«Naxçıvan rəhbərliyi Bağırsoy qardaşlarına qarşı qeyri-insani münasibətini davam etdirərək, onların müalicə almasına şərait yaratmır»
«Qardaşların başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyəti Ilham Əliyev başda olmaqla, siyasi rejim daşıyacaq»
Dünən Müsavat Partiyasının qərargahında Ictima Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Iclasda ölkədə və regiondakı siyasi proseslər dəyərləndirilib, Ictimai Palatanın genişləndirilməsi, fəaliyyətinin gücləndirilməsi məsələlərinə toxunulub.
Toplantıda, həmçinin Ictimai Palatanın 2 aprel mitinqində həbs edilən müxalifət fəallarının, eləcə də Ictimai Palatanın üzvü, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin hazırda davam edən məhkəmələrində yol verilən qanun pozuntularına diqqət yetirilib, hakimiyyətin növbəti məhkəmə şousu yaratdığı vurğulanıb.
AXCP sədri Əli Kərimli toplantı iştirakçılarına Naxçıvanda döyülən partiya fəalları – AXCP Naxçıvan MR şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoyun vəziyyəti barədə məlumat verib. Bildirib ki, qardaşların, xüsusən Zeynal Bağırsoyun vəziyyəti kritikdir. Onların həyatına ciddi təhlükə var. Ancaq onları Naxçıvandan kənara buraxmırlar. Iranda, Türkiyədə və ya Bakıda müalicə almalarına imkan verilmir.
Daha sonra Ictimai Palata Bağırsoy qardaşlarının həyatına yaranmış təhlükə ilə əlaqədar bəyanat yayıb. Bəyanatda bildirilir ki, Yaşar və Zeynal Bağırsoy qardaşları iyulun 27-də yaşadıqları Nehrəm kəndində su problemilə əlaqədar keçirilən etiraz aksiyasında mülki geyimli hökumət adamları tərəfindən döyülüb, sonradan bununla bağlı şikayətlərini araşdırmaq adı ilə Babək Rayon Polis Idarəsinə çağırılaraq həbs ediliblər. Bağırsoy qardaşları iyulun 29-na qədər Polis Idarəsində saxlanıblar.
Sərbəst buraxıldıqdan sonra bəlli olub ki, Polis Idarəsində Bağırsoy qardaşlarının səhhətinə ciddi xətər yetirilib. Idarədə aldıqları işgəncələr nəticəsində Yaşar Bağırsoyun mədəsindən qan açılıb, hazırda onun ağzından qan gəlir. Zeynal Bağırsoy isə qulaq nahiyəsindən ciddi xəsarət alıb, onun qulağından qan gəlir və eşitmə qabiliyyəti demək olar ki, itib.
“Bağırsoy qardaşlarının səhhətində yaranmış kritik durum onların təcili müalicə almasını zəruri edir. Lakin Naxçıvan rəhbərliyi qardaşlara qarşı qeyri-insani münasibətini davam etdirərək onların müalicə almasına şərait yaratmır. Bağırsoy qardaşlarının Iran, Türkiyə və ya Bakıda müalicə alması üçün Naxçıvandan çıxarılmasına imkan verilmir”, – deyə bəyanatda qeyd olunur.
Ictimai Palata Bağırsoy qardaşlarına qarşı baş verənlərin Naxçıvanda müxalif fikirli insanların həyatına törədilən qəsd baxımından birinci hadisə olmadığını yada salır. Sənəddə ötən il Bənənyar kəndində sakinlərə qarşı törədilən repressiya zamanı kənd ağsaqqalı, AXCP Culfa rayon şöbəsinin sədri Rza Nuriyevin həbs edilərək polisdə işgəncəyə məruz qalması, bunun da nəticəsində sərbəst buraxıldıqdan bir neçə gün sonra dünyasını dəyişməsi acı təcrübə kimi xatırladılır. Eyni zamanda, 2010-cu il parlament seçkilərində Naxçıvanda AXCP-Müsavat blokunun namizədi olmuş Səxavət Əlisoyun qardaşı Çapay Əlisoyun polis zorakılığı nəticəsində xəsarət alması və sonra da müalicə üçün Naxçıvandan çıxmaq istəyərkən buna imkan verilməməsi yada salınır.
Ictimai Palata bəyan edir ki, bütün bunlar Naxçıvandakı rejimin siyasi terror metoduna baş vurduğuna dəlalət edir və Bağırsoy qardaşlarının həyatlarına qəsd hazırlandığından narahat olmağa əsas verir.
Ictimai Palata Naxçıvan MR rəhbərliyindən və bütövlükdə Azərbaycan hakimiyyətindən tələb edir ki, Bağırsoy qardaşlarının həyatına yaranmış real təhlükənin qarşısını almaq üçün onların Bakı, Türkiyə və ya Irana müalicəyə aparılmalarına dərhal şərait yaradılsın.
“Əks halda Bağırsoy qardaşlarının başına gələ biləcək hər hansı xoşagəlməz hadisəyə görə məsuliyyəti bilavasitə ölkə prezidenti Ilham Əliyev başda olmaqla, siyasi rejim daşıyacaq”, – deyə bəyanatda bildirilir.