İnqilab dalğası İsrailə sıçradı (FOTOLAR)

Yaxın Şərqi bürüyən etirazlardan İsrail də öz payını aldı; antihökumət aksiyalarına bir gündə 150 mindən artıq insan qatıldı; Netanyahu diktator adlandırıldı

 

“Ərəb Baharı”nın Yaxın Şərq ölkələrində əsdirdiyi küləkdən İsrail də payını aldı. İyulun 30-da Bakı vaxtilə 23:00-da başda paytaxt Təl Əviv, Qüds, Hayfa, Ber Şeva, Aşdod, Nazaret olmaqla 11 müxtəlif şəhərdə eyni saatda təşkil olunan antihökumət aksiyalarına 150 mindən artıq insanın qatıldığı bildirilir. Etirazçılar hökumətdən daha ucuz mənzil və daha yaxşı həyat şəraiti tələb ediblər.

 

İki həftə əvvəl Dafni Lif adlı bir gənc qızın kirayə qaldığı evdən çıxarılmasından sonra Təl Əvivin məşhur “Rotşildt” prospektində çadır qurmasıyla başlayan etiraz dalğası böyüyərək bütün ölkə ərazisinə yayıldı. Daha ucuz yaşayış yerləri tələbiylə başlayan etiraz nümayişlərinə analar, aylardır hökumətlə uzlaşa bilməyən həkimlər, tələbə dərnəkləri, fəhlələr və ölkənin qərb hissəsində yaşayan vətəndaşlar qatılıb.

Nümayişçilər Təl Əviv və digər şəhərlərdə eyni vaxtda başlanan aksiyalar zamanı Netanyahuya “diktator” deyə müraciət ediblər. Etirazçılar “Sədəqə deyil, ictimai ədalət istəyirik”, “Hökumət xalqa, xalq hökumətə qarşı” şüarları səsləndiriblər.

Bundan başqa İsrailin ana müxalifət partiyası “Kadima”nın lideri, keçmiş xarici işlər naziri Tsipi Livni ilə ölkə parlamentinin (Kneset) sədri Reven Rivlin qanunvericilərin yay tətilinə getməsinin doğru olmadığını bildiriblər. Onlar etirazlar davam etdiyi vaxt deputatların istirahətə yollanması qərarının təxirə salınmasını tələb ediblər.