Razi Nurullayev: «Baş nazir çoxdan planlaşdırdığı arzularını həyata keçirmək üçün yeni siyasi məqamın yetişdiyini düşünür»
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl xalqa müraciət edib və yeni konstitusiyanın qəbul edilməsinin vacibliyindən danışıb. Baş nazir Türkiyənin, demokratiyanın şübhə altına alındığı bir zamanda çətin şərtlər altında hazırlanan konstitusiya ilə yola davam edə bilməyəcəyini deyib. Onun sözlərinə görə, yeni konstitusiya keçmiş dövrlərin demokratiya sahəsində qüsurlarından təmizlənmiş, təcridedici deyil, cəlbedici, yadlaşdıran deyil, yaxınlaşdıran, ayrı-seçkilik salan deyil, bütövləşdirən, təzyiq edən deyil, azadlıq verən bir konstitusiya olacaq.
Ancaq Ərdoğanın yeni konstitusiya qəbulu ilə bağlı təklifləri birmənalı qarşılanmır. Baş nazirin görmək istədiyi konstitusiya qəbul edilsə, bu, Türkiyəyə nələri verəcək?
Politoloq Razi Nurullayev Ərdoğanın artıq bütövlükdə Türkiyəyə nəzarət etdiyini deyir. Baş nazir 2002-ci ildə hakimiyyətə gələndən bəri Türkiyədə görünməmiş islahatlar həyata keçirdi və ən əsası, ordunun siyasətə qarışmasının qarşısını aldı.
Ekspertin sözlərinə görə, hərbçilərin istefasından sonra Türkiyənin hərbi və siyasi gündəmində boşluq yarandı. Bu boşluğu doldurmaq, başqa tərəfdən, cəmiyyətin diqqətini digər məsələlərə yönəltmək lazımdır. Çünki bu gündəm intensivləşsə, Ərdoğan hakimiyyətinə müəyyən təhlükələr yarada bilər.
R.Nurullayevin sözlərinə görə, eyni zamanda Ərdoğan ordunu tam nəzarətə götürdüyündən, Türkiyədə stabilliyin olmasına tam əmindir. Ona görə də bu gün çoxdan planlaşdırdığı arzularını həyata keçirmək üçün yeni bir siyasi məqamın yetişdiyini düşünür. Bunun üçün yaranmış siyasi situasiyadan istifadə edərək konstitusiyaya müəyyən dəyişikliklər etmək istəyir: “Hazırkı konstitusiyada Türkiyənin dünyəviliyi, insan haqları ilə bağlı müəyyən maddələr var ki, Avropa Birliyi də həmin maddələrin ordan çıxarılmasını istəyir. Eyni zamanda Ərdoğan iqtidarı dövlətin siyasi quruluşuna müəyyən dəyişikliklər etmək istəyir. Indi bu məsələləri birdəfəlik həll etmək niyyətindədir”.
Fizzə