ABŞ niyə Azərbaycana silah satmır?

İlham Əliyev silah qadağasından gileylənib

ABŞ heç vaxt Azərbaycana silah ixracçısı olmayıb, Xəzərdə ölkənin müdafiə potensialının, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş hərbi təlimlərin keçirilməsinə və Iraq və Əfqanıstanda Azərbaycan kontingentlərinin hazırlanmasına və yerləşdirilməsinə yardım edib.
Eyni zamanda Azərbaycana silah satışı artıq uzun zamandır ki, ikitərəfli münasibətlərdə keçilməz hədd olaraq qalır. Bakı Vaşinqtonun müdafiə silahları, ilk növbədə tank əleyhinə və hava hücumundan müdafiə vasitələri satmasına nail olmaq istiqamətində lobbiçiliyi davam etdirir, bu barədə “Turan”a Vaşinqtondakı məlumatlı mənbə bildirib.
“Bir neçə il əvvəl bu məsələ demək olar ki, Amerika-Azərbaycan münasibətlərini müəyyən edirdi, sonradan Bakı Amerika silahlarını almasının mümkün olmadığını anladı. Bununla belə, indi Bakı nümayəndələri yardıma ehtiyacları olmadığını və bu silahları almağa hazır olduqlarını deyirlər”, – deyə bu istiqamətdə işləyən keçmiş Amerika lobbiçilərindən biri qeyd edib.
Vaşinqtonda xarici siyasət şurasının baş əməkdaşı Ueyn Meri ABŞ-ın son üç administrasiyasının buna riayət etməsinin səbəbini Qafqazda münaqişə bölgələrinə ölümcül silahlar ixrac etməmək qərarı ilə əlaqələndirir.
“Bu səbəbdən ABŞ nə Azərbaycana, nə də Ermənistana silah satır və hər iki ölkə ilə hərbi sahədə əməkdaşlıq NATO-nun ”Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində digər sahələri əhatə edir”, – deyə Meri “Turan”a bildirib. “Xarici ölkələrə hərbi ixraclar ABŞ qanunları ilə tənzimlənir və Dövlət Departamenti və Pentaqon tərəfindən təqdir edilməli, ABŞ-ın siyasətinə və maraqlarına cavab verməlidir”.
Azərbaycan və Ermənistan məsələsində hökumətin siyasəti silah ixracı ilə münaqişədə iştirak etməməkdən, diplomatik yardım göstərməkdən ibarətdir, deyə Meri qeyd edib.
Digər hərbi ekspert, ABŞ Milli Hərbi Kollecinin əməkdaşı olan Con Çiki isə vəziyyətə daha müfəssəl aydınlıq gətirib.
O, deyib ki, Prezident Ilham Əliyev son bəyanatlarından birində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığının “formal” xarakter daşımasından gileylənib. Əliyev deyib ki, təyyarə, helikopter, HHM sistemlərinin ixracından söz düşəndə onlar Azərbaycan üçün əlçatmaz olur.
Con Çiki bildirib ki, böyük ehtimalla Azərbaycanın silah əldə edə bilməməsinin bir səbəbi var. Bu, Konqresin Azadlığa Dəstək Aktına 907 saylı düzəlişidir. 1992-ci ilin sonlarında qəbul edilən bu düzəliş Azərbaycana silah satışını qadağan edib. Bu məhdudiyyəti yalnız Konqres özü qaldıra bilər.