Etibar Elkin – bitməyən böyüklük yolu

(avqustun 3-ü Etibar Elkinin doğum günüdür)

 

Etibarla bağlı çoxdan, lap çoxdan yazı yazmaq istəyirdim. Əlim gəlmirdi. Niyəsini bilmirəm. Bəlkə də, bilirəm. Ancaq elə bildiklərin var, onları deməkdə, dilə, yazıya gətirməkdə çətinlik çəkirsən. Bu çətinliyin də öz niyəsi var. Niyələrə ayıtma olmayacaq, cavab verməyəcək yazıları yazmaqdan yazmamaq yey olmazmı? Çoxillik yaradıcılıq boyunca elə-belə yazı yazdığım yadıma gəlmir. Hansı qonuda olur olsun böyüklü-balacalı hər bir yazımda oxucuya başqalarının demədiyini, deyə bilmədiyini deməyə çalışmışam. Kimlərinsə bilərəkdən, kimlərinsə bilməyərəkdən, kimlərinsə bilgili olaraq, kimlərinsə bilgili olmadıqlarından oxucuya deyə bilmədiklərini mən demişəm.

Etibarla bağlı illərlə susmuşam. Yazmaq istəsəm də, bir neçə sətirlik belə, yazı yazmamışam: elə-belə yazı yazmaq mənlik deyil.Bu yazını Etibarın bacısı Fərqanə xanımın istəyi ilə yazası oldum.

Onun adını qəzetlərdən bilirdim. Bu günlərdə mənə zəng vurdu, görüşüb Etibarla bağlı yazı yazmaq üçün məni evlərinə çağırdı. Boyun qaçırdım: “Redaksiyada uşaqlara deyərəm, yazarlar”,- dedim. “Mən istəyirəm, siz yazasız”. Bunun üstündən nə demək olardı? Bu, qardaşından sonra… bütün varlığıyla qardaşı ilə yaşayan, bu dünyadakı varlığını o dünyadakı qardaşının “varlığına” calayan bir bacının istəyi idi. Bu yalqız bacı istəyinə boyun əyməmək, “yox” deyib durmaq ölkənin indiki bir çox satqın, dönük hüquq-dövlət adalarının getdiyi yolu getmək olardı. 1999-cu ilin qara-qanlı yanvarından bu yana Fərqanə xanımın hüquq-dövlət adamları adına döymədiyi qapı qalmayıb: savaşıb, dalaşıb, qışqırıb, ağlayıb… Təpədən dırnağadək rüşvətə, korrupsiyaya bürünmüş, belə bir bulaşıq içində – qanunların bütünlüklə tapdandığı, ayaqlar altına atıldığıl yerdə – bir çoxları kimi fərqanə xanımın da səsi boğulub, boğulub. Bundan sonra, uzun illərin süründürməçiliyi sürəcində onun göz yaşları içinə axıb, hönkürtüsünü, hıçqırıqlarını içində boğub. Beləcə gözləyə-gözləyə qalıb. Indi Azərbaycanda belə adamlar tək-tək deyil, minlər, milyonlarladır. Hamı əlləri göydə gözləyə-gözləyə qalıb…

Elə bu millətin illərlə genişlənən, dərinləşən faciəsi də bundadır – hamı əllərini göyə qaldırıb, gözlərini göyə dikir. Hamı, demək olar, hamı göylərdən qurtuluş gözləyir, qurtuluş diləyir. Bizdə hamı çətinə düşürkən, əli-ayağı hər yerdən üzülürkən ümidini yalnız Tanrıya bağlayır. Özləri də bu Tanrı sözünü yada salmaq belə istəmirlər: “Səndən hərəkət, məndən bərəkət”. Yox, mən bunu Fərqanə xanım üçün demirəm, hamı üçün deyirəm. Uzun illərdən bəri ölkəni bürüyən çoxsaylı repressiya-ölüm faktları ilə bağlı, ən azı, REPRESSIYA QURBANLARI QURUMU yaratmaq olardı. Bu qurumun Avropa ölkələrinədək filiallarını yaratmaq, kriminal-korrupsioner rejimin çöküşü yönündə çox böyük, çox önəmli işlər görmək olardı.

70-ci illər bir yana, görün son 18 ildə bu ölkədə necə cinayətlər baş verib. Çoxlu sayda adam öldürülüb, bir belə cinayətin birinin də üstü açılmayıb. Niyə? Necə olur hansısa iş adamını öldürən bir neçə günün içində Gürcüstandan tutulub gətirilir, dünyada tanınan jurnalist Elmar Hüseynovu öldürənlər “tapılmır”? Elmar Hüseynovu öldürənlərin Gürcüstanda arın-arxayın gəzdiyini öyrənib-yazan jurnalistlərə cavab olaraq bildirilir: “Biz onları Gürcüstan hökumətindən istəyirik, vermirlər”. Necə olur Gürcüstanın demokratik hökuməti diktatura rejiminə bağlı iş adamını öldürəni verir, demokratik jurnalisti öldürənləri vermir? Absurda baxın!

Tanışlıq

Etibarı Teleradio Verilişləri Komitəsində işlədiyim çağlardan tanıyırdım. 3500 nəfərlik böyük bir kollektivdə – respublikanın başlıca 
informasiya-intellektual özəyində – biz ideyaca bir-birimizə yaxın beş-on adam idik. Beş-on adam olaraq da bizi tez-tez bir yerə yığışıb danışan, qonuşan görmək olardı. Bu beş-on adamı o çağın düşüncə dissidentləri qrupu da saymaq olardı. Bunu Teleradio Verilişləri Komitəsindəki təmiz, rüşvətə bulaşmamış adamlar qrupu da adlandırmaq olardı. Bizlər bu qrupda yalnız intellektual baxışlarımızla seçilirdiksə, Etibar intellektual-ruhani baxışları ilə seçilirdi. Bizim bütün görüşlərimizdə, yığışmalarımızda, danışmalarımızda, qonuşmalarımızda başlıca qonu, sözsüz, ölkəmizin, millətimizin, dövlətimizin problemləri olurdu. Etibar ölkəsi, milləti, dövləti üçün yaşayan, yanan bir kimsə idi.

Xalq hərəkatının öncüllərindən biri olaraq sonradan məni Teleradio Verilişləri Komitəsindən uzaqlaşdırdılar – birbaşa Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun göstərişi ilə (Hərəkatdakı rolumdan başqa, Vəzirovla mənim aramda bir atışma da olmuşdu). Bundan sonra Etibarla mənim görüşlərim epizodik xarakter aldı, hərdənbir oldu. Onunla sonuncu görüşümüz. Yanılmıramsa, bu, Etibar öldürüləndən bir neçə ay qabaq idi. “Azadlıq” redaksiyasında görüşdük. Ucqar otaqların birində. Ikilikdə xeyli danışıb-qonuşduq. Ondan çoxdan görünmədiyini, haralarda olduğunu soruşdum (tez-tez Moskvaya getdiyini bilirdim). O mənə Karsnodardan, açıq desəm, Krasnodardan Qarabağadək gördüyü PARAPSIXOLOQ işlərindən danışdı… Etibar bəy PARAPSIXOLOQ – PASSIONAR – PATRIOT – INTELLEKTUAL özəllikləri ilə seçilən yurddaşımız idi. Bu özəlliklərlə o, Milli Demokratik hakimiyyətdə Ölkənin, Millətin, Dövlətin çox önəmli dayaqlarından birinə çevrilə bilərdi. Onun faciəsi bütünlüklə başqa bir hakimiyyət gerçəyi ilə üzləşməyində idi. Onu oğlanları ilə birlikdə öldürdülər. Akademik Ziya Bünyadovun, jurnalist Elmar Hüseynovun öldürülməyi nə deməkdirsə, parapsixoloq Etibar Elkinin öldürülməyi də o deməkdir.

Motiv birdir – siyasi!

Etibarla bağlı yazılardan birində deyilir: “Elmar Hüseynovun qətli ilə bağlı açıqlamalarda onu ”Qətlə yetirilmiş ilk jurnalist” adlandırırlar. Bəs 14 yanvar, 1999-cu ildə iki oğlu ilə birlikdə məhv edilən “Amin” qəzetinin baş redaktoru Etibar Elkin kim idi? Niyə bu reallığa göz yumulur? Niyə onu yalnız Ekstrasenslər Ittifaqının prezidenti və ya parapsixoloq kimi təqdim edirlər? Bunun səbəbi nədir? Bəlkə bəzi mətləblərdə olduğu kimi jurnalist adının beynəlxalq aləmdə ciddi qarşılanmasından ehtiyat edilir? Əminəm ki, bütün bu suallara yaxın bir ildə cavab tapılacaq” (2006-cı il). Göründüyü kimi, cavab tapılmayıb, tapılmayacaq – hələlik! Jurnalistliyə gəlincə, Etibar jurnalist olduğuna görə yox, lider parapsixoloq, lider ekstrasens olduğuna görə öldürüldü – iş bundadır!

