Türkiyə yeni ordu-hökumət böhranı astanasında

İşık Koşaner istefasının səbəblərini açıqladı; ölkədə siyasi gərginlik artdı

Yeni Baş Qərargah rəisi və 3 komandanın adı bilindi

Türkiyə Silahlı Qüvvələrinin rəhbərliyindəki generalların vaxtından əvvəl istefaya getməsi ölkədə geniş rezonans doğurub. Ölkə başçısı Abdulla Gül baş qərargah rəisi Işık Koşanerin istefaya getməsinə təəssüfləndiyini bildirsə də, generalın qərarına hörmət etdiyini söyləyib.  Onun sözlərinə görə, Koşaner rəsmi dairələrdə hörmət olunan bir komandandır. Gül generalın hələ bir müddət öncə vəzifəsindən getmək fikrində olduğunu da söyləyib: “Işık Koşaner hərbi şəxsiyyətinə hörmət bəslədiyimiz bir komandandır. Bir müddətdir ki, istefa verməyi düşünürmüş. Biz vəzifəsinə davam etməsini istədik, amma buna baxmayaraq, qəbul etdiyi qərarı da hörmətlə qarşıladıq”.
Prezident baş verənlərin normal olduğunu, ölkədəki ictimai-siyasi proseslərin öz məcrasında davam etdiyini də vurğulayıb. O, Türkiyənin hüquqi dövlət ölduğunu, hakimiyyət bölgüsünün xalqın istəyinə uyğun formalaşdırıldığını qeyd edib: “Biz hüquqi dövlətdə yaşayırıq. Hakimiyyət bölgüsü var, məhkəmə qərarları ayrıdır. Bu səbəbdən edə biləcəyimiz heç nə yoxdur. Ali Hərbi Şura da qanunlar çərçivəsində işinə davam edəcək. Ali Hərbi Şuranı yeni komandanlar heyəti idarə edəcək”.
Gözlənilmədən istefa ərizəsi yazan Işık Koşaner vida müraciətində ordu ilə siyasi hakimiyyət arasında baş verən hadisələrə toxunub. Onun sözlərinə görə, türk milləti öz Silahlı Qüvvələrinə qarşı qoyulmağa sövq edilir. General bu addımını son illərdə Türkiyədə hərbçilərə qarşı aparılan kampaniya, məhkəmələr və özünün bunlara qarşı mübarizədə aciz olması ilə izah edib. Koşaner müraciətində 250 hərbçinin hazırda həbs olunduğuna diqqət çəkib. General həbslərin hüquqa, haqqa, ədalətə və vicdani dəyərlərə qarşı həyata keçirildiyini bildirib.
“Istintaq və uzunmüddətli həbslərdə məqsəd Türk Silahlı Qüvvələrinin daim gündəmdə saxlanılaraq ictimai fikirdə bir cinayətkar təşkilat olduğu görüntüsünü yaratmaqdır. Fürsətdən istifadə edən bəzi media qurumları hər cür yalan xəbər, iftira və ittihamlarla böyük millətimizin öz silahlı qüvvələrinə qarşı çıxmasına sövq edir”, – deyə Işık Koşaner vida müraciətində vurğulayıb.
Türkiyə Silahlı Qüvvələrinin komandanlığında təmsil olunan generalların istefaya getməsindən sonra ölkə rəhbərliyi və hökumət üzvləri arasında təcili görüşlər keçirilib. Ilk olaraq baş nazir Rəcəb Tayyib Ərdoğan müavini Bəşir Atalay ilə görüşüb. Daha sonra Jandarma baş komandanı Necdət Özəl də həmin görüşə qatılıb. Üçtərəfli görüş 40 dəqiqə davam edib.
Həmin görüşdən sonra Necdət Özəl Çankaya Köşkünə gedib. Özəlin ardınca Köşkə baş nazir Rəcəb Tayyib Ərdoğan gəlib və prezident Abdulla Gülün iştirakı ilə daha bir üçtərəfli görüş burada olub. Görüş başa çatdıqdan sonra Abdullah Gül müşaviri Əfqan Ala ilə görüşüb.
Aparılan danışıqlardan sonra Silahlı Qüvvələrin Jandarma Baş komandanı ordu generalı Necdət Özəl Quru Qoşunları Komandanı təyin olunub. Qərarı Türkiyə prezidenti Abdullah Gül imzalayıb. Başqa qərarla general Necdət Özəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini postuna gətirilib. Ordu generalı Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1980-ci ildə Quru qoşunları Hərbi Akademiyasını bitirib. 2010-cu il avqustun 4-dən etibarən Jandarma Baş Komandanı idi.
Türkiyə müxalifəti generalların istefasına görə hakimiyyəti ittiham edib. Ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası sədrinin müavini Gürsel Tekin Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Işık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının erkən təqaüdə getmək barədə qərarına münasibət bildirib. Onun sözlərinə görə, Türkiyədə qanunlar və ədalət ayaq altına atılıb. Partiya qərargahından yayılan açıqlamada bildirilib ki, CXP sədri Kamal Kılıcdaroğlu ezamiyyətini yarımçıq qoyaraq təcili Ankaraya dönüb.
Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da Işık Koşaner və quru, hava və dəniz qüvvələrinin komandanlarının erkən təqaüdə getmək barədə qərarına sərt təpki verib. Onun sözlərinə görə, baş verən hadisə ölkədə ciddi siyasi böhranın başlanğıcından xəbər verir: “Bu fövqəladə hadisənin ciddi dövlət böhranına qapı açdığı məlumdur”.
Türkiyə mətbuatının yazdığına görə, vaxtından əvvəl istefaya gedən Quru Qoşunlarının komandanlığına ordu generallarından biri təyin olunacaq. “Vatan” qəzeti bu posta ən şanslı namizədin Birinci Ordu komandiri general Hayrı Kıvrıkoğlunun olduğunu yazıb.
Bu il səlahiyyət müddəti 1 il uzadılması gözlənilən Hava qüvvələri komandanı Həsən Aksayın istefasından sonra bu posta Mehmet Ertenin gətirilməsi gözlənilir. 63 yaşlı Mehmet Ertenin rütbəsinin artırılmasından sonra Hava Qüvvələri komandiri olacaq. Dəniz Qüvvələri komandanı admiral Əşrəf Uğur Yigitin yerinə isə donanma komandiri admiral Emin Murat Bilgelin təyin olunması ehtimal edilir.
Xatırladaq ki, vəzifə müddəti 2013-ci ildə başa çatacaq Baş Qərargah rəisi Işık Koşanerin istefasından sonra Quru Qoşunları komandanlığındakı tam general heyəti boşalıb. Bu səbəblə də Quru Qoşunlarında xidmət göstərən bir çox hərbçinin general rütbəsinə yüksəlməsi gözlənilir.
Onu da əlavə edək ki, avqustun 1-də Ali Hərbi Şuranın iclası keçiriləcək. Baş qərargah rəisi postuna yeni təyinat Ali Hərbi Şuranın iclasında müəyyənləşə bilər. Artıq bu şəxsin ordu generalı Necdət Özəl olacağı heç kəsdə şübhə doğurmur.

Elxan