kiv-df

Italyan rəssamına “Müjdə” verən Qazax xalçası

Az rənglərlə yaradılan ahəngdar kolorit

Azərbaycanın ən qədim və ənənəvi sənət növlərindən biri olan xalçaçılıq dünya incəsənət xəzinəsinə misilsiz nümunələr bəxş etmişdir. Arxeoloji materiallara və yazılı mənbələrə əsasən burada xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində) məşğul olmuşlar. Minilliklər ərzində Azərbaycanda, müxtəlif bölgələrdə toxunulan xalçaların xüsusiyyətlərini əks etdirən, bir neçə xalçaçılıq mərkəzi və məktəbləri formalaşmışdır.Azərbaycan xalçaları həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə müxtəlif qruplara bölünür. Xalçaların adları istehsal olunduqları yerlərin adı ilə bağlıdır. Azərbaycan xalçaçılıq sənəti şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür: Quba, Bakı, Gəncə, Qarabağ, Təbriz, Şirvan və Qazax xalçaçılıq məktəbləri.

Əsrlər boyu Azərbaycanın xalçaçılıq mərkəzlərindən biri kimi fəaliyyət göstərən bölgələrimiz sırasında Qazaxın da özünəməxsus yeri olub. Zaman-zaman müxtəlif naxış elementləri və təsvirlərlə bəzədilən xovlu və xovsuz xalçalar Qazax məişətində geniş istifadə edilib. Hələ keçən əsrin əvvəlində burada yaşayan hər Azərbaycan ailəsi ildə 4-5 xalça toxuyardı. Cavan gəlinlərin özlərinə cehizlik xalçalar toxuması isə buranın qədim el adəti idi.Orta əsrlərdə Qazax xalçaları Gəncə, Bərdə, Bakı, Tiflis bazarlarında geniş yayılmışdı. Bu məktəblərin xalçalarında az rənglərlə ahəngdar kolorit yaradılırdı.

Qazax xalçaları Qafqaz xalçaları arasında ən qiymətli sayılır. XVI-XIX əsrlərdə Qazax xanlığında və Yelizavetpol quberniyasında istehsal olunan çoxsaylı əsrarəngiz xalçalar bütün dünyada Qazax xalçası adı ilə tanınmışdır.

Orijinal çeşnisinə görə Qazax xalçaları xarici alıcıları da cəlb edirdi ki, hazırda dünyanın bir çox tanınmış muzeylərində bu xalçalar öz layiqli yerini tutub. Məsələn, XIV əsr Qazax xalçası Berlinin incəsənət muzeyində, XVIII əsr xalçaları Nyu-Yorkun Metropoliten muzeyində, Ermitajda, Londonun Viktoriya və Albert muzeyində, Budapeştin Incəsənət muzeyində və başqalarında nümayiş olunurlar. Qazax xalçalarının naxışları hələ orta əsrlərdə Avropa rəssamlarının marağını cəlb etmişdir. Londonun Milli Qalereyasında saxlanılan italyan rəssamı Karlo Krivelonun “Müjdə” (1486), alman rəssamı Hans Holbeynin “Elçilər” (1533) əsərlərində bu xalçaların təsviri verilmişdir.

Qazax xalçaçılıq məktəbinə Qazax, Gürcüstan ərazisindəki azərbaycanlılar yaşayan Borçalı və 1988-ci ilə qədər azərbaycanlıların tarixi yaşayış məskəni olan Ermənistan ərazisindəki Göyçə xalçaçılıq mərkəzləri aiddir.

Qazax xalça məntəqəsinə isə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları daxildir.Göyçə xalçaçılıq mərkəzini Bəmbak, Ləmbalı, Icevan, Qaraqoyunlu və Göyçə gölü ətrafındakı ərazi əhatə edir. Borçalı xalça mərkəzini – Borçalı, Qarayazı, Qaraçöp, Qaçağan xalça məntəqələri əhatə edir.

Qazax qrupuna daxil olan xalçalar

Qazax qrupuna, “Şıxlı xalçası”, “Borçalı xalçası”, “Qaymaqlı xalçası”, “Qaraqoyunlu xalçası”, “Qarayazı xalçası”, “Qaraçöp xalçası”, “Qaçağan xalçası”, “Dağkəsəmən xalçası”, “Dəmirçilər xalçası”, “Kəmərli xalçası”, “Göyçəli xalçası”, “Salahlı xalçası” və s. çeşnili xalçalar daxildir.Şıxlı kəndi Qazaxın yaxınlığında yerləşir. Onun təməlini hələ qədim zamanlarda Qazaxdan bu kəndə köçmüş Şıxlı ailəsi qoyub.“Şıxlı xalçası”nın üç əsas variantı mövcuddur ki, onların hər biri öz maraqlı xüsusiyyətləri ilə fərqlənir. Kompozisiyaların birində ulduzlar birləşərək kvadratlardan şəbəkə əmələ gətirir. Bu birləşmələri toxucular “mafraş” adlandırırlar. Kvadratlardan ibarət olan şəbəkənin mərkəzində səkkizguşəli medalyon yerləşir. Qocaman ustadlar hesab edirlər ki, bu, “yurd”dur – ev, ailədir.

