“Atamın günahı yoxdur, onu niyə buraxmırlar?”

AXCP rəhbərliyi 2 aprel məhbusu Sahib Kərimovun ailəsinə baş çəkdi (FOTOLAR)

 

 

AXCP siyasi məhbusların ailələrinə hər zaman dəstək olmağa çalışır. Partiyanın rəhbərliyi və fəalları tez-tez məhbus ailələrinə baş çəkir, onlara mənəvi dayaq olurlar. Bu dəfə də 2 aprel məhbusu, AXCP sədrinin müşaviri Sahib Kərimovun  ailəsi diqqətdə olub.
AXCP sədrinin müavini, Ictimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı və AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyevanın növbəti səfəri Şəkiyə, Bideyiz kəndinə idi. Onlar bura 2 aprel məhbusu Sahib Kərimovun ailəsinə baş çəkmək üçün gəlmişdilər. Bu ailədə hər iki xanımı yaxşı tanıyırlar. Onlar ikinci dəfədir ki, bu ailəyə baş çəkirdilər. Sahib bəyin atası Fərman müəllim oğlunun dostlarının və partiyadaşlarının evlərinə gəlişindən çox sevindiklərini bildirdi. Xatırladaq ki, Sahib Kərimovun hər iki valideynləri müəllimdir. Bütün övladlarını vətənə, millətə məhəbbət ruhunda tərbiyə edən Fərman müəllim və Gülbəniz xanım övladları Sahib Kərimovla qürur duyduqlarını açıqca söylədilər. Sahib Kərimov Qarabağ uğrunda döyüşlərdə iştirak edib, iki dəfə Şəkidən Milli Məclisə deputatlığa namizəd olub və seçicilərin etimadını qazansa da, seçki saxtakarlığı nəticəsində haqqı əlindən alınıb. Gənc yaşlarından Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulub və bu partiyanın Rəyasət Heyətinin üzvlüyünə qədər şərəfli mübarizə yolu keçib.

Sahib bəy həyat yoldaşı Ülviyyə xanımla bir-birlərini sevib evləniblər. Böyük övladları Nərmin 6-cı sinifdə, ortancıl övladları Şəlalə 4-cü sinifdə oxuyur. Oğlanları Turan isə 4 yaşındadır. Ülviyyə xanımın həyat yoldaşının arxasında ləyaqətlə, mərdliklə dayanması Azərbaycan xanımlarının nə qədər dözümlü, şərəfli olduqlarını bir daha sübut edir. Sahib bəyin şəkil albomunu vərəqləyərkən onun ailəsinə, övladlarına nə qədər bağlı olduğunun şahidi olursan.
Qızı Şəlalənin “Atamın heç bir günahı yoxdur, onu niyə buraxmırlar” sualı bizi aciz duruma saldı. Atasının hakimiyyətin siyasi sifarişilə mühakimə olunduğunu ona deyə bilmədik. Ona deyə bilmədik ki, bu ölkədə oğrular, rüşvətxorlar, qanunu pozanlar sərbəst şəkildə gəzdikləri halda, günahsız insanlar mühakimə olunurlar. Ona deyə bilmədik ki, bu ölkədə hakimiyyət avtoritar bir rejim yaradıb və onun atası da daxil olmaqla siyasi əqidəsinə görə insanlar repressiyalara məruz qalır…
Balaca Turan sual dolu nəzərlərlə bizə baxır, sanki nədən atam gəlmir sualını vermək istəyir, ancaq heç nə demir…

Fərman müəllim başda olmaqla bu ailənin yüksək əxlaqı, təmkinlə prosesləri izləməsi, nə vaxtsa haqqın qalib gələcəyinə olan inamı da bizdə xoş ovqat yaratdı.
Sahib bəyin bacısı Kəmalə xanım qardaşının hər dəqiqə ailədə yerinin göründüyünü deyir: “Sahib həmişə hamımıza arxa olub. Atam iki dəfə infarkt keçirib və Sahib onun müalicəsi üçün hər şeyi edib. Bizim bütün problemlərimizin həllində yardım edib. Sahib uşaqlıqdan ədaləti, düzgünlüyü sevən olub. Haqsızlığa qarşı çıxıb həmişə”…
AXCP sədrinin müavini Gözəl Bayramlı partiya sədri Əli Kərimlinin salamını ailəyə çatdırır, Sahib bəy kimi cəbhədaşları olduğu üçün qürur duyduqlarını bildirir. 2 aprel məhbuslarına açılan cinayət işinin heç bir əsası olmadığını, Sahib bəyin və bütün siyasi məhbusların tezliklə azadlığa buraxılması üçün əllərindən gələni etdiklərini bildirir. Dünyanın diqqətinin bu işə cəlb edilməsi istiqamətində Ictimai Palatanın gördüyü işlərdən danışır.
AXCP Ali Məclis sədrinin müavini Iradə Əliyeva hər zaman onların yanında olduqlarını, 2 aprel məhbuslarının məhkəmələrinə xüsusi diqqət ayırdıqlarını və bu məhkəmə prosesində hakimiyyətin tamamilə ifşa olunduğunu bildirir.
Sahib bəyin övladları qonaqlarla xeyli söhbət etdilər, onlarla bağda əyləndilər, şəkil çəkdirdilər, sevindilər… Ülviyyə xanım da övladlarının sevincinə sevindi…
Haqqın, ədalətin, demokratiyanın bərqərar olacağı, tezliklə Sahib bəyin ailəsinə və dostlarına qovuşacağı ümidilə ayrılırıq… Ailə bizi yüksək qonaqpərvərliklə qarşıladığı kimi, bu ovqatla da yola salır…

Ramin Deko