Etibarın siyasətdən uzaq adam olduğunu yazmaq yanlışlıqdır. Etibar parapsixoloq-ekstrasens-passionar-intellektual kimsə olaraq siyasətə uğraşmış adam idi. Onun öldürülməyi də bununla bağlı idi. Deyilənə görə, Etibar kriminalist Rövşən Əliyevlə yaxın olub. R.Əliyev Etibarın öldürülməyi ilə bağlı cinayətin izinə düşdüyünü deyirmiş. Sonrası bəllidir…

Z.Bünyadov, E.Hüseynov faktında olduğu kimi, Etibarla da bağlı yaradılan “əməliyyat-istintaq” qrupu bir neçə yol dəyişdirilib. Bəlli olduğu kimi, Z.Bünyadovun öldürülməyi “Hizbullaha”, Etibarın öldürülməyi “Ceyşullaha” bağlanıb. Bunların hər ikisinin qurama iş olduğu məhkəmə materiallarından görünür.Qarabağ probleminin astroloji həlli yoluBu düyünü açmaq elə də çətin deyil.

Qədim Şərq müdrikləri buyurublar:”uğursuzluğun səbəbini özündə axtar, döyüşdə uduzmusansa, qalibə sənə verdiyi dərsə görə təşəkkür et!”. Bu sözlərdə böyük hikmət var. Çünki səhvini görməsən, qalib gələ bilməzsən. Bu gün millətimiz tarixin ən məsuliyyətli dövrünü yaşayır. Belə bir dövr müstəqillik yoluna qədəm qoyan bütün millətlərdə olub. O millətlər çətinliklərə üstün gələ bilib ki, vəziyyətin düzgün təhlilini aparıb, səhvlərini dərk və etiraf edərək şəxsi yox, ümumi mənafeyin diqtəsinə qulaq asa biliblər. Tam məsuliyyət, bütün qüvvvələrin səfərbər edilməsi, qarşılıqlı yardım, qanunların ümumi mənafeyə xidmət etməsi, cəmiyyətin bütün təbəqələrinin qəbul etdiyi milli inkişaf konsepsiyası olmadan bütövləşib müstəqil yola çıxmaq olmaz.Dolaşıq düyünə çevrilən Qarabağ problemi göstərdiyimiz faktorların yoxluğu, millətin mənəvi qanunlarının pozulması üzündən baş verib. Kimlərsə Qarabağda ermənilərin çoxluğu, regionda milli tarazlığın pozulması ilə bağlayır. Ancaq təkcə Bakıda yaşayan ermənilərin sayı bütün Qarabağ vilayətindəki ermənilərdən çox idi. Deməli, bu düyünün səbəbini başqa faktorlarda axtarmaq gərəkdir.

Astroloji baxımdan 1994-cü ilin sonunadək dünya Pluton və Uranın təsiri altında olacaq, yəni müharibə və ixtilaflar qızışacaq. Elə bölgələr var bu təsir özünü daha qabarıq göstərəcək. Qədimlərdə münəccimlər ölkənin taleyini, prosesləri təhlil etmək, araşdırmaq üçün onu bürclər dairəsinə yerləşdirirdilər. Azərbaycan xəritəsini də bürclər dairəsinə yerləşdirdikdə bir çox qaranlıqlar aydınlaşır. Əl-Fərabi demişkən, cəmiyyət insan orqanizmi kimidir, onun da başı, ayağı, daxili üzvləri, dişləri, əlləri, bir sözlə, taleyi var.