Başqa bir kompozisiyanı xalça ustaları “Bağça”, həmçinin uzadılmış gəbə adlandırırlar. “Şıxlı” xalçalarının bir növünü də yerli xalça toxuyanlar “Ağaclı” (və ya “Çinar” adlandırırlar. Bu xalçalarda orta sahənin kompozisiyası, bağın mənzərəsini təsvir edir. Orta sahədə yerləşdirilən uzunsov formalı böyük element sərvi xatırladır. Qeyd etmək lazımdar ki, Yaxın Şərqdə, həmçinin Azərbaycanda hələ qədim zamanlardan sərv müqəddəs ağac sayılır. Xalçanın dörd küncündə uzunsov formalı böyük elementlər yerləşir. Bu, “doqqaz” yəni, bağça qapısının təsviridir. Doqqazsız “Şıxlı” xalçalarına da rast gəlmək olar. 

Dədə-bablarımızın xatirələrinə istinad edərək, bu xalçanın orta sahəsinin kompozisiyası cənnəti, doqqaz isə cənnət qapılarını təsvir edir. Bu xalçanın orijinallığı onun qeyri-adi kompozisiyası ilə əlaqədardır. “Şıxlı” xalçaları Azərbaycan xalq yaradıcılığının klassik nümunələrindən sayılır.
Borçalı xalçasının adı Gürcüstan ərazisində yerləşən rayon mərkəzi Borçalının adı ilə bağlıdır. Bu rayonun böyük kəndləri – Qurdlar, Axurlu, Kaçaqan, Sadaxlı, Daştəpə,

Ləmbəli məhşur xalça toxuma məntəqələri kimi tanınır. “Borçalı” adı ilə tanınan xalçalari incəsənət quruluşundan asılı olaraq, bir neçə variantda toxunur. Bu xalçalar xalq arasında “Çobankərə”, “Fəxrəli”, “Qurbağaoğlu” və ya “Qurbağalı” adları ilə tanınır. Xalçaçılar arasında bu növə aid “Zinətnişan” və ya “Zeyvanişan” adıyla məşhur olan xalçalar da var. Onlar əsasən Qızılca kəndində istehsal olunur.

Hər xalçanın öz fəlsəfəsi var

Qaraçöp xalçasının adı isə bir neçə kəndin – Muğanlı, Ləmbəli, Tüllər kəndinin adı ilə bağlıdır. “Qaraçöp” xalçaları adətən, çox da böyük ölçüdə olmur. Bu xalçaların ornamenti həndəsidir və şəklin kompozisiyası öz mürəkkəbliyi ilə seçilmir. Bu xalçalarda əsasən sxemləşdirilmiş həndəsi, bitki və hevan təsviri motivlərinə böyük yer verilir.

Salahlı xalçaları öz adını Kür çayının yaxınlığında yerləşən Qazaxın şimalına doğru yerləşən Daş Salahlı, Orta Salahlı və Yuxarı Salahlı kəndindən götürmüşdür. Bu kəndlər hələ qədim zamanlardan xovsuz xalça, zili və kilimlər, həmçinin popon, mafraş və əla növ yun corabları istehsal edən mərkəz kimi tanınmışdır.

Qazax qrupunun Qazax tipinə daxil olan Göyçə xalçaları Qazaxın cənub-şərqində yerləşən “Göyçəli” kəndinin adı ilə bağlıdır. Onlar həm də Tatlı, Qarapapaq, Ağköynək, Poylu, Çaylı xalçaçılıq məntəqələrində istehsal olunur, amma hər yerdə onu “Göyçəli” adlandırırlar. Xalçanın orta sahəsinin mərkəzində uzunsov formalı medalyon olur. Belə kompozisiyalı xalçalar Qazax məktəbi üçün xarakterikdir və bir neçə medalyondan ibarətdir. Yerli xalçaçılar ardıcıl yerləşən bu medalyonları “quyrumlu medalyon” adlandırırlar. “Göyçəli” xalçasının orta sahə kompozisiyası xalça üçün nəzərdə tutalan cəftə ilə haşiyələnmiş bir sıra böyük elementlərdən ibarətdir.

Kəmərli xalçasının adı Qazaxdan şimal qərbdə yerləşən Kəmərli kəndinin adı ilə bağlıdır. Kənd Qazax rayonunun Qaymaqlı, Şıxlı, Salahlı kimi tanınmış xalçaçılıq məntəqələrinin arasında yerləşir. Kəmərli, hər şeydən əvvəl, xovsuz xalçaların (“zili”) və məişət əşyalarının (çul, xurcun və s.) istehsal mərkəzidir. “Kəmərli” xalçası təkcə Kəmərli kəndində deyil, Ermənistanın və Gürcüstanın bu kəndə yaxın olan eyni adlı xalçaçılq məntəqələrində də istehsal olunur. “Kəmərli” xalçasının bədii və texniki xüsusiyyətləri “Qaçağan” xalçasında olduğu kimidir. Yeganə fərq ondan ibarətdir ki, buradakı mərkəzi medalyonlar ara sahədə daha sərbəst yerləşmişdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir