Vidadi İsgəndərli öyrədilmiş şahidləri ifşa etdi

Hüquq müdafiəçisi bəyan etdi ki, seçki məntəqəsindəki bülletenlərdə əvvəlcədən Şəmsəddin Hacıyevin adı işarələnmişdi

Ictimai Palatanın Təhqiqat Qrupunun rəhbəri, hüquq müdafiəçisi Vidadi Isgəndərlinin mühakiməsi Göyçay Rayon Məhkəməsində davam edir. Dünənki məhkəmə iclası başlamamışdan əvvəl prosesdə iştirak etməyə gələnlərin, o cümlədən jurnalistlərin kimliyi siyahıya alındı, onların üzərindəki telefonlar, eləcə də media nümayəndələrinin foto və videokameraları, diktofonları heç bir səbəb göstərilmədən əllərindən alındı.
Hakim Elxan Süleymanov məhkəmə iclasının əvvəlində təklif etdi ki, zərərçəkmiş qismində tanınan şəxslər məhkəməyə gəlmədiyindən şahidlər dindirilsin. V.Isgəndərlinin vəkili Xalid Bağırov buna etiraz etdi. Dedi ki, ötən məhkəmə iclaslarından birində sübutların araşdırılma ardıcıllığı müəyyən olunub. Həmin qaydaya görə əvvəlcə zərərçəkənlər, ardınca ittiham tərəfin,  sonra isə müdafiə tərəfin şahidləri dindirilməlidir: “Bəlkə elə zərərçəkənlər gəlib Vidadi Isgəndərlinin günahsız olduğunu deyəcəklər. Belə olsa, şahidlərin dindirilməsinə nə ehtiyac olacaq?”

45 dərəcə isti olan kamerada dustaqdan sərinkeşi də alırlar…

Hüquq müdafiəçisi də vəkilinin fikirlərinə şərik oldu:
– Hörmətli məhkəmə, məgər burada köynəyini ayağından geyinən kimsə var? Niyə zərərçəkənlər məhkəməyə gəlmirlər? Çıxardığınız qərarlara hörmət edin. Bu qədər qanunsuzluq olmaz.
Prokuror isə şahidlərin dindirilməsini istədi:
– Zərərçəkənlər gələndə, onları da dindirərik.
Prokurorun mövqeyilə hakimin qərarı bu məsələdə üst-üstə düşdü.
Ardınca V.Isgəndərli ona vəkilinin yanında əyləşməyə, iş materiallarıyla tanış olmasına şərait yaradılması, saxlanıldığı Göyçay Rayon Polis Idarəsinin müvəqqəti saxlama təcridxanasında ventelyatorla təmin olunması, Araz Ələkbərov, məktəb direktoru Ibrahim Məmmədəliyev kimi zərərçəkmişlərin latın əlifbası və ümumiyyətlə, yazıb-oxuya bilib-bilməmələrinin aydınlaşdırılması barədə vəsatətlər qaldırdı:
– Saxlanıldığım təcridxanada axşamlar 45 dərəcə isti olur. Bu, işgəncədir. Məgər vacibdir ki, məni döyüb xəsarət yetirsinlər ki, bunu işgəncə hesab edəsiz? Orada 10 dəqiqə də qala bilməzsiniz. Hətta sərinkeşimi də məndən alıblar. Tələb edirəm ki, sərinkeşim mənə qaytarılsın. Yazıb-oxuya bilməyən məktəb direktorundan, psixikasında problemlər olan adamlardan Zakir Qaralov, Ziya Məmmədov mənə qarşı istifadə edir. Bu adamların burada dindirilməsi sübut edir ki, ittiham aktı saxta, əsassız və sifarişlidir.
Prokuror vəsatətlərin təmin olunmamasını istədi. Məhkəmə isə vəsatətlərdən yalnız sərinkeşin qaytarılması və vəkilinin yanında əyləşməsinə şərait yaradılmasını təmin etdi. Hakim bildirdi ki, polis rəisi ilə sərinkeşin qaytarılması barədə söhbət edib, bu barədə göstəriş verəcək.
Hüquq müdafiəçisinin jurnalistlərə məhkəmədə audio-videoçəkiliş aparmasına icazə verilməsi və prosesin bütünlüklə audiolentə yazılması barədə vəsatəti də təmin edilmədi.

“Ziya Məmmədovun əmisi oğlu məhkəmənin qarşısına adamlarını göndərir”

V.Isgəndərli vəsatətlərinin əksəriyyətinin təmin olunmamasını belə izah etdi:
– Hakim və dövlət ittihamçısı burada əlbir olub qanunsuzluqlara göz yumur, don geyindirməyə çalışır. Bu, cinayətdir. Bunu yaxşı bildiyinizdən prosesin audiolentə yazılmasına imkan vermirsiniz.
V.Isgəndərli daha sonra hakimə müraciət edərək məhkəmə binasının önündə çəkiliş aparan, prosesə gələnlərin kimliyini müəyyən edib sonradan onları təhdid edən Göyçay Rayon Icra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Ruslan Əlizadə, YAP-ın rayon təşkilatının sədri Ramiz Ibrahimov, Əlibala Şükürovun barəsində tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdimat göndərilməsini istədi:
– O adamları məhkəmə binasının qarşısına Ziya Məmmədovun əmisi oğlu olan icra başçısı Mənsur Məmmədov göndərir. Vaxt olacaq ki, onlar burada – mənim yerimdə əyləşəcəklər. Siz onların cinayətlərinə şərik olmayın, təqdimat göndərin.

