Müxalifətin beyin mərkəzi…

Varsa, nəticə olacaq, yoxdursa…

Azərbaycanda müxalifət var. “YOXDUR” deyənlər, zəhmət çəkib postsovet ölkələrindəki siyasi proseslərə nəzər yetirsinlər. Əminliklə qeyd edirəm, heç bir postsovet dövlətdə Müsavat Partiyası və AXCP ilə müqayisə olunası müxalifət partiyası yoxdur. Azərbaycanda passiv mövqedə dayanan qüvvələri də müxalif partiyalarla bir sıraya qoysaq, çox maraqlı siyasi mənzərənin şahidi olarıq.
Rejimin əli dubinkalılarının qorxusundan cəmiyyətin böyük bir kəsimi narazılığını açıq şəkildə ifadə edə bilmir, bu, reallıqdır. Zira, münbit şərait yaranan kimi o narazı kəsim ən sərt şəkildə rejimə olan etirazını nümayiş etdirəcək.
Bu gün hələ ki, ən ağır yük Müsavatın və AXCP-nin çiynindədir.
Bu iki partiya Azərbaycanın demokratikləşməsi istiqamətində dönməz fəaliyyət göstərir.
Və xüsusi qeyd etməyə dəyər ki, həm müsavatçıların, həm də cəbhəçilərin FƏDAKARLIĞI cəmiyyəti total depressiyadan xilas edir.
Kimlərsə razılaşmaya bilər, Azərbaycanda avtoritar bir rejimin formalaşması üçün qan-tər tökənlər öncə qarşılarında Müsavat Partiyasını və AXCP-nin dayandığını görür.
Müsavat Partiyası və AXCP rejimin qanunazidd hərəkətlərinə qarşı çıxır çiçəklənən korrupsiya və rüşvətə qarşı ən sərt şəkildə münasibət sərgiləyir, demokratik, şəffaf və obyektiv seçki keçirilməsinə nail olmaqdan yana meydanlara axışır, cəmiyyətin QORXUdan xilası üçün çaba göstərir.
Opponentlik iddiasında olanlar “bəs nəticə” deyib, istehza edə bilər.
O istehza Azərbaycanın mövcud durumunda yerinə düşməsə də, özündə obyektivlik ehtiva edir.
Gerçəkdən nəticə yoxdursa, əks-tərəf istehza ilə danışacaq.
Məqsədə çatmaq üçün qət ediləcək məsafəyə dözümsüzlük bizdə adət halını alıb. Çoxları bu məsafənin uzunluğundan əndişələnir, qorxur, çəkinir, ümidsizliyə qapılır və mübarizənin səmərəsizliyi qənaətinə gəlirlər.
Marafonu sonadək qət etmək hamıya qismət olmur. Büdrəyənlər, sınanlar, sındırılanlar olub, olur və olacaq da.
Nədən ki, afaliya (iradəsizlik) avtoritar rejimlərdə sürətlə təzahür edir, bunu yaddan çıxarmaq olmaz.
Ancaq nəticəyə təsir edə biləcək bir faktor var ki, onun barəsində həm Müsavat Partiyası, həm də AXCP düşünmək zorundadır.
Bu faktor BEYIN MƏRKƏZI faktorudur.
Müəyyən səbəblər üzündən bu iki partiyanın BIRLƏŞMƏ məsələsi arxa plana keçib və o “səbəblər” artıq çoxlarına bəllidir.
Ən azı Müsavat Partiyası və AXCP bu gün BEYIN MƏRKƏZI məsələsində birləşməyi bacarmalıdır.
Səhv etmirəmsə, hər iki müxalifət partiyasında Analitik Mərkəz var. Və dərhal vurğulamaq gərəkdir ki, o mərkəzlərin fəaliyyətini qənaətbəxş saymaq olmaz.
NƏTICƏnin BEYIN MƏRKƏZIndən nə qədər asılı olmasının gərəkliyini geniş yazmağa lüzum görmürəm. Lakin onu xüsusi vurğulamaq istərdim ki, Müsavat Partiyasının və AXCP-nin vahid Analitik Mərkəz yaratması və hər iki partiyada fəaliyyət göstərən analitik təfəkkürlü funksionerlərin bu mərkəzdə cəm olması çox faydalı olar.
Davamlı və nizamlı şəkildə Azərbaycanda cərəyan edən prosesləri, rejimin daxili və xarici siyasətindəki boşluqları təhlil edib fəaliyyət proqramı hazırlamaq təbii ki, faydalı olacaq.
Gəlin, etiraf etməyi bacaraq. Azərbaycandakı rejimin dəyişməsi üçün 20 il əvvəllki metodlardan istifadə etmək yetərli deyil. Uca səslə şüar deməklə, bəlağətli nitq söyləməklə, məhəbbət, qardaşlıq mahnıları oxumaqla rejimin dəyişəcəyini düşünmək, sadəcə, sadəlövhlükdür.
Indi qanun çərçivəsində mübarizə aparmaq üçün elmə söykənən və beyin mərkəzinin süzgəcindən keçən metodların tətbiqinə üstünlük verilməlidir.
Rejimin dəyişmə planı hər hansı liderin hazırladığı gizli plan əsasında gerçəkləşə bilməz. Bunu müxalifətin bəzi ideya istehsalçılarının nəzərinə çatdırmaqla altını cızaraq qeyd etmək istəyirəm ki, təkcə BEYIN MƏRKƏZIndə hazırlanmış mübarizə metodları effekt verə bilər.
Bu gün Müsavat Partiyası və AXCP güclü bir Beyin Mərkəzi yaratmaq iqtidarındadır.
Unutmayaq, hansı müxalifət partiyası ki, BEYIN MƏRKƏZIndən yararlanır, NƏTICƏ uzaqda olmur.
Bu mərkəz yoxdursa, opponentlər haqqımızda hər zaman istehza ilə danışacaqlar.
Və haqq edəcəklər.