Ödənişli təhsil, Naxçıvandakı totalitarizm və siyasi məhbus probleminə qarşı sərt mövqe ortaya qoyuldu
Ictimai Palatanın növbəti sessiyası ötən gün Müsavat Partiyasının qərargahında keçirildi. Rotasiya qaydasına uyğun olaraq, sessiyaya Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal sədrlik edirdi. Gündəlikdə Ictimai Palataya yeni üzvlərin qəbulu, ölkədəki ictimai-siyasi vəziyyət və cari məsələlərin müzakirəsi var idi.
Vidadi Mirkamal sessiyalararası dövrdə Ictimai Palata üzvlərindən gələn təkliflərin hamısının Koordinasiya Şurasının iclaslarında müzakirə edildiyini bildirərək, təkliflərə qurumun münasibətini də açıqladı. Təhsil və siyasi məhbus problemilə bağlı bəyanat layihəsi də Ictimai Palatanın müzakirəsinə təqdim edildi.
Yeni üzvlər
Təşkilati məsələlərin müzakirəsi zamanı Ictimai Palataya yeni üzvlərin qəbuluna baxıldı. Üzvlük üçün müraciət edən 22 nəfər səsvermə yolu ilə Ictimai Palataya qəbul edildi. Yeni üzvlər hüquqşünaslar, keçmiş hərbçilər və müxtəlif partiyaların təmsilçiləri idi.
Yeni üzvlərin qəbulundan sonra müzakirələr başladı. Ilk çıxışçı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli oldu. O, ölkədəki ictimai-siyasi durum, həmçinin Ictimai Palatanın gördüyü işlər, qarşıda duran vəzifələr barədə danışdı.
Ictimai Palatadan başqa heç bir siyasi təşkilatın cəsarəti çatmadı…
AXCP sədri bildirdi ki, hakimiyyətin və müxalifət adına iddia edən bəzi qüvvələrin Ictimai Palatanı gözdən salmaq, fəaliyyətini iflic etmək istiqamətində bütün səyləri nəticəsiz qalıb. Əksinə, ötən müddətdə Ictimai Palata daxili və xarici siyasətdə real alternativ, əsas güc mərkəzi olaraq formalaşıb.
Ictimai Palatanın sessiyalararası müddətdə gördüyü işləri sadalayan Əli Kərimli dedi ki, Azərbaycanın müxtəlif təbəqələrini narahat edən problemlər, o cümlədən Kür daşqınlarından əziyyət çəkən vətəndaşların hüquqlarının qorunması, həbsxanalardakı durum, siyasi məhbusların vəziyyətilə bağlı geniş tədbirlər keçirib.
Əliyevlər ailəsinin korrupsiya əməllərilə bağlı Ictimai Palatanın keçirdiyi tədbiri də əhəmiyyətli fakt kimi qeyd edən AXCP sədri dedi ki, ölkədə Ictimai Palatadan başqa heç bir siyasi təşkilatın bu problem barədə uca səslə danışmağa cəsarəti çatmadı.
“Əsas ümid yerimiz Azərbaycan xalqıdır”
ABŞ Konqresində, Avropa Biriliyində keçirilən dinləmələrdə Azərbaycan hakimiyyətinin avtoritar təbiətinə əsl qiymət verilməsini müsbət hal kimi dəyərləndirən Əli Kərimli bununla belə, ölkədə real dəyişikliklər üçün belə hadisələri yetərli saymadı: “Bəli, bunlar bizə mənəvi dəstəkdir. Bizi sevindirir ki, dünyaya haqlı olduğumuzu sübut etmişik. Bizim səylərimiz davam etməlidir ki, beynəlxalq birlik 2003, 2005-ci ildəki kimi bizim qələbəmizi görməzdən gəlməsin, mənəvi haqqımıza heç kim göz yummasın”.
AXCP sədri beynəlxalq birliyin mənəvi dəstəyindən daha vacib fakt və əsas ümid yeri kimi Azərbaycan xalqını ünvan göstərdi. O bildirdi ki, xalqla açıq və səmimi söhbətlər aparılmalıdır. Vətəndaşlara bildirilməlidir ki, Ictimai Palatanın apardığı mübarizə hakimiyyət davası deyil, bu, dəyərlər savaşıdır, ideallar uğrunda mübarizədir.
Daha şərəfli həyat…
Əli Kərimli Ictimai Palatanın 2 aprel mitinqinə görə həbsə atılan şəxslərin müdafiəsi istiqamətində də çıxış etdi. O bildirdi ki, bu məhkəmə şərlə xeyirin döyüş meydanıdır, orada hər kəsin fəal olması vacibdir: “Biz inanırıq ki, hamımızın dostu Arif Hacılıya məhbus həyatı harın məmurların dəbdəbəli həyat tərzindən daha şərəflidir. Biz inanırıq ki, məhkəmədə ”mən avtobusun qapısını yox, Azərbaycanda demokratiyanın, azadlığın qapısını açmaq istəyirdim” deyən Sahib Kərimovun mübarizəsi təyinatlı deputatların fəaliyyətindən daha şərəflidir. Inanırıq ki, bizim sıravimiz, “mən Qarabağ qazisi ola-ola, döyüşlər zamanı fərarilik edənlərin evində kirayə yaşayıram” deyən Babək Həsənovun haqq-ədalət tələbilə mübarizə aparması çox şərəfli həyatdır. Biz məhbus gənclərimizin həyatını yaltaq və məddahların həyatından daha şərəfli sayırıq”.
