Generaldan poeziya buketi, nəğmə çələngi

Və ya poeziyamızın Həsən Şirinov zirvəsi

Artıq bir neçə müddətdir ki, Azərbaycan xalqının layiqli oğlu, Bakı şəhər Yol Polisi Idarəsinin keçmiş rəisi, hazırda Bakı şəhər BPI-nin rəis müavini olan general Həsən Şirinovun mətbuatda dərc olunan şeirləri ictimai müzakirələrə yol açmış, istedada xüsusi dəyər verən xalqımız arasında ildırım sürətilə yayılmış və öz müəllifinə general rütbəsindən də artıq şöhrət, şan, hörmət, şərəf gətirmiş, onun nüfuzunu artırmış, müəllifin böyük təfəkkürü və intellekti haqda geniş təsəvvür formalaşmasına yardımçı olmuşdur. Böyük Məhəmməd Füzuli deyirdi ki, Artıran söz qədrini sidq ilə qədrin artırar,Kim nə miqdar olsa əhlin  eylər ol miqdar söz.

Bəli, hörmətli general Həsən Şirinov irəlidə görəcəyiniz kimi, öz sözü və poetik istedadı ilə qədir-qiymətini, şərəf və şöhrətini elə bir uca zirvəyə qaldırmışdır ki, adam o zirvəyə baxanda başından papağı toz-torpağın içinə düşür, xəcil və rüsvay olur.

Səməd Vurğun əbəs yerə demirdi ki, “qızılı udsa da qara torpaqlar, yenə öz qiymətin özündə saxlar”.

Bu misralar bu gün necə də aktual səslənir. Uzun müddət polis mundirində xalqımızın ictimai təhlükəsizliyinin keşiyində dayandığı üçün poetik istedadı üzə çıxmayan hörmətli general Həsən Şirinov axır ki, Ilhamın (söhbət Ilham Pərisindən gedir) qanadlarında illərlə uçduğunu bəyan etmək məcburiyyətində qaldı. Axı, qızılı qara torpaq, bu kontekstdə, poetik istedadı polis mundiri nə qədər gizli saxlaya bilər ki!Budur, mən Həsən müəllimin şeirlərini oxuyarkən anında beynimdə həmən bu “qızıl-torpaq” məsələsi bir şimşək kimi çaxdı – necə ki, Həsən müəllimin şeirləri Azərbaycanın hazırkı qaranlıq poeziyasının səmasında çaxan şimşəkdir!

Doğrusu, bu şeirləri bir anlıq çaxıb da sönən şimşəyə bənzətməkdə yanlışlığa yol verdim. Həsən Şirinovun yaradıcılığı Nizamilər, Nəsimilər, Füzulilər… yetişdirmiş böyük ədəbiyyatımızın səmasında doğan əbədi və parlaq bir günəşdir ki, onun yandırıcı ziyasından artıq bir neçə gündür söz adamları eşiyə çıxa bilmir.

Qəbul etməyə məcburuq ki, hazırda hamı qələmə cumub və poeziya, nəsr Həsənsoxdu dəyirmanını xatırladır. Ancaq Həsən müəllimin poeziyaya gəlişini “Dəyirman” və “Həsənsoxdu” epitetləri ilə ifadə etmək qətiyyən olmaz. Həsən müəllim poeziya dəyirmanına Həsənsoxduluq eləməyib, öz poetik-lirik qədəmləri ilə Həsənsoxdu poeziyamızı “Həsən gəldi” kimi yüksək estetik dəyərə neyləyib? Mindirib!

Millət üçün döyünən ürək

Yanan ürək, millət üçün döyünən qəlb, maarifçilik Həsən Şirinov yaradıcılığından qırmızı xətlə keçir. Adama elə gəlir ki, sanki Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Qəmküsar qəbirdən dirilib adamın üstünə gəlir. Şair öz sələflərinin başladığı işi böyük ləyaqətlə çəkməyi özünə vətəndaş borcu sayır, bu ağır yükün altına öz general çiyinlərini verməklə millətin yaralarına məlhəm qoyur, onu irəliyə – işıqlı sabahlara doğru sürütlüyür. Ancaq bir “əmması” vardır. Bu “əmma” da ondan ibarətdir ki, sələflərindən fərqli olaraq, şair Həsən Şirinovun təbi daha qaynar, daha çağlar, daha vulkanik və daha tektonikdir:

Bəsdir yatdın, dur, oyan,

Qalx ayağa, müsəlman!

Qardaşına kömək ol,

Vermə düşmənə aman!