Məktəb direktorunun yalanı

Daha sonra şahid qismində Göyçayın Mirzəhüseynbəyli kənd məktəbinin direktoru Yaqut Qədirova dindirildi:
– 7 noyabrda keçirilən seçkilərdə məntəqəyə sonradan Vidadi Isgəndərov olduğunu bildiyim namizəd gəldi. Hiss etdim ki, qərəzlidir. Onun təmsil etdiyi partiyanın nümayəndəsi də orada idi. Mənə yaxınlaşdı. Əlimin altında kənarlarını kəsdiyim 20 bülleten vardı. Seçki keçirilən gün kəndlilər məhsul yığımında olublar. Ona görə də fasilə vaxtı kütləvi gəlib səs verirdilər. Mən də bülletenləri kəsib əlimin altında saxlamışdım ki, onlar gələndə verim. Vidadi Isgəndərov bülletenləri istədi. Ona verdim. O, həmin bülletenləri və kənarları kəsilməmiş bülletenləri götürdü. Bizə dedi ki, siz saxtakarsınız, saxtakarlıqla məşğul olursunuz. Araz Ələkbərov onun qarşısını almaq istədi. Vidadi Isgəndərov onu itələdi. Araz Vidadi Isgəndərovdan bülletenləri almaq istəyirdi. O isə qışqırırdı ki, saxtakarları ifşa etmişəm, onu yolundan itələyirdi.
Adıçəkilən qadın ifadəsindən sonra Vidadi Isgəndərlinin bir neçə sualına cavab verdi. Suallara cavabında Yaqut Qədirova dedi ki, Vidadi Isgəndərli 140 bülleteni özü ilə aparıb. Bundan sonra Vidadi Isgəndərli onun ibtidai istintaqa verdiyi ifadəsinin elan olunmasını istədi. Məlum oldu ki, bu xanım həmin ifadəsində V.Isgəndərlinin 20 bülleteni özü ilə apardığını deyib. Belə olan halda, V.Isgəndərli soruşdu:
– Hansı ifadəniz düzdür: burada verdiyiniz, yoxsa ibtidai istintaqdakı?
– Buradakı.
– Bəs niyə ibtidai istintaqda 20 bülleten apardığımı demisiz?
– Bilmirəm.
– Necə yəni, “bilmirəm”? Sizin ifadənizə əsasən mənə ittiham elan edilib. Bilirsiz?
– …
Məhkəmə prosesində fasilə elan olundu. Məhkəmə iclasının ikinci hissəsində vəkil Xalid Bağırov bildirdi ki, fasilədə şahidlər prokurorun otağında əyləşirlər. Orada icra hakimiyyətinin nümayəndələri şahidlərə təzyiq göstərir, saxta ittihamı təsdiqləmələrini tələb edirlər.
Ardınca vəkil Yaqut Qədirovaya suallar verdi. Ondan seçkini neçə müşahidəçinin izlədiyini soruşdu. O, dörd nəfərin adını çəkdi. Lakin nədənsə, bacısı Məhsəti Qədirovanın da orada olduğunu demədi. Vəkil Yaqut Qədirovadan soruşdu ki, niyə bacısının adı müşahidəçilərin qeydiyyat kitabında yoxdur? Şahid xanım bacısının adının həmin siyahıda olduğunu desə də, hakim işdə olan müşahidəçilərin qeydiyyat kitabını elan edəndə məlum oldu ki, şahid yalan danışır.
Bundan sonra vəkil bu şahidin ifadəsinin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırdı. Amma nədənsə, hakim vəsatətə baxmadı.
Bu şahidin sədrlik etdiyi məntəqədə seçkinin nəticələrinə dair yekun protokol elan ediləndə məlum oldu ki, orada 510 seçici var və onların saylarına uyğun bülletenlər məntəqədə olub. Seçkidə seçicilərdən 300-ü iştirak edib. Yerdə 210 bülleten qalıb.
Vəkil dedi ki, Yaqut Qədirova məhkəmədə ifadə verərkən V.Isgəndərlinin 140 bülleteni özü ilə apardığını, bir o qədər də bülletenin istifadəsiz qaldığını deyib. Halbuki, protokola görə, bu rəqəm 280 yox, 210-dur. Şahid uyğunsuzluğu izah edə bilmədi.
“Əgər Vidadi Isgəndərli 17 saylı məntəqədən burada deyildiyi kimi, 140 bülleten götürübsə, onda məhkəmə yekun protokolu bülletenlərin əskikliyinə görə ləğv etməli idi. Amma məhkəmə yekun protokolu təsdiqləyib. Deməli, bülleten əskikliyi olmayıb. Əgər bülleten əskikliyi olmayıbsa, onda niyə  Vidadi Isgəndərliyə Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə ittiham elan olunub?”, – deyə vəkil Xalid Bağırov sual etdi.
Amma məhkəmə bu ziddiyyətə izah verə bilmədi.
V.Isgəndərli isə bildirdi ki, məntəqədən götürdüyü sözügedən istifadə olunmamış bülletenlərdə hazırda deputat olan, həmin vaxt namizədlərdən biri olmuş Şəmsəddin Hacıyevin adının qarşısında əvvəlcədən işarələr qoyulub.

“Məntəqənin içində mübahisə görməmişəm”

Bundan sonra digər şahid Nəcimə Əliyeva dindirildi. O bildirdi ki, V.Isgəndərli məntəqədə 3-5 dəqiqə olub və hüquq müdafiəçisi ilə müşahidəçi Azad Ələkbərovun məntəqənin içində mübahisə etdiyini görməyib.
Şahid dindirilərkən o da məlum oldu ki, müdafiə tərəfinə iş materiallarının böyük hissəsi təqdim edilməyib. V.Isgəndərli bu səbəbdən iş materiallarının ibtidai istintaqa qaytarılmasını tələb etdi. Hakim bu məsələni açıq saxladı.
Məhkəmə prosesi iyulun 29-da davam etdiriləcək.

Aytən Məmmədova