Heydərovun adamının ermənipərəst iranlı işbazla nə əlaqəsi?

“Fövqəlnazirin” müavini haqda şok xəbər yayıldı

Orucəli Hacıyevin Qarabağdakı separatçı rejimlə sıx ticari əlaqələri olan İsfənd Hüseyn Nicatini himayə etdiyi iddia olunur

“Azadlıq” qəzetinin e-mail ünvanına “antierməni” imzasıyla sensasion iddiaların yer aldığı məktub daxil olub. Məktubda konkret olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevin ermənilərlə sıx işbirliyində olan iranlı biznesmenlərlə işgüzar münasibətlərinin olduğu, nazir müavininin sözügedən iş adamlarına Azərbaycanda himayədarlıq etdiyi iddia olunur. Məktubu olduğu kimi təqdim edirik:
“Fars agentlərinin Azərbaycanda fəalliyyəti barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Iran xüsusi xidmət orqanları Azərbaycanda ciddi planlar hazırlamaqdadır. Bunun üçün də Inqilab Keşikçiləri Korpusuna (”SEPAH”) bağlı Isfənd Hüseyn Nicati (Nejati) adlı şəxs Azərbaycana göndərilib. Bu şəxsin Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimlə də ciddi ticari əlaqələrinin olduğu Iranın “Tehran Times” və “Mehr” Agentliyinə istinadən bildirmişdik.
Qeyd edilmişdi ki, Iranla Ermənistan arasında 2010-cu ildə imzalanan və layihə dəyəri 4,5 milyon dollar olan ticarət əməkdaşlığı çərçivəsində Irəvanda istifadə olunacaq bütün sement tədarükü bu şəxsə verilib. Iranın rəsmi “Tehran Times” qəzetinin 21 may 2010-cu il tarixli sayında yazıldığına görə, iki ölkə arasında ticarət sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyan bu proyektin sement ehtiyacını qarşılamaq yarışını Isfənd Hüseyn Nicatinin ortaq olduğu “Ərdəbil” sementləri qazanıb.
Bundan başqa, Isfənd Hüseyn Nicati adı qarşımıza Dağlıq Qarabağdakı separat rejimin tikinti işlərində də çıxdı. Iranın “Mehr” agentliyinin verdiyi məlumata görə, Isfənd Hüseyn Nicatinin başçılıq etdiyi iş adamlarından ibarət qrup separatçı rejimin “kənd təsərrüfatı naziri” Armo Saturyanla görüşmüş və Azərbaycanın işğal olunmuş ərazilərində aparılan tikintilər üçün 2 milyon dollarlıq sement satışını 2010-2011-ci illərdə gerçəkləşdirmişdir.
Ermənilərlə ciddi əlaqəsi olan Isfənd Hüseyn Nicati ilə bağlı araşdırma apararkən onun 2011-ci ildə Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü təsbit etdik.
Araşdırmalarımıza görə, Isfənd Hüseyn Nicati Azərbaycanda problemsiz çalışması üçün Fövqəladə Hallar Nazirliyinə “qarmaq” atıb. Nicatinin kirli işlərini gizlətmək üçün büründüyü sement taciri adıyla fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevlə əlaqə qurduğu bildirilir.
Bakı gömrüyündə özünə yaxın adamlar vasitəsi ilə (həmin şəxslərin adları və vəzifələri də bizə məlumdur) Orucəli Hacıyevə “xod” tapan Isfənd Hüseyn Nicati FH nazir müavini ilə əlaqəsindən istifadə edərək, Iran xüsusi xidmət orqanlarının planlarını daha rahat şəkildə həyata keçirir.
Xüsusilə, Bakı və Astara gömrüyündən “Ərdəbil” sementləri adı altından naməlum mallar keçirərkən, Orucəli Hacıyevin adından istifadə edilir. Bəlkə də O.Hacıyevin məsələdən xəbəri yoxdur. Ancaq Nicati və onun Bakı gömrüyündəki “adamları” Kəmaləddin Heydərov və Orucəli Hacıyevin adından istifadə edərək, qanuni vəzifəsini icra edən gömrük işçilərinə təzyiq edirlər.
Biz inanmaq istərdik ki, Isfənd Hüseyn Nicatinin qaranlıq keçmişindən və əlaqələrindən Azərbaycanın ən mühüm nazirliklərindən birinin önəmli vəzifəsini tutan Orucəli Hacıyevin xəbəri olmayıb. Çünki əks təqdirdə ermənilərlə əlaqədə olan fars biznesmenlə nazir müavininin görüşməsindən başqa mənalar çıxa bilər.
Araşdırmalarımız davam edir”.

“Azadlıq”