Boykot təklifi
Azərbaycan Milli Demokrat Partiyasının sədri, Ictimai Palatanın üzvü Qələndər Muxtarlı çıxışında siyasi məhbuslara məhkəmədə hakimiyyətin məkrli siyasətini ifşa etmək boykot taktikasını seçməyi təklif etdi. Dedi ki, bir müddət məhbuslar və onların vəkilləri məhkəmə iclaslarına çıxmasın və ya məhkəmə zamanı məhbuslar arxalarını hakimə çevirərək, bu yolla etirazlarını bildirsinlər.
Pənah Hüseyn narahatdır
Növbəti çıxışçı Pənah Hüseyn Ictimai Palata üzvlərini siyasi məhbuslara yardım məqsədilə elə sessiyadan dərhal sonra ianə verməyə çağırdı. O həmçinin bildirdi ki, Ictimai Palata bəzi vacib sənədləri müzakirəyə çıxarmalıdır. Məsələn, bir qədər əvvəl hazırlanan “Demokratiyaya keçidin yol xəritəsi”ni.
Bundan başqa, Pənah Hüseyn Ictimai Palatanın daxili nizamnaməsinin hazırlanmasında gecikməni tənqid etdi. Pənah Hüseyn sentyabrda kütləvi aksiyalara başlamaq təklifilə çıxaş etdi. Onun bu təklifini Ictimai Palata üzvü Mustafa Hacıbəyli də dəstəklədi.
Ictimai Palatanın iclası Naxçıvanda keçirilsin!
Ictimai Palata üzvü Ibrahim Ibrahimli ölkənin siyasi həyatında bu qurumun rolundan danışaraq özünə məxsus təsnifatlaşdırma apardı: “Azərbaycanda hakimiyyət dəyişikliyilə bağlı iki cür düşünənlər var: bədbinlər və nikbinlər. Bədbinlər düşünür ki, dəyişiklik 2013-cü ildə olacaq, nikbinlər isə 2013-cü ilədək olacaq, deyirlər”.
Ibrahim Ibrahimli çıxışında Naxçıvandakı acınacaqlı vəziyyətə də toxundu. O, Naxçıvanda gerçək diktatura və totalitarizm hökm sürdüyünü vurğulayaraq təklif etdi ki, Ictimai Palatanın növbəti yığıncağı Muxtar Respublikada keçirilsin.
Ödənişli təhsilə yox!
Ictimai Palataya yeni üzv yazılan Vurğun Əyyub qurumun təhsil problemlərinə diqqət yetirilməsini müsbət qiymətləndirərək təklif etdi ki, Ictimai Palatanın təhsillə bağlı verəcəyi bəyanatda dövlət təhsil müəssisələrində ödənişli fakültələrin birmənalı şəkildə ləğv edilməsi tələbi qoyulsun. Vurğun Əyyub həmçinin bildirdi ki, Ictimai Palata saxta müxalifət təşkilatlarıyla əməkdaşlıq məsələsini kənara qoyaraq, öz siyasətini inamla yürütməlidir.
Ictimai Palatanın gənc səsləri
Ictimai Palatanın üzvü Əbülfəz Qurbanlı Koordinasiya Şurasının gənclər komissiyasının yaradılması təklifini dəstəklədi. O, hökumətin yeni hazırladığı Gənclər Proqramını tənqid edərək bildirdi ki, indiyədək hökumətin həyata keçirdiyi 2 gənclər proqramı ideoloji xarakter daşıyıb və 2 milyondan artıq azərbaycanlı gəncin problemlərinin həllinə yönəlməyib. Əbülfəz Qurbanlı təklif etdi ki, Ictimai Palata alternativ gənclər proqramı işləyib hazırlasın.
Bundan başqa, Əbülfəz Qurbanlı Ictimai Palata üzvlərini 2 aprel mitinqilə əlaqədar həbs olunanların məhkəməsində aktiv iştiraka da səslədi.
Ictimai Palatanın daha bir gənc təmsilçisi Səxavət Soltanlı da məhkəmə prosesilə bağlı həmyaşıdının dediklərinə dəstək verdi. O, eyni zamanda, məhkəmələrə mediada diqqətin artırılması istiqamətində Ictimai Palata rəhbərliyinin müəyyən tədbirlər görməsini məqsədəuyğun saydı.
