NATO Qəzzafinin teleötürücüsünü dağıtdı

Üsyançıların hərbi liderini kimlərin öldürdüyü bilindi

Liviyada gərginlik davam edir. NATO qırıcıları Müəmmər Qəzzafinin çıxışlarını yayımlayan teleötürücü qurğulara aviasiya zərbələri endirib. Zərbələr nəticəsində Liviya diktatorunun öz tərəfdarlarına müraciət etməsi üçün istifadə olunan üç televiziya ötürücüsü sıradan çxıarılıb.
Ümumilikdə isə iyulun 29-dan 30-na keçən gecə koalisiya qüvvələri diktatorun sonuncu qalası adlandırılan paytaxt Tripolinin müxtəlif bölgələrinə zərbələr endirib. Qəzzafi qüvvələrinin hərbi obyektlərinin hədəf alındığı hücumlar nəticəsində paytaxtda 10-dan artıq partlayış baş verib. Partlayışların bir qismi şəhərin mərkəzində olub, səhər tezdən isə diktatorun iqamətgahının yerləşdiyi rayon bombalanıb. Bundan başqa, Liviya üsyançılarının hərbi lideri Abdel Fəttah Yunisi terror qruplaşması “Əl-Qaidə” terror təşkilatının öldürdüyü açıqlanıb. “AFP” agentliyinin xəbərinə görə, bunu Qəzzafi hökumətinin sözçüsü Musa Ibrahim bəyan edib.
Onun sözlərinə görə, bununla “Əl-Qaidə” üsyançıların  nəzarətindəki Şərqi Liviyada mövcudluğunu bildirmək istəyir. Musa Ibrahim Milli Keçid Şurasının Yunisin qətli haqda xəbərdar olsa da, “Əl-Qaidə”nin qorxusundan heç nə edə bilmədiyini söyləyib. Sözçü bildirib ki, Yunisin öldürülməsi Milli Keçid Şurasının Benqazi üzərindəki nəzarəti itirdiyini göstərir.

Informasiya şöbəsi