Mətbuat günü faciəsi

“Azərbaycan Mətbuat Şurasının, Kütləvi Informasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KIVDF) üzvləri mətbuatın yaranmasının 136 illiyi münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftolmoloq, akademik Zərifə Əliyevanın, daha sonra ”Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər”.
Bəlkə də bu cümləyə hansısa şərh yazmağa ehtiyac yoxdur, elə sadəcə sitatı şərhsiz də vermək olardı, amma bilməyənlər var, onların da xəbərdar olması üçün deyilməsini gərəkli saydıq. Hər il Mətbuat günündə ilk xatırlanan onun yaradıcısı Həsən bəy olur. Sonra ardıcılları – Nəcəf Nəcəfov, söz üstündə qətlə yetirilən Elmar Hüseynov, şəhid jurnalistlər yada düşür, məzarları ziyarət olunur.

Mərbuatla bağlı iki dövlət qurumusa ilk ziyarəti Heydər Əliyevdən başlayır. Mətbuat günündə Heydər Əliyev və Zərifə Əliyevadan “daha sonra” xala xətrin qalmasın deyib, yolüstü Zərdabinin də məzarına baş çəkirlər. Hətta əklil də qoyublar. Utanmasan ziyarətə nə var? – yeni el məsəlidir. Amma düzünə qalsa, Zərdabi onlara nə verib ki, kişini yad eləsinlər. Jurnalistika bazarında qazandıqları üçün bir nəfərə borcludurlar. Əslində heç Zərdabinin qəbri üstə getməməliydilər. Biz bir qrup jurnalistlə mətbuatımızın yaradıcısını ziyarət edəndə onların əklili məzarın qabağındaydı. Lentin üstünə nəsə yazmışdılar da. Diqqətimi heykəldəki çatlar çəkdi. Bunun təzə, yoxsa köhnə olduğuna açığı, fikir vermədim… Məncə, çörəyini yedikləri adamın heykəli olan yeri ziyarət etmək yetərliydi. Ruhları narahat etmək heç yaxşı iş deyil. Bütləşdirdiklərinə sitayiş bəs idi.

Məsələn, bu şəklə diqqətlə baxın, “Space”nin rəhbəri Vaqif Mustafayevdi. “Əyilməsən ucalmazsan” deyiminə sadiq adamlardandır. Bu sadiqliyindəndir ki, hələ də  ucalardadır…


Maraqlıdır ki, builki 22 iyul təkcə bununla yadda qalmadı; mətbuat günündə Ilham Əliyev müğənni Aybəniz Haşımovaya ev hədiyyə etdi. Niyəsi bilinmədi. Bəlkə son çağlar hansısa verilişdə aparıcılıq elədiyindən jurnalist biliblər… Hər şey mümkündür. Bəziləri A.Haşımovanın qızının “Slavyan bazarı” müsabiqəsində iştirakına görə mükafatlandırıldığını düşünür. Burda da məntiq yoxdur. 20 ölkənin qatıldığı bu musiqi yarışmasında Aynişan Quliyeva 18-ci yerdə qərarlaşmışdı, üstəlik, təmsil etdiyi Azərbaycanın bayrağını da tərsinə tutmuşdu. Lap elə Ilham Əliyevin görüşlərində olan sayaq. Həmişə belədir, bayrağa sevgisi olanlar türməyə basılır, onun altında min oyundan çıxan, ali məclislərdə bayrağı baş-ayaq tutanlar yuxarı başa çəkilir.

Həmkarlarıma “həmkarlar” sürprizi

Yazını xoş ovqatla bitirək. Daha bir dövlət qurumu – Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyası jurnalistlər üçün yazı müsabiqəsi elan edib. Mükafat fondu 10 min manat olan müsabiqənin başlıca şərtlərindən biri odur ki, yazı çıxan qəzet “Mətbuat Şurasının tərtib etdiyi ”qara siyahı”da olmasın”…

Insafən pis məbləğ deyil, 21 jurnalistin qazanmaq şansı var. Amma nədən yazacaqları maraqlıdır. “Azərbaycan həmkarlar ittifaqının həyatından bəhs edən ən yaxşı yazı, teleradio süjeti”ni tapmaq jurnalistlər üçün çətin olmayacaq ki? Olmayan şeydən yazmaq həqiqətən zor…