Cabbar Savalanlı Bəxtiyar Hacıyevə cavab yazdı

“Rejim anlamır ki, bizi həbsxanaya salmaqla azadlıqdan məhrum edə bilməz, çünki azadlıq bizim düşncəmizdədir, əqidəmizdədir”

Həbsdə olan gənclərdən Bəxtiyar Hacıyev bir müddət əvvəl digər gənc dustaq AXCP Gənclər Komitəsinin koordinatoru Cabbar Savalanlıya məktub yazmışdı. Ötən gün C.Savalanlı B.Hacıyevə cavab məktubu yollayıb.
C.Savalanlı məktubunda yazır: “Rejim bizi həbsxanaya salıb azadlıqdan məhrum etməklə, əqidəmizdən, mübarizəmizdən döndərəcəyini zənn edir, ancaq zənnində yanılır. Rejim anlamır ki, bizi həbsxanaya salmaqla azadlıqdan məhrum edə bilməz, çünki azadlıq bizim düşncəmizdədir, əqidəmizdədir.
Həbsxana günahla günahsızlığın, ümidlə ümidsizliyin bir-birinə qarışdığı yerdir, qəribə insanlıq xaosudur. Bu xaosda azmamaq üçün həyatda həyatın özündən müqəddəs olan hislərə bağlanmaq lazımdır. Bu isə o zaman mümkün olur ki, həyatda özündən kənarda olan başqa biri üçün, mübarizə üçün var olursan. Yalnız bu yolla mənasızlaşmaqdan, adiləşməkdən qurtula bilərsən.  Azadlıq günəşinin şəfəqlərinin saçağı Azərbaycanda yaşamaq və tezliklə azadlıqda görüşmək ümid ilə”.
Keçmiş deputatlığa namizəd B.Hacıyev hərbi xidmətdən yayınmada ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalan isə narkotik ittihamı ilə 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki gəncin həbsinin onların siyasi fəaliyyəti ilə bağlı olduğunu deyir.