Əli Abbasov açıqlamasını niyə dandı?

«Azərcell» və «Bakcell»ə lisenziya verilməsi hakim ailə tərəfindən əngəllənir

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “Azərcell” və “Bakcell”ə 3G xidməti göstərmək üçün lisenziya vermək istəmir. Ən yaxşı halda isə müxtəlif bəhanələrlə vaxtı uzadır. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, Əli Abbasovun bu addımına səbəb “Azərfon” şirkətinin daha üstün mobil operator imicini formalaşdırmaqdır. Və nazir bunu yüksək dairələrin sifarişilə həyata keçirir.
“Azərfon”un hakim ailəyə məxsus olduğu artıq sirr deyil. Bir müddət əvvəl “Azadlıq” radiosu sənədlərlə bu faktı sübut edib. Bu baxımdan inzibati üsullarla mobil rabitə bazarında “Azərfon”un lider olmasına çalışılır.
Yeri gəlmişkən, Əli Abbasov lisenziya məsələsi ilə bağlı ard-arda iki ziddiyyətli açıqlama verib. Nazir iyulun 16-da  mətbuatda yayılan açıqlamasında deyib ki, yaxın vaxtlarda “Azərcell” və “Bakcell”ə 3G xidməti göstərmək üçün lisenziya veriləcək. Onun sözlərinə görə, artıq bununla bağlı bütün işlər yekunlaşıb, yalnız texniki məsələlər həll olunur: “Texniki problemlər həll olunduqdan sonra hər iki operatora bu xidmət üzrə lisenziya verilə bilər”.  
Lakin bir neçə gün sonra Əli Abbasov tamamilə başqa mövqe sərgiləyib. Nazir bildirib ki, “Azərcell” və “Bakcell” hökumətin qoyduğu şərtləri yerinə yetirəndən sonra lisenziya alacaq. Şərtlərə gəlincə, nazir deyib ki, operatorlar arasında olan trafik mübadiləsi görünməli, daşınan nömrələrə keçilməsi və operatorlar arasında trafik mübadiləsində qiymət aşağı salınmalıdır. Əli Abbasovun sözlərinə görə, bu şərtləri qəbul edəndən bir saat sonra “Azərcell” və “Bakcell”ə lisenziya veriləcək.
Göründüyü kimi, Əli Abbasov ikinci açıqlaması ilə birincini təkzib edib. Görünür, nazirin “Azercell” və “Bakcell”ə  lisenziya veriləcəyini açıqlaması “yuxarılar”ın xoşuna gəlməyib. Əli Abbasova bir tərs baxış edilib ki, dediklərini dansın. Və “Azərfon”un rəqiblərini hədələsin.

 

İnformasiya şöbəsi