Vidadi İsgəndərlinin həyatı təhlükə altındadır

RATI hüquq müdafiəçilərini və səfirlikləri onun taleyinə diqqəti artırmağa çağırıb

RATI-nin direktoru Emin Hüseynov azərbaycanlı hüquq müdafiəçilərini, demokratik dövlətlərin səfirliklərini, AŞ, AI, ATƏT, BMT və digər beynəlxalq qurumları həbsdə olan hüquq müdafiəçisi Vidadi Isgəndərovun taleyinə diqqəti artırmağa çağırıb. Müraciətdə qeyd olunur ki, hipertoniya, şəkər diabeti, ürək və böyrək çatışmazlığından əziyyət çəkən hüquq müdafiəçisi Gəncə təcridxanasında dözülməz şəraitdə saxlanılır. Göyçayda keçirilən məhkəmə prosesləri zamanı isə o, rayondakı təcridxanaya etap olunur. Eyni zamanda təcridxanada V.Isgəndərova qarşı təxribatlar aparılır və onun həyatı üçün təhlükə var.
Məhkəmə prosesi jurnalistlərin, hüquq müdafiəçilərinin, hətta vəkillərin hüquqlarının kobud şəkildə pozulması ilə keçirilir. Polis və mülki şəxslərin apardıqları yoxlama zamanı telefonlar, çantalar, diktofonlar götürülür.  Qanunsuz hərəkətlərlə bağlı etiraza polis kobud şəkildə reaksiya verir, hətta fiziki qüvvə tətbiq edir. Bütün bunlara rayon polis rəisinin müavini rəhbərlik edir.
Cinayət işinin saxtalaşdırıldığını gizlətmək üçün elektron avadanlıqlar zala buraxılmır. Belə ki, Isgəndərova qarşı ruhi xəstəliyi olan adamların ifadələrindən istifadə olunur.  “Saxtalaşdırma o həddə çatıb ki, məhkəmədə həkim həmin adamların xəstə olduğunu etiraf edir, eyni zamanda bildirir ki, onlar məhkəmədə ifadə verə bilər. Hakim isə buna göz yumur”, – deyə RATI rəhbəri vurğulayıb(Turan).
Zalda hüquq müdafiəçiləri və diplomatik korpusun nümayəndələri olmadığından Isgəndərov demək olar ki, özbaşınalığa qarşı təkbətək mübarizə aparmalı olub.
Hüseynov həmkarlarını heç olmasa bir dəfə Isgəndərovun prosesində iştirak etməyə, digər iclaslara isə öz nümayəndələrini göndərməyə çağırıb. O. həmçinin diplomatik missiyalardan öz müşahidəçilərini göndərməyi xahiş edib.