Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında möhtərəmimizin ermənilərin ünvanına səsləndirdiyi fikirlər bir siyasətçiyə yaraşmasa da, azərbaycanlıya yaraşırdı. Ermənistan işğalçıdır, torpaqlarımızı zəbt edib, qətliamlar törədib; Sərkisyan avtoritar rejimin başçısıdır, ölkəsində siyasi-iqtisadi azadlıqların kökünü qazıyır, ermənilər baş götürüb vətənlərindən qaçırlar; cəmi 1,8 milyon əhalisi qalıb, onlar da səfil və sərgərdan gündə! Doğrudan da xarici ianələr olmasa, Ermənistan məhvə məhkumdur.
Ilham Əliyev doğru dedi, həqiqəti ifadə etdi. Amma özü xurma yeyən birisinin başqasını xurma yeməkdə suçlaması qədər absurd və ədalətsiz yanaşmadır bu!
Axı, Azərbaycan əhalisinin də, az qala tən yarısı səfalətdən, siyasi və iqtisadi azadlıqların olmamasından xaricə qaçmağa məcbur olub! Bu ölkədə avtoritarizm Ermənistandan daha dəhşətli səviyyədə tüğyan edir: monopoliyalar ölkəni talayır, azad söz məhv edilir, danışanın dilini, boyu görünənin başını kəsirlər; rüşvət və korrupsiya ölkəni büsbütün dağıdır.
Ermənistan xarici ianələrin ümidinədirsə, Azərbaycanın dövlət büdcəsi də büsbütün neft və qazdan asılı vəziyyətdədir. Neft və qaz – yəni Allahın bu xalqa verdiyi təbii sərvətlər olmasa, Azərbaycan iqtisadi baxımdan Ermənistandan daha acınacaqlı vəziyyətə düşər. Ki, Ilham Əliyevin sayəsində ən geci 12-14 ildən sonra biz bu dəhşəti yaşayacağıq. Çünki neft vəsaitlərindən ölkənin iqtisadi qüdrətinin artması, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun yaradılması istiqamətində istifadə olunmur – bu vəsaitlər korrupsiya layihələrinə xərclənib talan edilir. Talanan, oğurlanan, dağıdılan neft pulları bəs deyilmiş kimi Azərbaycanı ələ keçirən bir qrup mafioz dəhşətli rüşvətxorluqla xalqı var-yoxdan çıxarmaq yolunu tutub.
Öz ölkəsində belə dəhşətli siyasi-iqtisadi şərait yaradan bir prezident heç bir halda düşmən ölkəni bu məsələlərdə ittiham edə bilməz! Çünki mənəvi haqqı yoxdur; Ilham Əliyev o həqiqətləri düşmənin üzünə çırpmaq hüququnu, hətta bir azərbaycanlı, bir vətəndaş olaraq 8 il əvvəl itirib – 2003-cü ildə, saxtakarlıqla, Azərbaycan xalqının qanı üstündə hakimiyyətə gələndə!
Qatil, diktator, işğalçı Serj Sərkisyanın Ilham Əliyevə cavabı əslində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmamasının səbəbini ortaya qoyan fakt kimi məni sarsıtdı: Serjik dedi ki, Dağlıq Qarabağda üç prezident seçkisi keçirilib: “Onların heç biri hakimiyyətə irsi olaraq yiyələnməyib”.
Ermənistanda, o cümlədən Dağlıq Qarabağda hansısa normal seçkinin keçirilməsi absurd və cəfəng sərsəmləmədən başqa bir şey deyil – elə, Serjikin özü də hakimiyyətə ermənilərin qanını tökərək gəldi. Amma mahiyyətcə bir-birindən qətiyyən fərqlənməyən o rejimin başçısı Serj Sarkisyanın bu rejimin başçısı Ilham Əliyev haqda dedikləri də həqiqətdir. Sarkisyan Azərbaycandakı avtoritarizmə işarə vuraraq dərhal Avropa institutlarının Qarabağa yardım etməsini bir daha gündəmə gətirdi. Yəni, Azərbaycanda Ilham Əliyevin hakimiyyətə necə gəldiyini, necə idarətmə sistemi qurduğunu bilirsiniz, belə hakimiyyətin sərəncamına Qarabağı vermək olarmı?
Bu suala demokratik Avropa həmişə “yox” deyəcək!
Serj Sarkisyan Avropa dəyərlərinə oynayır və Dağlıq Qarabağdakı status-kvonu bunun hesabına illərdir saxlamağı bacarır. Ilham Əliyev isə demokratiya istiqamətində azacıq cəhd göstərmək əvəzinə, sıravi azərbaycanlının çılğın təfəkkürü səviyyəsində açıqlamalar verməkdə davam edir. Və rəqibinə özünə uyğun məntiqlə cavab verməyə və xarici siyasətini daha uğurla dəstəkləməyə şərait yaradır.
Ilham Əliyev doğru deyir, Serj Sarkisyanın təfəkkürünə bələddir, bilir ki, real dünyada yaşamırlar, öz yaratdıqları xülyada kef çəkirlər!
Ilham Əliyev doğru deyir, Serj Sarkisyan bu yuxudan oyanıb real dünyaya gəlməlidir!
Amma biz də Ilham Əliyevin təfəkkürünə bələdik axı! Biz də bilirik ki, bu təfəkkürlə idarə olunan Azərbaycan iqtisadi-siyasi fəlakətlərə doğru sürətlə irəliləməkdə, Dağlıq Qarabağ məsələsində daha çox güzəştlərə getməkdədir; biz də bilirik ki, Azərbaycan hakimiyyətini ələ keçirən bir qrup qanqster yuxudadır, elə güman edirlər ki, həmişə belə olacaq; onlar yuxudan ayılmırlar, ölkəni yuxulu, hallı, eyş-işrətlə, mafiya qanunları ilə idarə edirlər.
O ki qaldı Türkiyə ilə müqayisədə Ermənistanın qarışqa olması barədə Ilham Əliyevin müqayisəsinə, hətta bu da həqiqətdir, doğrudan da yaxşı müqayisədir! Amma bu müqayisənin uğuru da Ilham Əliyevin təfəkkürü ilə bağlıdır: zatən möhtərəmimizin insanlara yanaşması belədir, hörmətlimiz bizləri də qarışqa gözündə görür!