Bu misraların poetik alletirasiyası və fəlsəfi dərinliyi nakam Molla Pənah Vaqifin qəbrini çatladırsa, vətəndaş mövqeyinə görə 19-cu əsrin bütün maarifpərvər nəslinin əlinə çöp verir. Kim deyə bilib indiyə qədər bu sözləri, belə hikməti?Əlbəttə, klassiklərin arasında öz istedadına görə seçilənlər az olmayıb, amma böyük əksəriyyətində ya fəlsəfi dərinlik, ürfanilik çatışmayıb, ya da poetik istedad.

Nəhayət ki, Tanrı Azərbaycan ədəbiyyatına belə bir nəhəng simanı bəxş etdi. Bəli, Həsən Şirinov – öz yaradıcılığında həm mənəvi-psixoloji-dini-mistik dərinliyi, həm etik-estetik kamilliyi, həm də gözqamaşdırıcı poetik istedadı nə təhər calaq edirsə, adam bu calaq-qaynaqdan heyrətlənməyə bilmir.Müsəlmanlar arasındakı təfriqədən, məzhəblərarası qovğadan narahat şair qəlbi görün, necə dilə gəlir:  

Sünni-şiə sözündən,
Faydalandı hər düşmən!
Qırğın saldı araya, 
Bizi saldı bəlaya!
Sanki bu misralarda bir Sabir ruhu dolaşır. Şair ədibin narahat ruhunu necə də duyur, onu öz yaradıcılığında bəsirətli şəkildə ifadə edir və bu zaman heç kimdən və heç nədən utanıb-çəkinmir.

Amma hiss olunur ki, Şair Həsən bu məsələdə də sələfindən bir addım öndədir. Poetik ənənəyə bağlılıq, indiyə qədər yazılan nümunələrdən – ədəbi yaddaşdan bəhrələnmə və klassiklərin tökdüyü özül üstündə möhtəşəm səltənət yaratma buna deyirlər.

 Çaşan aşır!

Misal göstərəcəyimiz bu bənd bir daha təsdiq edir ki, şair millətin dini inanc sisteminə daha həssaslıqla yanaşır, sələfi Mirzə Ələkbərin,Şiəyəm, əmma nə bu əşkaldən,

Sünniyəm, əmma nə bu əmsaldən,
Sufiyəm, əmma nə bu əbdaldən,
Həqq sevən insanəm, a şirvanlılar!
Qaili-Quranəm a şirvanlılar! – 

hikmətini, onun bir bölgəyə ünvanlanan fikirlərini dağıdır, onu öz təfəkkürünə layiq şəkildə təzədən düzür, sözün boyunu yerə soxub-çıxarır, dünyada analoqu olmayan səviyyədə inkişaf etdirir, milli müstəviyə qaldırır, lakin bu müstəvidə də dayanmır, ovunmur, usanmır, Sözə və Söz adamlarına meydan oxuyur: 

Sünni də mən, şiə də,
Çaşmayın siz nə badə!
Doğma qardaşlıq edin,

Düşmən üstünə gedin!Müsəlmanlara “çaşmamağı” ciddi-ciddi tapşıran Həsən müəllim öz peşəsinə uyğun olaraq bilir ki, çaşan aşır. Ona görə də “nə badə” xəbərdarlığını edir. Amma burda “nə badə” sözünün ayrı yazılmasından sui-istifadə edən bəzi ağzıgöyçəklər Həsən müəllimin Azərbaycan ədəbi dilini bilmədiyi və yaxud ağlının “badə”də qaldığı haqda yanlış yola düşə və ictimaiyyəti aldada bilərlər. Ağzıgöyçəklərə fürsət verməmək üçün bildirək ki, Həsən müəllim bu sözü qəsdən ayrı yazıb, məqsəd də ilk türkdilli şairlərimizdən olan və Izzəddin Həsənoğlunun – Izzəddin kişinin “Həsənoğlu” təxəllüsünü özünə götürməsi qətiyyən təsadüfi deyil, burda bir fitrət olması gərəkdir – “Badə, nə badə” rədifli qəzəlinə eyham vurmaqdır. Dediyimiz kimi, adət-ənənəyə və ədəbi yaddaşa sidq-ürəklə bağlı olan Şair Həsən öz yaradıcılığında ilk baxışda savadsızlıq, parabeyinlik kimi görünən belə söz oyunları ilə Avropa standartlarına uyğun ədəbi-bədii priyomlar qurmaq bahasına klassikləri yada salır, daha doğrusu, öz məşhur şeirlərində onlara ikinci həyat, yeni nəfəs verir.