Aksiyalar
Ictimai Palatanın üzvü Kəmalə Xəlilova təklif etdi ki, Naxçıvandakı dəhşətlərə etiraz olaraq Bakıda Naxçıvan nümayəndəliyi qarşısında aksiya keçirilsin. O, eyni zamanda, Ictimai Palata üzvlərini siyasi məhbusların məhkəməsinə dəstəyi, diqqəti artırmağa çağırdı.
Siyasi məhbus Tural Abbaslının anası, Ictimai Palatanın üzvü Baxışxanım Abbasova isə təklif etdi ki, qurum avqust ayı üçün fəaliyyətində prioritet kimi təhsil haqlarının azaldılması məsələsinə diqqət yetirsin. Bundan başqa, Baxışxanım Abbasova sentyabrda etiraz aksiyalarına başlamağın tərəfdardır. Onun fikrincə, hökumətdən aksiyaların keçirilməsi üçün yer almağa çalışmaq lazımdır: “Biz yer ala bilsək, hakimiyyətdən narazı olan bütün sosial təbəqələri yanımızda görəcəyik”.
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının təmsilçisi Ədalət Yusifov gündəlikdən kənar çıxış edərək partiyadaşlarının Ictimai Palatanın ünvanına qəbul olunaz ifadələr səsləndirdiyini bildirərək, bunların mənəvi-siyasi məsuliyyətindən azad olmaq üçün KXCP-nin rəsmi təmsilçiliyindən imtina etdi. Ictimai Palatanın ölkə həyatında yüksək mövqeyini təqdir edən çıxışçı bildirdi ki, onun verdiyi qərar Ictimai Palatadan istefa anlamına gəlməməlidir: “KXCP üzvləri Ictimai Palatada, mən də Koordinasiya Şurasında üzv kimi fəaliyyətimi davam etdirəcəyəm”.
Sessiyada təhsil eksperti, Ictimai Palatanın üzvü Nabatəli Qulamoğlunun, Valeh Hümbətovun, hüquqşünas Namizəd Səfərovun da təşkilatlanma və gündəlikdə duran məsələlər barədə çıxışları dinlənildi.
“Ictimai Palata ilə Azərbaycan siyasətinə yeniliklər gətirdik”
Sonda Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, Müsavat partiyasının başqanı Isa Qəmbər çıxış etdi. Azərbaycanda iki əsas qüvvə – hakimiyyət və Ictimai Palata arasında qızğın mübarizə getdiyini deyən Müsavat başqanı bu baxımdan Ictimai Palatanın fəaliyyətini yüksək dəyərləndirdi: “Biz Ictimai Palatanı formalaşdırmaqla Azərbaycan siyasətinə yeniliklər gətirdik. Təşkilatı seçkidən sonra yox, əvvəl yaratdıq. Bu birliyi biz yaradarkən dünyada gedən prosesləri qabaqlayan bir qərar verdik. Ictimai Palatanı təsis edən şəxslər dünyadakı prosesləri nəzərə alaraq addım atıblar. Bu isti yay günlərində Ictimai Palatadan başqa toplantılar, tədbirlər keçirib, məhkəmələrdə iştirak edən bir təşkilat yoxdur. Bizim bütün fəaliyyətimiz məmləkətin problemlərini həll etməyə, hakimiyyəti ifşa etməyə yönəlib. Hazırda Ictimai Palatanın dünya miqyasında tanınması prosesi gedir. Bu yaxınlarda Avropa parlamentinin üç deputatı təklif edib ki, Avropa Birliyi Azərbaycana və Ictimai Palata məsələsinə diqqət yetirməlidir. Azad dünyanın mövqeyi Azərbaycan hökumətinə çatdırılır. Ictimai Palatanın fəaliyyəti bundan sonra da davam edəcək. Ölkəmizin problemlərinin araşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik. Məhkəmələrə diqqət artırılmalıdır. Biz ora yığışmaqla həbsdə olan dostlarımıza, qardaşlarımıza dəstək olmalıyıq”.
“Sentyabrın sonunadək gücümüzü göstərməliyik”
“Biz azadlıq uğrunda həbsxanaya düşməyə hazır olan adamlarıq” söyləyən Isa Qəmbərin çıxışı alqışlarla qarşılandı. Sentyabrda Azərbaycan üçün əhəmiyyətli hadisələrin baş verəcəyini xatırladan natiq dedi ki, həmin vaxt hakimiyyət siyasi kursu ilə bağlı vacib seçim etməlidir. Ya Avropa Birliyinə assosiasiativ üzvlük müqaviləsinə imza atmağa “hə” deməlidir, ya da “yox”. Bu tədbirin təxminən sentyabrın 30-da gerçəkləşəcəyini xatırladan Isa Qəmbər bildirdi ki, o vaxta qədər Ictimai Palata hansısa formada (mitinq və ya başqa variantda) öz gücünü nümayiş etdirməlidir.
Müsavat başqanı Qarabağ məsələsinin də çox ciddi şəkildə gündəmdə dayandığını qeyd etdi: “Biz bu məsələdə ayaq üstə olmalıyıq”.
Natiq