Gerçək Buddanın sözü

Mən gəncliyimdə çox axtarışlarda olmuşam. Bəzi dostlarım bilir, arada fəlsəfəyə də bərk yuvarlanmışdım. Illərlə oxudum, axtardım. Suallarım çox idi. Amma nəhayət, qərara gəldim ki, suallarım bitməsin. Davam etsin həyatım boyu. Əgər bütün suallarıma cavab almaq qərarında olsaydım, mən bitmişdim. Insan özünü bütün suallara cavab tapmış sayanda onun həyatı həqiqətən də bitir və o, fəlsəfə quyusundan çıxmır. O quyuya girənlərdə çox vaxt belə hallar olur. Böyük-böyük  filosoflar olub ki,  bu quyudan çıxa bilib. Elə böyük filosoflar da olub ki, həmin quyuda batıb.  Eyni zamanda mənim kimi sadə fəlsəfə həvəskarları olub ki, quyudan çıxa bilməyib. Böyük filosofun fəlsəfə quyusunda boğulması faciə deyil, bu ahıl yaşında ölüm kimi bir şeydir, əziyyətli ölüm olsa da. Amma sadə həvəskarın burada boğulması əsl dərddir. Elə bil ki, lazım olmayan yerə soxulub, cavan yaşında başını ağır dərdə salıbsan. Məhz başını!Mən isə nə filosof oldum, nə də fəlsəfə quyusunda boğuldum. Mənə bir az riyaziyyat kömək etdi, amma məhz ədəbi mütaliə, məhz ədəbiyyat məni bu dərin quyudan çıxara bildi. Bir şeyi dəqiq anladım ki, hamı bir az filosofdur, amma kim çox filosofdursa, onlara biz filosof deyirik. Hamı zümzümə edir, amma hamıya müğənni demirik ki?! Məsələn, mən mahnı oxuyanda uşaqlarım qorxudan ağlayır. Fəqət bəziləri  elə oxuyur ki, çox sayda insan bundan böyük duyğular yaşayır,  hətta bəziləri bu səsin məlahətindən ağlayır. Kimin yadına nə düşməyindən asılı olmayaraq. Hətta gözəl bir ifa, yəni, mahnı başqasına olan köhnə, lap köhnə borcunuzu da yadınıza sala bilər və bərk dilxor olarsınız. Həmişə həsrətlə bitən ilk sevgi yada düşmür ki?!

 

Bəzi adamlar deyir ki, fəlsəfə mənasız səfsəfədir və nəinki onu anlamaq çətindir, üstəlik onun heç kimə faydası yoxdur. Bu adamları əvvəllər axmaq sayırdım. Amma sonra fikrimi dəyişdim. Çünki adamlara bu cür yanaşanda elə dərinə gedirsən ki, ümumiyyətlə, o adamları adam saymamağa qərar verirsən. Bu isə düz deyil. Qoy bu adamlar belə yaşasınlar. Onsuz da onlar da bir az filosofdur. Bir də baxırsan, o cür adamlardan biri söhbətin çox ciddi yerində deyir ki, həyatın heç mənası qalmayıb. Həyatın əvvəlki mənasını bilirmiş kimi deyir bunu. Əsl filosof söhbətidir.

Fəlsəfə elmin cavab vermədiyi suallara cavab verməkdir. Amma dindən olan cavab da deyil. Çünki bilmədiyin hər şeyə də “allahın işidir” deyə bilmirsən. Nəyi ki xətkeşlə, barometrlə və yaxud min cür təcrübi üsulla ölçə bilmirsən, təsdiq edə bilmirsən, onda məcbursan fəlsəfi cavab verəsən. Bir də fəlsəfə o vaxt yaranır ki, adamlar bilmədiyi şey haqqında danışır. Yaxud özünü ağıllı göstərmək istəyəndə, ya da baş verənlərin əsl səbəblərini qoyub böyük, lap böyük səbəblər axtaranda. Bu hallar bizim ölkəni başına götürüb. Bunun adına biz  “Buddalıq etmək” deyirik. Qoy belə ironik damğaya görə Buddanın ruhu bizdən inciməsin.

Amma bütün bunlar fəlsəfəni inkar etmir və inanıram ki, fəlsəfə ən çətin anlarda insanın köməyinə çatmalıdır. Nəhayət, bir gün fəlsəfə mənim  də köməyimə çatdı. Oturub bir qrup müasir Budda ilə söhbət edirdik. Sonra mübahisə başladı. Onların çox danışanı demokratik mübarizənin, bu ölkəni və xalqı sevməyin mənasız olduğunu deyirdi. Əsas arqument bu idi ki, bunlar insanı çox ağır məqamlarla, ciddi problemlərlə, acı dərdlərlə üzləşdirir, bütün bu şərtlər daxilində isə insan xoşbəxt ola bilməz…

Mən ilk dəfə idi xoşbəxtliyin bu mövzuya qatıldığını eşidirdim. Birdən dayandım. Müxtəlif ölkələrin təcrübəsini, mənəvi və bəşəri vəzifələri, min cür arqumenti kənara qoyub dedim:

– Siz çalışın xoşbəxt olmayın! Çünki xoşbəxtlik düşüncədə olur. Əgər siz ətrafınıza baxmadan düşünüb xoşbəxt olmaq istəyirsinizsə, gərək ya kor, ya da nankor olasınız. Bunu isə istəməzsiniz.

Buddalar susdular. Çünki dolayısı ilə olsa da, mən gerçək Buddadan fikir gətirmişdim.