Halbuki Şair Həsənin Azərbaycan dilinin incəliklərinə qədər bələd olduğuna, hətta Ana dilinin keşiyində durduğuna kimsə şübhə edə bilməz. Şübhə edənlərin gözünə isə bu şeiri böyük məmnuniyyətlə soxmaq olar:

Ay insanlar bir zamana gəlibdir,
Qoşma qoşub, şeir yazana gülürlər.
Əcnəbi dil şan-şöhrətə  minibdir,
Doğma dildə danışana güdürlər.

Baxın, diqqətlə baxın: sanki Abbas Tufarqanlıdır, Dədə Ələsgərdir! Aşıq Abbasın “Ay həzarat, bir zamana gəlibdir” misrası ilə başlayan məşhur şeirini Şair Həsən görün, hansı səviyyədə, necə bir poetik duyğu və xüsusi istedadla yenidən basdırır, gorbagor edir, sonra dirildir, ətə-qana doldurur, əyninə müasirlik libası geydirir və ədəbi aləmin bulvarına buraxır.

Rüşvətxorların ifşası

Həsən müəllimin vətəndaş mövqeyi və ədəbi cəsarəti də oxucuların dizini titrədir, başını gicəldir, gözünü qaraldır. Etiraf edək ki, Həsən müəllimin sosial statusu və mənsub olduğu təbəqə hakimiyyət elitasına yaxındır və o, bu mövqedə gördükləri bəzi neqativlikləri qəbul etmir. Belə eybəcərliklərə üsyan edən kövrək şair qəlbi bəzən vulkan kimi püskürür, yaramaz varlıqları ağır satira atəşinə tutur; ümumiyyətlə, Şair Həsən yaradıcılığında sarkazm, öldürücü gülüş, məhvedici satira olduqca güclüdür:

Pul olubdur insanlığın  ölçüsü,
Rüşvətxorlar, almayana  gülürlər.
Dəllallardır zəmanənin  “el gücü”,
Vətənsevər, mərd insana  gülürlər.

Bu bənd o qədər dərindir ki, ona elə-belə, səthi yanaşmaq olmaz. Şair bu bənddə Azərbaycan dilinin çoxmənalı çalarından məharətlə, cəsarətlə, ləyaqətlə, dəyanətlə istifadə edərək bir neçə məna yaratmış, sözün daxili enerjisindən və qatlarından dəhşətli dərəcədə bəhrələnmişdir. Həsən Şirinov bu çoxqatlı və çoxmərtəbəli şeirdə rüşvət almayan adamın lağ obyektinə çevrilməsinə qarşı çıxmış, general sinəsini qabağa vermiş, öz dilində danışmayan, insanlığı pulla ölçən rüşvətxor dəllalları öldürücü satira atəşinə tutmuşdur. Həsən müəllim gülənləri də göstərir: “rüşvətxorlar, almayana gülürlər…”Rüşvəti ancaq vəzifə sahibləri alırlar. Görünür, vəzifə sahibləri arasında rüşvət almayana gülmək kimi iblisanə bir riyakarlıq var ki, bu da Şirinovun şir ürəyini hərəkətə gətirmiş və o, məmurların iç üzünü açıb xalqa göstərməkdən çəkinməmişdir, böyük cəsarət sərgiləmişdir.

Həsən, insanları  dərindən tanı,
Qoru millət adın, şərəfi, şanı,
Itirmə heç zaman abır-həyanı,
Gülənlərsə, öz zatına gülürlər! –

deyən şair hətta “abır-həyasını saxladığına görə ona gülənlərin” mövcudluğuna diqqət çəkir, başqa sözlə, abır-həyasını itirən abırsız və həyasız rüşvətxorlara qarşı müharibə elan edir, əsl general kimi xalqın tərəfində dayandığını açıq-aşkar göstərir və bu tarixi missiyası ilə Axundov, Mirzə Cəlil, Zərdabi, Qasım bəy Zakir kimi ədəbi qardaşları ilə birləşir.

Şair Həsənin mistik axtarışları

Əlbəttə, bizim tez-tez rəhmətlikləri narahat etməyimiz və Şair Həsəni onların müqəddəs adlarının sırasında göstərməyimiz də təsadüf deyil. Göstərilən nümunələr bir daha sübut edir ki, Həsən Şirinov yerlə deyil, göylə əlləşir. Onun ümummilli lider, xalqımızın və yuxarıda tərifini verdiyi məmurların atası Heydər Əliyev həsrətilə yazdığı bu poetik parçaya diqqət edin:Nə müddətdir könlüm  yaman darıxır,

Gözlərim hər yanda  axtarır səni!
Xəyalım dolanır göylərə  qalxır,
Göylərin qatında axtarır səni,
Ey ulu öndər!

