“Analoqu olmayan” ölkənin uğursuzluğu

Aslan Ismayılov, vəkil

Tənqid yoxdursa, inkişaf da yoxdur

Gəncliyim idmanla sıx bağlı olduğundan və hər bir idman növünün müəyyən milli keyfiyyəti üzə çıxaran göstərici olduğunu hesab etdiyimdən, xüsusilə azərbaycanlıların iştirakı ilə keçirilən yarışları izləməyə çalışıram. Bütün dünyada tarix boyu ən elitar idman növlərindən sayılan şahmat isə ilk növbədə bir millətin intellektinin ölçü meyarı olduğu üçün ona ictimaiyyətin münasibəti də məxsusi olmalıdır, düşünürəm.

Şahmat uzun illərdən bəri Azərbaycanın qürur mənbəyi olub. Dünya şahmatının ulduzları olan Kasparov, Sofiyeva məhz Azərbaycan şahmat məktəbinin yetirmələridir. Hətta şahmatı bütün dünyada ilk dəfə kompyuterləşdirən də 15 il boyunca Azərbaycan Şahmat Federasiyasının prezidenti postunu tutan və bu vəzifədən Kasparovun təkidilə istefa verən görkəmli alimimiz Çapay Sultanov olub. Məni şahmat barədə yazmağa məcbur edən də məhz belə parlaq keçmişi olan şahmatımızın bugünkü durumu və bu duruma olan biganəlikdir. Çinin Ninqbo şəhərində 15-27 iyul tarixində Şahmat Komandaları arasında keçirilən Dünya Çempionatında milli komandamız 7-ci yeri tutaraq acınacaqlı nəticə göstərdi. Ölkəmiz üçün bu nəticənin nə qədər uğursuz olmasının əsas göstəricisi isə Ermənistan yığmasının Ninqbo şəhərində keçirilən Dünya Şahmat Komandaları arasında çempionatda birinciliyidir. “Avroviziya” birinciliyinə nə qədər sevinmişdimsə, 27 iyul Ninqbo şəhərindəki uğursuzluğa da o qədər məyus oldum. Bu, birbaşa ölkəmizin beynəlxalq nüfuzuna vurulan zərbədir. Çünki Ermənistan bütün dünya qarşısında intellektinin təntənəsini nümayiş etdirərək bizdən bu sahədə üstün olduğunu göstərdi. Bundan əvvəl isə son 5 ildə erməni yığması 2 dəfə olimpiya çempionu olub…

Bir müddət öncə dünya şöhrətli futbolçumuz Ələkbər Məmmədovun Bakı Caz Mərkəzində keçirilən yubiley gecəsində Azərbaycan şahmat məktəbinin tanınmış yetirməsi olan Leonid Listenqartenlə tanış oldum və onunla söhbətimizdə bildirdi ki, azərbaycanlıların intellektual səviyyəsi, bu sahədə olan bacarığı Azərbaycanın bugünkü geniş maddi imkanları ilə birləşdirilsə, komandamız, heç şübhəsiz, şahmat sahəsində dünya birinciliyini əldə edə bilər. Bəs bu cür məyusedici məğlubiyyətimizin səbəbi nə idi? Bunun səbəbini birbaşa şahmat sahəsində olan nəzarətsizlikdə görürəm. Dünya praktikasından bildiyimiz kimi, şahmat federasiyasının üzvləri sırasında şahmat üzrə mütəxəsislər, şahmat çempionları, alimlər, ziyalılar və s. görə bilərik. Bizdə isə bu təbəqənin üzvləri şahmat federasiyası üzvləri sıralarında yox dərəcəsindədir. Bunun əksi olaraq Federasiya üzləri sırasında əsasən bankirlərə, aqronomlara, musiqiçilərə, pensionerlərə və s. rast gələ bilərik. Axı necə olur ki, Azərbaycan 10 komanda arasında göstəricisinə görə 2-ci yer tutur, lakin yekun nəticə olaraq 7-ci yerlə kifayətlənir? Belə ki, FIDE-nin Elo reytinqi üzrə Milli Komanda üzvlərinin göstəricisi 2737-yə bərabərdir. Çempionatda birinciliyi əldə edən Ermənistan isə 2709 xallıq göstərici ilə iştirakçı komandalar arasında 4-cü yerdə dayanırdı. Bundan əlavə, Azərbaycanda şahmata ayrılan vəsait Ermənistanda ayrılan vəsaitdən dəfələrlə çoxdur. Bəs Federasiyaya faktiki başçılıq edən Faiq Həsənov bu günə qədər bir dəfə də olsun ictimaiyyətə şahmat üzrə hesabat verdimi? Şahmat Federasiyasına ayrılan pulların hesabatı ondan tələb olunubmu? Ayrılan pulların auditi aparılıbmı? Kimlərsə istefa veribmi, vəzifədən kənarlaşdırılıbmı?

Hesab edirəm ki, bütün sadaladıqlarımdan daha təhlükəli olan bu məğlubiyyətə cəmiyyətin və ən əsası mətbuatın biganəliyidir. Çünki yerli telekanalların əksəriyyəti bu barədə, ümumiyyətlə, xəbər vermədi, biri komandamızın göstəricisi barədə xəbər verdi, digəri isə ötəri şəkildə komandamızın və Ermənistanın göstəricilərinə dair statistik məlumat verdi. Bu cür göstəricilərin səbəbini, kökünü araşdıran, bunun hesabatını soruşan xəbərə rast gəlmədim. Məncə, belə biganəlik hələ çox uğursuzluqların başlanğıcı ola bilər…