciət olunmuşdu. Indi – Avropa Məhkəməsinin iş üzrə qərarı ərəfəsində hökumət 8 jurnalistə barışıq və 40 min avro təklif edir. Sentyabrın 10-na qədər şikayətçilərdən heç olmasa biri hökumətlə razılaşmasa, Strasburqda iş üzrə məhkəmə iclası keçiriləcək və çox güman ki, şikayət təmin ediləcək.

“Turan” Informasiya Agentliyi məsələ ilə bağlı yaydığı xəbərdə M.Əliyev, Q.Zahid və Ş.Çobanoğlunun iddianın məhkəmə tərəfindən təmin edilməsi mövqeyində durduğunu, “Yeni Müsavat”ın baş redaktoru R.Arifoğlu və qəzetin daha dörd əməkdaşının isə hökumətin təklifini qəbul etməyə hazır olduğunu bildirmişdi. “Onlar düşünürlər ki, ”soğan olsun, nağd olsun”. Onlar həmçinin bunu hökumətin güzəşti hesab edirlər. Eyni zamanda, Avropa Məhkəməsinin onların iddiasını təmin edən qərar qəbul edəcəyindən də əmin deyillər”, – deyə agentlik öz məlumatında bildirmişdi.

“Yeni Müsavat” qəzeti isə agentliyin bu məlumatında redaksiya əməkdaşlarının təhqir olunduğunu deyərək qarşı tərəfdən fikirlərinə düzəliş etməyi tələb edir: “Turan” agentliyi bu ifadələri işlətməklə qəzetimizin əməkdaşlarını heyrətləndirib, eyni zamanda təhqir edib. Hansı ki, qəzetimizin toplantıda iştirak edən əməkdaşları orada deyiblər ki, bu məbləği almaq da hakimiyyəti cəzalandırmaq anlamındadır; lakin ümumi maraqlar naminə qərara doğru gedilməsinə hazırdırlar. Ümid edirik ki, “Turan” agentliyi bu uğursuz ifadələrə, təhrifə görə düzəliş verəcəkdir”.

Mehman Əliyevə müraciət edib məsələ ilə bağlı onun da mövqeyini öyrəndik. M.Əliyev “Yeni Müsavat”ın iradlarının yanlış olduğunu bildirdi: “Onların mövqeyi bizim mövqeyimizlə üst-üstə düşürsə, iki saat ”Yeni Müsavat”ın redaksiyasında nə işimiz var idi? Iki saat otur gəl, sonda da de ki, müzakirələr davam edəcək. Nəyi müzakirə edəcəyik? Qənimət Zahid, Şahvələd Çobanoğlu və mən hesab edirik ki, məhkəmə olsun və qərar çıxarılsın. Əgər başqa mövqe yoxdursa, o zaman biz nəyi müzakirə etməliyik? Deməli, fərqli mövqe var. Bizi özləri dəvət ediblər ki, gəlin danışaq. “Soğan olsun, nağd olsun” sözü onların mövqeyi ilə bağlı işlədilib. Mən bilirəm ki, onlar pulu götürməyin tərəfdarıdırlar. Hər şeyi diktafona yazırdılar. Qoyun diktafonu, camaat da qulaq assın ki, nə danışılıb. Uşağa da aydındır ki, müzakirələr davam edəcək ifadəsi nə deməkdir. Sadəcə olaraq onlar gözləmirdilər ki, məsələ bu formada – açıq deyiləcək. Pişim-pişimlə bizi öz tərəflərinə çəkmək istəyirdilər ki, pulu götürək. “Yeni Müsavat”ın müxbirlərini qabağa vermişdilər ki, onların pula ehtiyacı var, siz onlarla danışın, bəlkə inandıra bildiniz. Olmaz axı belə”.
M.Əliyev deyir ki, məlum iddia pula görə qaldırılmayıb: “Hökumət bizim aksiya keçirmək hüququmuzu əlimizdən alıb. Ona görə bu qərarın verilməsi bizim hüququmuzun Avropa Məhkəməsi tərəfindən tanınması deməkdir. Həm də bu gələcək üçün müsbət president olacaq və hüququ pozulan vətəndaşlar o qərara istinad edəcəklər”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də hesab edir ki, Avropa Məhkəməsi bu məsələ üzrə işini yekunlaşdırmalı və qərar çıxarmalıdır: “Birincisi, bu, maddi təzminat xatirinə baş vurulmuş proses deyil. Ikincisi və ən mühümü, Avropa Məhkəməsi Azərbaycanda sərbəst toplaşma azadlığının pozulduğu ilə bağlı qərar çıxarmalıdır. Son 6-7 ildə vətəndaşların sərbəst toplaşma azadlığı tamamilə ləğv edilib, Konstitusiya dövlət hakimiyyət orqanları tərəfindən davamlı olaraq pozulur, yüzlərlə, minlərlə insan bu özbaşınalıqdan əziyyət çəkir. Hətta bu günlərdə 2 aprel məhbuslarının mühakiməsi də həmin o yaramaz inzibati yanaşmanın nəticəsidir. Azərbaycan hakimiyyəti ölkə vətəndaşlarının bütün hüquqları üzərində beləcə özbaşına məhdudiyyətlər müəyyən edib. Bu və sadalamdığım bir çox səbəblərə görə sərbəst toplaşma azadlığı ilə bağlı bu məhkəmə çəkişməsinin sonuna qədər getmək daha insaflı yanaşmadır”.
Q.Zahidin sözlərinə görə, analoji inzibati qanunsuzluğun nəticəsidir ki, indi xeyli adamın üzərində qanunsuz mühakimə gedir: “Onlar bizim ideya və məslək dostlarımızdır. Biz onlara, eləcə də bundan sonra mühakimə olunacaq həmvətənlərimizə sayğı göstəricisi olaraq pulu qəbul etməməli və bu prosesin sonuna qədər getməliyik”.