General nazirin bostanına daş atdı

Əliağa Hüseynov yaxın adamının həbsinin Səfər Əbiyevlə aralarında olan konfliktlə bağlı olduğuna eyham vurdu

Respublika Hərbi Komissarlığının kadrlar idarəsinin rəisi Etibar Nuriyevin həbs olunduğu barədə məlumat vermişdik. Məlumatda qeyd etmişdik ki, Etibar Nuriyev sabiq baş hərbi komissar hazırda deputat olan Əliağa Hüseynova yaxın şəxs sayılır. Etibar Nuriyevin korrupsiya faktına görə həbs edildiyi bildirilir.
Əliağa Hüseynov isə yaxın adamının həbsinə münasibət bildirməkdən imtina edib. O, “Qafqazinfo”nun Etibar Nuriyevin həbsinin səbəbləri barədə sualına “bunu məndən yox, müdafiə nazirindən soruşun” deyə cavab verib. Etibar Nuriyevin həbsini Hərbi Prokurorluq həyata keçirib. Onun çalışdığı qurum isə baş qərargah rəisi Nəcməddin Sadıqova tabedir. Əliağa Hüseynov isə diqqəti məhz Səfər Əbiyevin üzərinə yönəldib ki, bu da təsadüfi deyil. O, baş hərbi komissar olan zaman müdafiə naziri ilə arasında konflikt var idi. Elə bu konfliktin nəticəsi olaraq vəzifəsini itirdi. Indi Əliağa Hüseynov Etibar Nuriyevin həbsinin də Səfər Əbiyevlə aralarında olan ziddiyyətlərlə əlaqəli olduğuna işarə vurur.

Informasiya şöbəsi