Hətta isti yay da siyasəti unutdurmur

Adama elə gəlir ki, yayın sərt istisi siyasəti də unutdurub. Amma qəzetlərə, internetə, televiziyaya baxanda görürsən ki, yox, hər şey özünün dairəsində dövr edir, dövr etməyən şəhərin hər küncündə quraşdırılan fontanlardır, hə, adam onların iş qrafikindən baş aça bilmir ki, bilmir. Hərçənd, bu ölkənin çox işindən baş açmaq müşküldür. Insanları aksiya keçirdiklərinə görə indi mühakimə edirlər. Vallah, mən dünyadakı aksiyalara baxıram, çox nadir hallarda kimisə polisin saxladığı bildirilir. Son vaxtlar ən çox və ən mütəşəkkil aksiya keçirilən ölkə Yunanıstandır. Amma siz bu ölkədə hər hansı məhkəmə və ya siyasi məhbus haqqında eşitmisinizmi?

Aksiyalar da elə-belə keçmir, həmişə iştirakçılarla polis arasında qarşıdurma olur. Amma nə tutulanlar, nə də saxlanılanlar haqda məlumat verilir. Adətən, Avropa ölkələrində insanları saxlayanda da bir neçə saatlığa saxlayıb, sonra azad edirlər, evinə buraxırlar. Başqa cür ola da bilməz. Əgər hər xırda şeydən və əsassız səbəbdən insanları damlasaydılar, onda ölkələr siyasi məhbuslarla dolardı. Təbii ki, insanların aksiyalara görə həbs olunduğu ölkələr də var və biz bunu inkar etmirik. Amma hansı ölkələrdir bunlar? Belarus, Iran və s. O qədər sadə həqiqətdir ki bütün bunlar, adam heç bu mövzuya toxunmaq da istəmir. Deyirlər ki, aksiyaçılar insanların istirahət hüququnu pozur. Məgər hüquqlar nömrələnib və sıralanıb? Deyirlər ki, aksiyalar zamanı xırda qanun pozuntularına, xuliqanlıq hərəkətlərinə yol verilir. Adam burada da çaşır. Bu məsələ ilə bağlı da çox danışılıb. Aksiyalarda polislər iştirakçılardan da çox olur. Polis xuliqanlıq edənləri yerindəcə saxlaya bilmirmi? Nə isə.

Hər şeyin ucundan tutub lap ucuzluğa getmək olar. Amma nə faydası? Onsuz da ölkə qaranlıqdır, ancaq binaların üzü ağardılır, qalan hər şey qara rəngdədir. Indi bunlar sevinir ki, hansısa jurnal bir nömrəsini Azərbaycana həsr edib. Mən bilmirəm, həmin jurnalda nə yazılıb və müasir dünyaya, jurnalistikaya bələd adam kimi bu, məni heç təəccübləndirmir də. Təəccüblü odur ki, “Freedom House” və yaxud ABŞ Konqresinin alt komitəsinin Azərbaycan haqqında dediklərinin hamısını bunlar “subyektiv mülahizələr” adlandırırlar. Kimsəni maraqlandırmayan və kimsənin adını bilmədiyi hər hansı bir jurnal, tutaq ki,  dünyada “Freedom House”dən nüfuzlu mənbədir? Əslinə qalsa buna, məhz belə hallara təəccüblənmək lazımdır və həm də təəssüflənmək lazımdır. Indi dünyada yazan çoxdur, amma ciddi siyasət və iqtisadiyyat adamları yaxşıca bilirlər ki, kimin münasibəti daha mühümdür, kimin münasibətini isə nəzərə almamaq da olar…Dünyanın təbliğat əqrəbi yenə də döndü

Norveç hadisələrindən sonra diqqət sağçı təşkilatlara tərəf yönəldi. Amma yenə də bir məsələ qarışdırıldı, köhnə təbliğat ştampları olmadan keçinə və bunlarsız danışa bilmədilər. Avropanın da bir qüsuru var, hər şeydə çalışıb bir mühacir izi axtarırlar, diqqəti ona yönəldirlər. Əslində kimliyindən asılı olmayaraq bütün radikal və ekstremist dini qruplar, radikal sağçı elementlər təhlükəlidir. Amma onlar hansı dində yoxdur? Onlar hansı millətdə yoxdur? Əslində bütün dinlərdə həm tolerantlıq, həm də radikallıq, dözümsüzlük və ksenofobiya üçün zəmin var. Baxır, insanlar dinlərin hansı tərəfini götürür.Sadəcə, fundamentalizm təkcə islama o qədər yapışdırılıb ki, insanlar başqa dinlərdə bunun olmadığını güman edirlər. Amma fundamentalizm xristianlıq və iudaizmdə də var, hətta bütpərətslikdə də mövcuddur. Lap dərinə varsan bu, dinlərin mahiyyətindən daha çox bizim həmin ehkamlara nə qədər bağlı olmağımızdan, onlara münasibətimizdən asılıdır, radikalizmi, ksenofobiyanı və fundamentalizmi dinlər yox, ayrı-ayrı dindarlar yaradırlar, bir çox şeylər biz insanların təxəyyülünün və əməyinin məhsuludur, bunun Göylərə elə də dəxli yoxdur. Bu, təxminən ona bənzəyir ki, sən bir nəfəri götürüb elə onun timsalında bütün millət haqqında mühakimə yürüdürsən. Amma millət təkcə bir nəfərdən ibarətdirmi? Yox, yox və yenə də yox!