Ben Əliyə daha 16 il iş verildi

Tunisin sabiq prezidenti Zeynalabdin Ben Əli iyulun 28-də 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmə onu korrupsiyada və daşınmaz əmlak dələduzluğunda təqsirli bilib.

“Media forum” saytı xəbər verir ki, sabiq prezidentin qızı Nəsrin, kürəkəni Sakr əl-Mater də eyni ittihamla müvafiq olaraq 8 və 16 il həbs cəzası alıblar. Hər üç şəxsə milyonlarla dinar cərimə də kəsilib.

23 il hakimiyyətdə olmuş Zeynalabdin Ben Əli bu il yanvarın 14-də xalq üsyanından qaçaraq Səudiyyə Ərəbistanına sığınıb. Yanvarın 26-da Tunis hakimiyyəti onun həbsinə beynəlxalq order verib. Ancaq Səudiyyə Ərəbistanı hökuməti Zeynalabdin Ben Əlini təhvil vermək müraciətini cavabsız qoyub.

Zeynalabdin Ben Əliyə ilk qiyabi hökm iyunun 20-də çıxarılıb. Həmin gün keçirilən məhkəmədə o və həyat yoldaşı Leyla Trabelsi dövlət malını talamaqda təqsirli biliniblər. Zeynalabdin Ben Əli və Leyla Trabelsinin hər birinə 35 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sabiq prezident 50 milyon dinar (25 milyon avro), xanımı 41 milyon dinar cərimə ödəməlidir.

İyulun 4-də keçirilən məhkəmədə Zeynalabdin Ben Əliyə daha bir qiyabi hökm çıxarılıb. O, qanunsuz silah və narkotik əldə etməkdə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq prezidenti daha bir məhkəmə gözləyir. Bu dəfə onu vəzifə səlahiyyətlərini aşma, hakimiyyətdən sui-istifadə və dinc nümayişçilərin məhv edilməsinin təşkili ittihamları gözləyir.