Suriya ordusunda parçalanma

Bəşər Əsədin əmrinə uymayan əsgərlər xalqın tərəfinə keçərək rejimə qarşı savaşa başladılar

Suriyada Bəşər Əsəd rejiminə qarşı xalq etirazları davam edir. Iyulun 29-da Cümə namazından sonra ölkənin müxtəlif yerlərində mitinqlər keçirilib. Məscidlərdə təşkil olunan mərasimdən sonra küçələrə axışan etirazçılar Bəşər Əsədin istefasını tələb edib.
“Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, paytaxt Dəməşq başda olmaqla ölkənin müxtəlif yerlərində baş tutmuş antihökumət aksiyalarına yüz minlərlə insan qatılıb. Hökumət qüvvələri mitinqləri dağıtmaq üçün etirazçılara atəş açıb. Nəticədə 22 nəfər dünyasını dəyişib.
Yayılan məlumatlarda bildirilir ki, dinc aksiya iştirakçılarına atəş açmaqdan imtina edərək ordudan qaçan 3 əsgər hökumət qüvvələri tərəfindən öldürülüb, 13 əsgər isə ağır yaralanıb. Sosial şəbəkələrdə və internet saytlarda nümayişçilərə atəş açmaqdan imtina edərək xalqın tərəfinə keçən əsgərlərin birgə bəyanatı yayılıb.
Video görüntülərdə əsgərlər adından danışan bir zabit vətənləri üçün canlarını fəda etməyə hazır olduqlarını, ancaq xalqa silah çevirmək fikrində olmadıqlarını söyləyib. Əsgərlər bəyanatlarında ordunu xalqın tərəfinə keçməyə və Əsəd rejiminə qarşı mübarizə aparmağa çağırıblar. Onlar bundan sonra xalqı qoruyacaqlarını və Əsəd rejiminə qarşı savaşacaqlarını bildiriblər.

Informasiya şöbəsi