Bu şeirdən hiss olunur ki, Şair Həsənin xəyalı narahatdır – gah göylərin qatında axtarır ulu öndərin ruhunu, gah Tanrı dərhagında. Axtarır, amma tapmır, ulu öndərinin ruhu göylərin qatında, Tanrı dərgahında şairin rastına çıxmır. Niyə görəsən? Həsən Şirinovun xəyalı ulu öndərin ruhunu niyə Tanrı dərgahında görmür?

Xəyalını ilham atına mindirib haralara göndərmir Şair Həsən? Hər yerdə arayır, amma bulmur xalqı fərəzən günə çıxardan o narahat ruhu!Bu faktı ona görə xatırlatdıq ki, görünür, lazım olmayan yerdə və lazım olmayan vaxtda axtarışlar apardığından qarşısına istədiyi yox, Sabirin, Mirzə Cəlilin, Axundovun ruhları çıxır və belə “prizrak”lar şairin ədəbi fəaliyyətində özünü göstərir.

Həsəni-naseh!

Şair Həsən Şirinovun yaradıcılığında özünəməxsus yer tutan məsələlərdən biri də didaktika, öz təcrübəsindən istifadə edərək öyüd-nəsihət vermək və xalqa doğru yol göstərməkdir. Şairin “Nəsihət” ibrətamiz şeiri xəyali axtarış zamanı Qasım bəylə də qarşı-qarşı gəldiyini göstərir. Hətta müəllif o qədər eyforiyaya düşür ki, “Nəsihət”ə “Oğlum” xitabı ilə başlayır. Bildiyim qədərincə, Həsən müəllim də, bəndəniz kimi, qız atasıdır. Bəs, niyə “oğlum?”. Axı bu müraciət forması ilə nəsihət yazanlar doğrudan da öz övldlarına müraciət ediblər…

Bax, burada da Şirinov dühası özünü göstərir: sələflərindən fərqli olaraq, o, cismani mənada deyil, daha geniş anlamda müraciət edir və bir daha baxış səviyyəsinin ucalığını nişan verir.
Şair Həsənin ədəbi tənqid üçün açıq olan yeganə zəif nöqtəsi var ki, o da imzasıdır: Həsən Şirinov!

Həsən müəllim təcili özünə bir təxəllüs götürməli, poetik istedadını “ov”un altında məhv etməməlidir. Məsələn, olmalıdır, Həsən Şirin! Ya da…Yaxşı yadıma düşdü. On-onbir ilin söhbətidir, yəqin bir çoxlarının xatirində olar. AzTV Həsən müəllimin hazırda axtarıb da Tanrı dərgahında tapa bilmədiyi ulu öndərin xaricdən müalicədən qayıtmağını efirə verirdi. Ulu öndərdən Həsən Şirinovun ona ithaf etdiyi bir şeiri oxumaq üçün icazə istədilər. Ulu öndər icazə verdi. Şeiri oxudular, oxudular və o zaman poeziyanın qanadlarında kövrək addımlar atan şair Həsən Şirinovun şeirinin tapşırmasında çaşdılar, “Aşıq Qafar deyir…” misrasıyla şeir müəllifinin kimliyini yanıltdılar.

O vaxt anlamadım ki, əcaba, bu Aşıq Qafarın şeiridirsə, daha Heydər Əliyevə niyə nömrə gəlirlər, yox, Həsən Şirinovun şeiridirsə, adamın ədəbi təxəllüsü Aşıq Qafardırmı?
Amma Aşıq Qafar da pis təxəllüs deyil – hərgah, Həsən Şirinovun bu adda bir aşıq qohumu var!Şairlərin ürəyi partlayacaq!

Düşünürəm öz-özümə,
Bəlkə dünya xəstələnib?
Cahan mülkü hərbə gedir,
Yoxsa göydən dərd ələnib?  

Bu da Həsən Şirinov müdrikliyinə məxsus olan şeirlərdən bir bənddir. Göründüyü kimi, şair təkcə Azərbaycanın problemləri ilə uğraşmır, onun şair ürəyi bütün cahandan, dünyanın gələcəyindən narahatdır və bu narahatlıq özünü beləcə lirik formada təcəlla etdirir.
Şair Həsən Şirinova poeziyada atdığı qətiyyətli general addımlarında uğurlar arzulayır, onun hələ çox-çox zirvələr fəth edəcəyinə inamımızı bildirir və əminliklə deyirik ki, bundan sonra onun qarşısına bir dənə də olsun, əsl şair çıxa bilməyəcək. Çünki özünə şair deyən heç kəs belə yaradıcılıq nümunələrindən sonra yaşaya bilməz: mütləq ürəyi partlayacaq və o dünyaya yollanacaq, poeziya da həsənmüəllimlərə qalacaqdır.