Dünən bu ölkənin Ali Baş Komandanının Mərakeşdə bir təyyarə qəzasında ölən 30 nəfər üçün kral VI Məhəmmədə başsağlığı göndərdiyini oxuyunca onlar gəldi gözümün önünə – 56 əsgər.
Biz o 56 əsgəri son 6 ayda itirdik. Həm də ortada heç bir savaş-filan olmadığı halda itirdik. Dinc şəraitdə itirdik. Bu qədər itkinin əvəzində heç olmasa, 5-6 millimetr torpaq azad etsəydik, bəlkə də bu qədər üzülməzdik. Ancaq gəl gör ki, əldə var sıfır. O 56 əsgər bir heç uğruna itirdi həyatını. Vətən savaşının qurbanları olsaydı, yanmazdıq, amma onlar arxa cəbhədə bir ovuc adamın gecə-gündüz gözü doymadan, bitib-tükənməyən bir hərisliklə apardığı villa savaşının, valyuta savaşının qurbanı oldular.
56 kitab oxunmadan bağlandı. 56 çiçək açmadan soldu. 56 ana doya-doya qoxlaya bilmədən itirdi oğlunu. 56 evə atəş düşdü.
Və bu ölkənin Ali Baş Komandanı oturub dünyanın o biri ucundakı hansısa krala başsağlığı göndərir! VI Məhəmmədin üzüntüsünə, kədərinə şərik ola bilir, öz vətəndaşlarının acısını bölüşməyi, paylaşmağı rəva görmür özünə. Niyə? O əsgərlər tək-tək öldüyü üçünmü? Ilham Əliyevin bu məmləkətin gəncəcik insanlarının ölümündən də üzüntü duyması üçün illah ki, o 56 əsgərin hamısının bir yerdə həlak olmasımı gərəkirdi? Ölkənin təpəsində oturmuş bir adamın öz xalqının da acılarını, kədərlərini bölüşməsi üçün biz neyləməliyik indi, topdanmı ölməliyik?
***
Nə qədər acı bir mənzərədir, deyilmi? Biz normalda boynuna millətin varlığının təminatçısı, vətəndaşlarının həyatının qarantı olmaq vəzifəsi düşən adamdan ölümümüzə acımasını, kədərlənməsini istəyirik. Ondan könül rahatlığı, cansağlığı tələb etməli olduğumuz halda, barı bir başsağlığı lütf etməsini istəyirik.
Və o, ikisini də əsirgəyir bizdən: cansağlığını da, başsağlığını da…
Ömrümüzə qənim kəsilir, ancaq ölümümüzü də görməzdən gəlir.
Dirimizə sahib çıxmır, bu da azmış kimi, ölümüzü də ortada buraxır.
Amma gedib, nə bilim neçənci kral Məhəmmədinsə kədərinə şərik ola bilir. Gedib, bilmirəm neçənci kral Məhəmmədinsə ölülərinə üzülə, təəssüflənə bilir.
Sanki sən məmləkətin başında oturub büdcə pullarını xımır-xımır yeyəsən, millətin sərvətini sağa-sola səpələyəsən deyə səngərlərdə canından olanlar Mərakeş xalqının övladlarıdı.
Sanki Mərakeş xalqıdı döydükcə qarşında əlsiz, söydükcə dilsiz olan… Sanki Mərakeş xalqıdı Dubaydakı villalara, Panamadakı şirkətlərə görə qılını qıpırdatmayan, tükünü tərpətməyən…
Nə pisliyi keçib axı sənə bu xalqın? Nə pisliyi keçib ki, Mərakeş xalqının kədərinə şərik olursan, amma öz xalqının yox?
***
Çox deyildi, cəmi bir ay əvvəl idi. Bu gün VI Məhəmmədə başsağlığı göndərən möhtərəmimiz o gün Bakının göbəyində hərbi parad qəbul edirdi. Qarşısından tanklar, toplar, əli tüfənglilər keçirdi.
O gün oturub “bu paradda nəsə çatışmır, amma nə?” deyə çox düşünmüşdüm. Çox düşünmüşdüm, amma cavab tapmamışdım. Və dünən 6 ayda itirdiyimiz 56 əsgər haqqında oxuyunca dişlədim barmağımı: tabut.
Bunu indidən bir yerə yazsınlar ki, növbəti parad zamanı unutmasınlar, tanklar da olsun orada, toplar da, amma tabutlar da olsun. Onların buna o toplardan, o tanklardan, o tüfənglərdən çox haqqı çatır.
Bu ölkədə nə qədər yetimin haqqını yediniz – halal xoşunuz olsun.
Nə qədər yoxsulun haqqını yediniz – nuşi-canınız…
Amma bir də tabutların haqqını yeməyin. Qaytarın tabutların haqqını özünə.
Canımızın sizdən dincəldiyi tək yerdir orası. Yaxamızın sizdən qurtulduğu, zülmünüzdən rahatlıq tapdığımız tək yerdir orası. Barı oranın haqqını verin. Barı oranın haqqını yeməyin.