Qarabağ Əqrəb təsirinə düşür. Bu isə cinsi əlaqələr mərkəzi olmaq deməkdir. Yəni, insanın cinsi həyatını Əqrəb bürcü idarə edir. Bundan başqa, münəccimlər dağlıq yerlərin əhalisini xaraktercə Əqrəb bürcünə aid ediblər. Bu baxış min illərin sınağından çıxıb. Qarabağın dağlıq hissəsi həm ümumi Azərbaycan orqanizmində, həm də relyefinə görə, Əqrəb bürcünə düşür. Fikrimizi açıqlamaq üçün bu bürcün xarakterinə baxaq: ram olunmayan, ipə-sapa yatmayan, əzabverici ehtiras, yalnız hisslərin təsiri ilə hərəkət etmək, can atdığına o dəqiqə, nəyin bahasına olur-olsun  çatmaq, mənafeyinə toxunan varsa, silib atmaq, öz qəhrəmanlığına güvənib yersiz hisslərə qapılmaq, özünü ölümədək gətirib çıxarmaq, həyatını acılayan gərəksiz konfliktlərə baş qoşmaq, iki yol ayrıcında qalıb axtardığını tapa bilməmək. Ehtiraslı həyata, qəhrəmancasına ölümə, mələklərlə döyüşə girib dağıdıcı işə can atan, yaddaşlarda dərin iz buraxmağa çalışan Əqrəbə məzar soyuqluğu da dirçəliş, ehtiraslarının ödülü kimi görünür. Bu gün erməni quldurlarının törətdiyi cinayətlər münəccimlərin min illər boyu dediyi bu müdrik fikirləri təsdiqləyir. Əqrəb özünü ölümə sürükləyəcək, özünü sancıb öldürəcək, ancaq ehtiraslarından özxoşuna dönməyəcək. Deməli, məsələnin təkcə siyasi yolla həllinə çalışmaq mənasız işdir. Ulduzlar belə buyurur. Göylərin bu hökmünü mətbuat səhifələrində, rəsmi dairələrdə dönə-dönə təkrar etsək də, eşidilməmişik.

Bürclərdən görmək olar: Əqrəbdən öncə Tərəzi, sonra Oxatan bürcü dayanır. Bu nə deməkdir? Tərəzi ədalət məhkəməsinə, dövlət qanunçuluğuna işarədir. Oxatan ədalət uğrunda Yupiterin hərbi yürüşə hazır olduğunu bildirir. Demək, Əqrəbi ram etmək üçün güclü Qanun, güclü hərbi maşın gərəkdir. Bu, Əqrəbin özünə də xeyirdir. Çünki onların təsiri olmasa, Əqrəb özünü ölümə aparacaq. Bu gün Qarabağda Əqrəb bürcünün təsiri altında fəlakətlər törənirsə, bu, Tərəzi və Oxatan bürcünün gücsüzlüyündən, demək, qanunçuluğun, hərbi gücün yetərsizliyindən irəli gəlir. 1988-ci ildə bu hadisələr başlayanda Azərbaycanın nə hərbi potensialı, nə də güclü qanunçuluğu vardı. Bu gün o baxımdan gərəkən işlər görülür. Təbii ki, Tərəzi və Oxatanın güclənməsi müsbət təsirini göstərəcək. Xəritədə Oxatan bürcü Naxçıvana, Tərəzi bürcü Qazax-Gəncəbasar bölgəsinə düşür. Bəlli konfliktin çözümündə bu iki bölgə çox böyük rol oynamalıdır…

Bu, məsələnin siyasi tərəfi. Bəs problemin mənəvi yönü bizə nəyi diqtə edir? Münaqişə – cəmiyyətin xəstəliyi deməkdir. Xəstəlik isə hər hansı bir orqanda hakim qanunun pozulmasından baş verir. Dedik, bədəndə Əqrəb cinsiyyətin mərkəzi sayılır. Bu ilişkilərdəki mənəvi qanunların pozulması, mütləq Göylərin cəzalandırması ilə sonuclanır.

Atalar deyib: “Savaşanda barışmağa üz saxla”. Qarabağda, başlıcası, Xocalıda savaş qanunları pozuldu, Ilahidən Musa Peyğəmbərə gələn vəhyə xəyanət edildi. Vəhydə buyrulurdu: “Savaşa girişəndə silahını, hücumun vaxtını bildir. Yatmışa, xəstəyə, qocaya, silahsıza toxunma!”.“Bilinməyən silahlarla sənə hücum edənə qarşı hər cür silah işlətməyə haqqın çatır!” – bu da Həzrət Musanın dediyidir. Ancaq Əqrəb ehtirası heç nəyə baxmır. Ilahi qanunları pozanların cəzasını isə Yaradan verir.

Etibar Elkiná, 24 aprel 1992-ci il.