Bağırsoy qardaşları polisdə ağır vəziyyətə salınıb

Yaşarın mədəsindən, Zeynalın isə qulağından qan açılıb

 

 

Nehrəm kənd sakinləri, AXCP Naxçıvan şöbəsinin sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoyun vəziyyəti ağır olaraq qalır. Iyulun 27-29-da Babək rayon polisində fiziki təzyiqlərə məruz qaldıqdan sonra onların səhhətində ciddi problem yaranıb. Y.Bağırsoyun ayağı tutulub, hərəkət edə bilmir. Bundan əlavə, gözündən ciddi zədə alıb, mədəsindən qan açılıb. Onun qardaşı Zeynalın qulağından qan gəlir, demək olar ki, eşitmir. Həkimlər qardaşları müayinə və müalicə etməkdən imtina edir. Polis qardaşların tibbi ekspertizaya göndərilməklə bağlı tələblərinə məhəl qoymur(“Turan”).

Qəzetimizə açıqlamasında Y.Bağırsoy bildirib ki, ağrıları gündən-günə artır: “Zərbədən sonra gözümün görmə qabiliyyəti 70-80 faiz itib. Müalicə üçün Irana getmək istəyirdim, amma bəhanə gətirdilər ki, istintaq müddətində heç yerə gedə bilməzsiniz. Naxçıvandakı həkimlərə də inamım yoxdur. Ağrılarım gündən-günə güclənir. Heç bilmirəm ki, nə edim”. 
Y.Bağırsoy qardaşının da vəziyyətinin ağır olduğunu bildirib: “Polisdəki məlum işgəncə zamanı qulağı ağır zədə aldı. Hazırda eşitmə qabiliyyəti sıfra düşüb. Baş verənlərə heç bir ad verə bilmirik”.
Xatırladaq ki, qardaşlar Nehrəm kəndində su qıtlığına etiraz olaraq keçirilən aksiya zamanı əvvəlcə döyülüb, sonra həbs olunublar.

Gültəkin

 

 

AXCP Naxçıvan MR şöbəsinin
sədr əvəzi Yaşar Bağırsoy