Yazıçı Mətbuat Şurasının sədrini ədalətli olmağa çağırdı
Yazıçı Şamo Arif “Azadlıq”ın redaksiyasına növbəti yazısını göndərib. Bu dəfəki yazı Mətbuat Şurasının sədri Əflatun Amaşova ünvanlanıb. Ənənəmizə sadiq qalaraq yazını olduğu kimi dərc edirik:
Anarın xahişini məmnunluqla qəzetlərə çatdıran möhtərəm Əflatun Amaşovun yazısını oxudum. Anar yenə də gizlənmək, kimlərinsə arxasında qalmaq taktikasından əl çəkmir. Mətbuat Şurasının sədri Amaşovdan xahiş edir ki, respublikada sabitlik, sakitlik yarandığı bir dövrdə Anarın özünün başladığı və başlatdığı oyunlarına son qoymaqdan ötrü “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə müraciət etsin. Müraciət etsin ki, keçmişlərə, keçmiş illərdən cərəyan edən mürəkkəb, məkirli tarixə toxunmasınlar. Hər hadisə də qaranlıqlar içində qalsın. Bütün məsuliyyətimlə bildirirəm, keçmişi qaranlıq olan millətin gələcəyi yoxdur. Keçmişi qaranlıqda saxlamaq bağışlanılmaz cinayətdir. Belə olmasaydı, Azərbaycan tarixi yenidən yazılmazdı.
Möhtərəm Mətbuat Şurasının sədri, məgər Anar özü rəsmi olaraq “Azadlıq”, “Yeni Müsavat”, o cümlədən “Bizim yol”, “Gündəlik Bakı” qəzetlərinə müraciət edib öz xahişini edə bilməzdimi? Məgər sizdən xahiş ediləndə, möhtərəm Amaşov, məsləhət verə bilməzdinizmi, cənab Anar, mən sizin nə vəkiliniz, nə də mətbuat katibiyəm. Məgər indinin özündə də təkcə Şamo Arifi deyil, Azərbaycan ədəbiyyatını, Azərbaycan ziyalılarını hörmətdən salan, respublikanı qatıb-qarışdıran, millətləri qarşı-qarşıya qoymaqla nələrin baş verəcəyini düşünmək çətindirmi? Yenə də xatırladıram, cənab Mətbuat Şurasının sədri, bu savaş Anar savaşı deyil. Bu savaş millət naminə, bu gün içərimizdə başlayan savaş da deyil. Millətin öz içindən təmizlənməsi, paklanması naminə başlanan savaşdır. Niyyətimiz xoşməramlı, gecikmiş olsa da, hörmətli Amaşov, hələ də gec deyil.
Şamo Arifin inkaredilməz faktlar, sənədlərə istinad edilən məqalələrini diqqətlə oxuyub nələri düz yazmadığını da sənəd-faktlarla heç nədən, heç kimdən çəkinmədən (vəzifəm, arxam, adamım da yoxdur ki, məndən qorxasınız) birbaşa üzümə söyləsəydiniz, daha məqbul olmazdımı?
Yaxşı olmazdımı Anarın katiblərinin, Yazıçılar Birliyinin üzvlərinin ağızlarına qədər dolu olan söyüşlərinin üstünü vurmadan, yalnız və yalnız Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Hüseynbala Mirələmovun “Şərəfsizlik” məqaləsini diqqətlə nəzərdən keçirərdiniz. Bu insanın da küçə söyüşlərinin üstünü vurmadan yalnız və yalnız, yenə də yalnız akademik Ziya Bunyadovun “Qırmızı terror” və Səməd Vurğunun böyük qardaşı, el ağsaqqalı, professor Mehdixan Vəkilovun “Xatirələr” kitabını necə təhrif etdiklərini, saxtalaşdırdıqlarını, yalanlar, böhtanlar dolu məqaləsini (“525-i qəzet”, 2 iyul, 2011-ci il) oxuyub, hər bir faktı, sənədi dəqiqləşdirdikdən sonra bu şərəfli Mətbuat Şurasının rəhbəri kimi də sözünüzü deyərdiniz. Inandırıram sizi, dünya dağılmazdı.
Öz vəzifə borcunuzu yerinə yetirib, Yeni Azərbaycan Partiyasının sədri, ölkə prezidenti cənab Ilham Əliyevə müraciət edib, saxtakarlıqlara yol verən Yeni Azərbaycan Partiyasının üzvünə olan münasibətini bilmək daha yaxşı olmazdımı?.
Yaxşı olmazdımı Azərbaycan Milli Məclisinə də müraciət etməklə soruşardınız ki, onlar “üzü ağ” millət vəkilinin “Şərəfsizlik” məqaləsinin yalanlarına, təhriflərə yol verməsinə necə “haqq” qazandırırlar?.
Cənab Amaşov, bütün bunlar da tarixdir. Qaranlıqlarda yatıb qalmayan tarix. Əgər siz həqiqət yolundasınızsa, bu xoşagəlməz oyunlara son qoymaq niyyətiniz varsa, ziyalılarımızın, millət vəkillərinin, Yeni Azərbaycan Partiyasının mötəbər üzvlərinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının iştirakı ilə mətbuat konfransını təşkil etməyə səlahiyyətiniz çatırsa, mən hər zaman Azərbaycan xalqının açıq məhkəməsinə hazıram. Bu gün sağ ikən də hazıram, məzarda uyuyanda da bu xalq məhkəməsindən mənən qaçmıram. Mənim vüqarıma əl qaldıran, ağ saçlarımı ləkələmək iqtidarında olan hər kəsi mən ədalət divanına tapşırıram. Gəlin, şərəfliləri şərəfli, şərəfsizləri də şərəfsiz göstərək. Bu sözlər Süleyman Rəhimova məxsusdur. Bütün bunların altından mən də imzamı qoydum. Mən hər zaman Azərbaycan xalqının açıq məhkəməsinə hazıram. Mən heç bir vaxt Anar kimi gizlənməyi özümə rəva bilməmişəm.
HƏMÇİNİN OXU
Molla Nəsrəddinin yorğanı və Şamo Arifin böhtanı
Anar ittihamlara cavab verdi və…
AYB Mehriban Vəzirə cavab göndərdi
“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”
Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu
Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi
Xaliq Bahadır: “Anardan… anasınadək”
Şamo Arif Xaliq Bahadıra cavab verdi
Anar Şamo Arifin debat çağırışını rədd etdi
“Anar ermənilər qarşısında susub…”
Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı