“Demokratiyanın Müdafiəsinə Kömək” Ictimai Birliyinin prezidenti – hüquq müdafiəçisi Vidadi Isgəndərli zindandan dövlət başçısına müraciət ünvanlayıb. Bu, həmin dövlət başçısıdı ki, dəyərli ziyalı Natiq Güləhmədoğlu da ona açıq məktub yazmışdı. Açıq məktubunda qızını orta məktəbin ilk sinfinə qoymaq üçün dövlət başçısının korrupsiyaya qarşı açdığı amansız savaşdan ilhamlanaraq “JEK”dən rüşvətsiz arayış əldə etmək istəyirdi. Işin axırı, kirayə qaldığı evdən də bayıra atılmaqla bitdi.
Indi də Vidadi bəy dövlət başçısına üz tutub. Həmincə başçı. Müraciətin bir yerində deyilir: “Icra başçısı Mənsur Məmmədov, yoxsa Hüquq Müdafiəçisi Vidadi Isgəndərli? Bütün bunlar haqqında Sizə çoxsaylı müraciətlər etmişəm. Ümid edirdim ki, müraciətim Sizə çatacaq və Siz tədbir görəcəksiniz. Hazırda mən zindandayam, Mənsur Mənmmədov isə ”gərgin iş rejimindən sonra” xarici dövlətlərdə, bahalı kurortlarda haram pullarla dincəlir”. Fakt göstərir ki, hələ o vaxt Vidadi bəyin müraciətinin də sonu yaxşı olmayıb: “Hazırda mən zindandayam”.Süleyman Nemətov – orta əsrlər cəngavəri
Vidadi bəy müraciətinin əvvəlində yazır: “Ölkəmizdə bir çox insanların pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparmışam”. Özü də bunu dövlət başçısına fəxrlə bildirir. Sanki bilmir ki, onu həm də elə buna görə tutublar. Məgər bunu kim bilmir ki, bu ölkədə hüquqları pozanı yox, onun bərpası uğrunda savaşanı tuturlar? Məgər onlar hüquqları ona görə pozurlar ki, kimsə bu yandan çıxıb onun bərpası ilə məşğul olsun? Bu, birbaşa, açıq şəkildə bu hakimiyyətlə mübarizə aparmaq, çəkişmək, ayaq-ayağa qoymaqdı. Qəzetlər yazır ki, 2 aprel mitinqinə görə həbsə atılan gənclərin məhkəmə prosesində başdan sona qədər qalmaqal yaşanıb. Polislər heç bir qanuni əsas olmadan məhkəmə önünə yığışanların dağılışmasını tələb eləyib, arada söhbət yaranıb və… bundan sonrası həqiqətən cəngavər romanlarına bənzəyir. Ravi nəql eləyir: “Elə bu anda hadisə yerinə xidməti avtomobili ilə Nəsimi Rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətov gəldi…”. Ardı “Uşaq və buz” şeirini xatırladır. “Uşaq durub neynədi? Buza belə söylədi”: “”Əəə, sən kimsən ki, polisi hədələyirsən, nömrəsini tapıb görüşürsən?” – deyərək Nemətov qılıncını sıyırıb R.Abdullayevin üzərinə hücum etdi. Onun qarnına çox ağır zərbə endirdi. Zərbənin ağırlığından ikiqat olan gənc ağrıdan qışqıraraq yerə çökdü”. Nemətovun şücaəti bununla bitmir. Gül ağzını açır və yaşlı bir polis zabitinə əsəbi şəkildə “Üzümə niyə baxırsan, bas içəri!” deyə əmr verir. Bu zaman etiraz eləyən Arzuman Məcidlinin də həbs etmək göstərişi verilir, iki polis əməkdaşı A.Məcidlinin qollarını vəhşicəsinə burub, ona yumruq zərbələri vuraraq polis maşınına salırlar. Sonra “Bu kişini niyə həbs edirsiniz, ağsaqqal adamdır, Elnur Məcidlinin atasıdır, məhkəməyə gəlib” deyən Rövşən Nəzirlini də tutub polis maşınına basırlar. Rövşən Nəzirlinin anasının halı xarab olur. Təcili yardım çağırılır. Nə isə, tam bir cəngavərlik romanı. Əminəm ki, özü haqda belə cümlələri oxuyan Nemətovun üzü gülür. Özünün nə qədər möhtəşəm olduğunu və bundan sonra rəislərinin daha da xoşuna gələcəyini düşünür. Qoy bir şey yazım, Nemətov lap fəxr eləsin. Indi Dünya iki adamın əlində girinc-giriftar qalıb – biri Qəzzafidi, biri Nemətov Süleyman. Hə, onu demək istəyirdim ki, Vidadi bəy azadlıqda olsaydı, bu qanunsuzluğun da axırına qədər gedərdi. Dövlət başçısına isə onun sevimli rəis müavini haqda belə söhbətlər gəzməsi sərf eləmir. Nə isə, Allahım, sən özün Vidadi bəyin bu müraciətindən sonrasını xeyirə cala. Keşkə o da zindanda yaşaması haqda rüşvətsiz arayış üçün dövlət başçısına ağız açaydı, bəlkə arayış yerinə onu da zindandan çıxaraydılar – Natiq kimi…