Zərərçəkənin zərəri xatırlamadığı məhkəmə

Bir daha gerçək mübariz Vidadi Isgəndərov haqqında

 

Şərlənərək həbs edilən hüquq müdafiəçisi Vidadi Isgəndərovun məhkəməsi davam edir. Mətbuat çoxdan yazır ki, prosesdə bir neçə dəli – ruhi xəstə iştirak edir. Zərərçəkən qismində, yaxud şahid qismində. Siz elə bilməyin ki, biz o adamları aşağılamaq üçün və ya Vidadi müəllimin haqlı olduğunu sübut etmək üçün belə deyirik. Mənim öz gözlərimlə gördüyüm bir yana, söhbət sənəd-sübutlu dəlilərdən gedir. Hətta onlar prosesə öz həkimləri ilə gəlir…

Səməd doktorun xəstələri

Iyulun 26-da müttəhim və onun vəkili zərərçəkən qismində prosesə gələn Araz Ələkbərova sual vermək üçün onların həkimi Səməd doktorla məsləhətləşirdilər: “Doktor, biz filan məsələ haqda soruşsaq, xəstənizin halı pisləşməz?”

Araz oxuyub yazmağı bilməyən, amma ali təhsil diplomu olan, özünə qəsd etdiyi üçün 21 gündən sonra ordudan tərxis olunan, guya könüllü olaraq gənclərə idman dərsi verən, deputat seçkilərinə “referendum seçkiləri” deməsinə baxmayaraq, seçkidə müşahidəçi  olan, müşahidəçi mandatını idman idarəsindən aldığını deyən bir adamdır. Bəzi suallardan isə ağlayır.

Zərəri xatırlamayan zərərçəkən

Işdə əsas zərərçəkən Araz Ələkbərovdur. Guya Vidadi müəllim onu itələyib və köynəyini cırıb. O, cırılmış köynəyini harada soyunub-dəyişməsi ilə bağlı üç fərqli ifadə verdi. Tək bu, bəs edirdi ki, hakim prosesi dayandırıb müttəhimi zaldanca azad etsin. Əsas zərərçəkən olan bu adamın bircə şahidi yoxdur. Dediklərinin hamısı bir-birini təkzib edir. Dolaşıq sual verən kimi “xatırlamıram”“ deyir. Hər şeyi yaddan çıxaran bir adamın ifadəsi  ilə kimisə ittiham etmək olarmı?! Belə adamın ifadəsi avtomatik olaraq gücün itirir.
Araz yazılı (!) ifadəsində açıq şəkildə deyir: “Mən başıkəsik bülletenləri götürüb məntəqəni tərk edən Vidadi Isgəndərova MÜQAVIMƏT GÖSTƏRMƏKDƏ davam etdim”“.”
Buradan da görünür ki, əslində, qanunu pozan onun özüdür. Ona sual verilir ki, sizin ixtiyarınız vardımı ki, müqavimət göstərməyə?  Deyir ki, “mən seçki müşahidəçisiyəm”. Müşahidəçi müqavimətçidirmi? Seçkinin nə olduğunu bilməyən, tam savadsız, müşahidəçinin hüquqlarının nədən ibarət olduğu barədə anlayışı olmayan, ümumiyyətlə, ruhən sağlam olmayan bir adamın ifadəsi ilə seçki saxtakarlığını sübut edən bir adam həbs edilib… 
Arazdan öncə ifadə verən zərərçəkən Ramiz Əsədov isə demişdi: “Mən ruhi xəstəyəm, dəliyəm, özüm də Səməd doktorun qeydiyyatındayam. Özüm də «Benzopar» dərmanı atıram. Elə 10 dəqiqə əvvəl də atdım. Məndən nə istəyirsiniz?”
Başqa bir zərərçəkən Səfa Azadov isə hər suala belə cavab verirdi: “Mən xatırlamıram, fikir vermədim”“. Axı belə zərərçəkən olar? Müttəhim ondan soruşur ki, mən sizə nə zərər vurmuşam, adam isə təəccüblənir: “Heç bir!””
 

Üzündən oxuya bilməyən  məktəb direktoru

Biz jurnalistlər təkcə sıradan olan həyat müşahidələri ilə yaşamırıq. Peşəmiz hər cür əlahiddə və maraqlı prosesləri izləməyə, oxumağa, yazmağa bizi vadar edir. Üstəlik, şəxsən mən normal bədii ədəbiyyat  mütaliəsinə sahibəm, filmləri yorulmadan izləyirəm. Çox məhkəmələr görmüşəm. Amma mən həyatımda belə dramatik səhnəni ağlıma gətirə bilməzdim…
Bu məhkəmə prosesindən daha bir maraqlı adamı gördük. Yeni əlifbamızla yazıb oxuya bilməyən məktəb direktoru  Ibrahim Vəliyevi nə qədər etdilər öz ifadəsini oxumadı. Vidadi müəllim dedi ki, hətta baş prokurorluğun işçiləri gülürmüş ki, bu adam oxuya bilmir.  Eybi yoxdur, tezliklə öyrənər. Amma bu adam çox yaxşı bir faktın üstünü açdı. Etiraf etdi ki, onların məktəbini keçmiş və indiki deputat Şəmsəddin Hacıyev öz pulu ilə təmir etdirib. Hətta bu təmirin Heydər Əliyev Fondunun adı ilə aparıldığını da dedi. Hətta seçkidə bülletenlərin topa ilə küncünü kəsməsinin qanunsuz olduğunu da boynuna aldı.

Niyə dəlilər?

Biz jurnalistlər bu sualın cavabını axtarmağa başladıq. Niyə 6 zərərçəkəndən 4-ü ruhi xəstədir? Cavabı da tapdıq. Və Göyçayla fəxr etməli olduq. Burada ağlı başında olan heç kim onların haqqını müdafiə edən bir adamın üzünə durmaq istəmir. Gəlin, bir az da o adamın özü haqqında danışaq…

Gerçək bir qəhrəman

Vidadi Isgəndərovu mən yenidən kəşf etdim. Sən demə, bizim ölkədə əsas çatışmazlıq belə adamların azlığıdır. Gerçək bir mübarizdir. Qorxmaz və cəsurdur. Səmimidir, hiylədən uzaqdır. Sadə bir adamdır. Darda olanların köməyinə çata-çata dara düşüb. Bölgədə böyük hörməti var. Biz belə bir adamı tək qoymamalıyıq. Onu qorumalıyıq. Onu yormağa, sındırmağa çalışanlara təzyiq göstərməliyik.

Əsl hüquq müdafiəçisi olan Vidadi müəllimin bu sözləri şəxsən mənə həmişə ruh yüksəkliyi gətirəcək. O, hakimin bir iradına belə cavab verdi:
–    Bəli, cənab hakim, mən müttəhim deyiləm, mən ittiham edirəm! Hamınızı! Burada oturan ittihamçını da!