Sumqayıt dünyanın ən çirkli 10 şəhərindən biridir

Amerikanın Bleksmit Elmi-Tədqiqat Institutu ən çox çirkləndirilmiş şəhərlərin adlarını açıqlayıb

Dünən Ingiltərənin “Daily Telegraph” qəzeti dünyada ən çox çirkləndirilmiş şəhərlər mövzusunda araşdırma aparmış Amerikanın Bleksmit Elmi-Tədqiqat Institutunun hesabatını yayıb. Hesabatın ilk onluğunda Azərbaycan da təmsil olunub. “Xəzər dənizi sahillərində yerləşən Sumqayıt hələ Sovetlər zamanında kimya sənayesi mərkəzinə çevrilmişdi və bu səbəbdən şəhərin həm torpaq qatı, həm də atmosferi kifayət qədər çirkləndirilərək ”ölü şəhər” statusu qazanmışdı. Sumqayıt ən çirklilər siyahısında 9-cudur”, – deyə hesabatda qeyd olunur.
Planetin ən çirkli şəhərləri isə Çində və Hindistandadır. Bu da son illər bu ölkələrdə sənayenin sürətlə inkişafıyla əlaqələndirilir. Çinin Linfen və Tyanjin şəhərləri siyahıda birinci və ikincidir. Növbəti iki sırada isə Hindistanın Sukinda və Vapi şəhərləri qərarlaşıb. Perunun La Oroyya şəhəri beşinci sıradadır. Planetin ən çox çirkləndirilmiş şəhərləri siyahısında qonşularımızdan Rusiyadan da iki şəhər  – Dzerjinsk və Norilsk ilk onluqda qərarlaşıb. Onlar uyğun olaraq altıncı və yeddinci yerləri tutublar. Bu şəhərlər, hətta 1986-cı ildə Atom Elektrik Stansiyasının partladığı Çernobıl şəhərini belə, çirkliliyə görə geridə qoyub.
Qeyd edək ki, Dzerjinsk Rusiyanın kimya sənayesi mərkəzlərindən hesab olunur. Norilskdə isə nəhəg əlvan metallurgiya zavodları yerləşir və bu şəhərin çirklənməsində əsas pay “Norilsk nikeli” zavoduna məxsusdur ki, buradan atmosferə zəhərli tullantıların buraxılması artıq katastrofik həddədir.
MDB-dən ilk onluqda qərarlaşan digər bir şəhər isə Ukraynanın Çernobılıdır və yuxarıda xatırlatdığımız məlum faciədən sonra bu şəhər “ölü şəhər” statusu qazanıb. Nəhayət, Bleksmit Elmi-Tədqiqat Institutunun “antireytinq” siyahısının sonuncu – 10-cu pilləsini qurğuşun və sink hasilatının üstünlük təşkil etdiyi Zambiyanın Kavbe şəhəri tutub. Hasilat zamanı bu maddələrin toz dumanı bölgə atmosferini tamamilə əhatə edir. Kavbeli uşaqların qanında isə sözügedən maddələrin səviyyəsi normadan on dəfə çoxdur.

Rəşad Alp