İctimai Palatanın mitinqində şüşələri sındıranlar azadlıqda gəzir
Ictimai Palatanın 2 aprel mitinqinə görə həbs edilən fəallara qarşı həm də Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla) maddəsilə ittiham irəli sürülüb. Cinayət işinin materiallarında yazılıb ki, hazırda məhkəmə qarşısına çıxarılan müxalifətçilər guya, mitinq günü paytaxtın Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişdiyi yerdə işıqforda dayanmış 316 saylı marşrut üzrə hərəkət edən avtobusun yan və ön şüşələrini sındırıblar.
Ötən iki məhkəmə prosesində avtobusun sahibi, sürücü Sarvan Məhərrəmov və onun nümayəndəsinin ifadəsindən aydın oldu ki, avtobus sözügedən işıqforda dayananda artıq şüşələri sınmışdı. Sürücü məhkəmə qarşısına çıxarılan fəalların heç birinin şüşəqırmada iştirak etmədiyini də ifadəsində göstərmişdi.
“Azadlıq” qəzeti həbsdəki fəalların işinə baxan Səbail rayon məhkəməsinin diqqətinə və ölkə ictimaiyyətinə təkzibolunmaz faktı təqdim edərək, əsl günahkarların tapılmasına töhfə vermək niyyətindədir. Yazıya əlavə etdiyimiz fotolara diqqət yetirin.
Birinci fotoda 316 saylı marşrut avtobusunun qarşısında təpiyini göyə qaldıran idmançı görkəmli gənci görürsünüz. Onun avtobusu təpiklədiyi aşkar görünür. Fotoda həmin idmançının qarşısında daha bir nəfərin olduğu da bilinir. Həmin şəxs idmançıya mane olmağa çalışır, onun əlindən yapışıb.
“Azadlıq”ın arxivindəki fotolarla araşdırmamız zamanı bəlli oldu ki, şüşəsındıran şəxsə maneə olmağa çalışan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlıdır.
Əbülfəz Qurbanlı özü də faktı təsdiqlədi. O bildirdi ki, həmin idmançı ona, hətta “qoy, işimizi görək də, niyə mane olursan” deyə irad da bildirib.
Ikinci fotoşəkildə isə siz avtobusun şüşəsini sındıran şəxsin sifətini tam görə bilirsiniz. Onun köynəyinin yaxasında Azərbaycan Güləş Federasiyasının emblemi də var. Fotoda diqqətçəkən daha bir fakt isə hazırda həbsdə saxlanılan AXCP funksioneri Məhəmməd Məcidlinin avtobusdan çölə tərəf boylanaraq, qəzəblə həmin idmançıya nəsə deməsidir.
Qeyd edək ki, Məhəmməd Məcidlinin əyləşdiyi yerin yanındakı şüşəni də təxribatçılar sındırıb. Ehtimal ki, o da bu haqda ətrafdakılara işarə verirmiş.
“Azadlıq” oxucularından xahiş edirik ki, fotosunu təqdim etdiyimiz təxribatçı barədə məlumatı olanlar bizə yazsınlar.
Natiq