Əsgər 15 gün komada qalıb

10 ayın əsgərinin ölümü haqda təfərrüatlar «Azadlıq»da

Nizaməddin İbrahimovun ailəsi əməkdaşımıza nələr danışdı?

Əsgər Nizaməddin Ibrahimov iyulun 21-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində ölüb. Ilkin məlumatlara görə, hərbçilər arasında içməli su üstündə düşən mübahisə nəticəsində N.Ibrahimov döyülüb və boğulub.

“Əvvəlcə döyüb, sonra isə boğub”

Ötən gün hadisənin təfərrüatlarını öyrənmək üçün mərhumun ailəsi ilə görüşdük.
Nizaməddin Ibrahimov 1992-ci ildə Qobustan rayonunda anadan olub. 2010-cu il oktyabrın 5-də rayon hərbi komissarlığından xidmətə yollanıb. Iyunun 21-də isə onun ölüm xəbəri yayılıb.
Öncədən qeyd edək ki, mediada məlumat hadisənin iyulun 21-də baş verməsi kimi yayılıb. Ancaq…
Ancaq hadisə iyulun 6-da olub. Əmisi Bayram Ibrahimov bizimlə söhbətində bildirdi ki, qardaşı oğlu iyulun 6-da saat 15-16 radələrində döyülüb: “Iyulun 7-də təxminən axşam saat 5 radələrində bizə başqa bir adam zəng edib dedi ki, Nizaməddini döyüblər, indi o hərbi hospitaldadır. Məlumatı alan kimi dərhal hərbi hissəyə getdik. Orada bizə bildirdilər ki, qardaşım oğlu günvurmadan hospitala yerləşdirilib. Yəni, ciddi bir şeyin olmadığını söylədilər. Buna baxmayaraq, hospitala yollandıq. Orada da əvvəlcə bizə dəqiq söz demədilər. Sonra bir-iki həkimdən öyrəndik ki, Nizaməddini döyüblər. Hətta hansı diaqnozla xəstəxanaya yerləşdirildiyini də dedilər”.

B.Ibrahimov deyir ki, qardaşı oğlu boğulma, beyinə qansızma və kəllə-beyin travması ilə hospitala yerləşdirilib.
Hadisənin necə baş verməsiylə bağlı ailə yetərincə məlumatlı deyil. Bildikləri budur ki, Nizaməddini su üstündə döyüb, sonra da boğublar.
Mərhumun kiçik əmisi Vaqif Ibrahimovun sözlərinə görə, Nizaməddini Pünhan Sabir oğlu Mütəllibov döyüb: “Bizim bildiyimiz budur ki, söhbət su üstündə olub. Əvvəlcə onu döyüb, sonra isə boğub. Hadisədən bir neçə dəqiqə sonra əsgər yoldaşlarından biri Nizaməddini yıxılmış vəziyyətdə görüb və komandirlərinə xəbər verib”.
Mərhumun əmilərinin dediklərinə görə, hadisə baş verəndən sonra Pünhan Mütəllibov gizlənib: “Araşdırma apardıqdan sonra məlum olub ki, Nizaməddini o döyüb. Qardaşımız oğlu 10 ayın, ancaq hadisəni törədən Pünhan isə 3 ayın əsgəridir. Hamımız orduda olmuşuq. Məlum məsələdir ki, hərbi xidmətə yenicə başlayan əsgər ondan əvvəl gələnlə müqayisədə sakit olmalıdır. Yəni ”dedovşina” məsələsi ortada olsaydı, gərək bu hadisəni Nizaməddin törədəydi. Ancaq əksinə olub”.

Şahidlər gizlədilir

Mərhumun atası Həsən Ibrahimov deyir ki, bu işdə adı hallanan Pünhan Mütəllibov boksçudur: “Bizə hadisənin baş verdiyi ilk gündən dedilər ki, onunla bacarmaq mümkün deyil. Hətta zabitlər belə, ondan gileylənir. Açıq-aşkar bir neçə zabit bizə dedi ki, Pünhanla bacara bilmirlər. Yəqin ki, arxasında yaxşı day-dayı var”.
Nizaməddin Ibrahimovun ailəsinin dediyinə görə, hadisə baş verən günün səhəri onlara məlumat daxil olub. Bu məlumatı da Ibrahimovlara mərhumun əsgər yoldaşlarından biri söyləyib. Yəni, hərbi hissədən heç kim onlara zəng etməyib. Ancaq işin maraqlı tərəfi odur ki, olaydan dərhal sonra Pünhanın atası Sabir Mütəllibov hərbi hissəyə gedib. Hospitalda həkimdən əsgərin vəziyyətinin o qədər də ağır olmadığını öyrəndikdən sonra geri qayıdıb. Nizaməddin 14 gün komada qalıb. Oğlunun döydüyü adamın öldüyü xəbərini eşidəndən sonra yenidən hospitala gedib. Bu dəfə də əsgərin ölüm xəbəri ailəsinə gec çatdırılıb. Ailə Sabir Mütəllibovun hamıdan öncə məlumatlı olmasını məsələnin qısa zamanda ört-basdır edilməsiylə izah edir. Çünki Pünhanın valideyni iyulun 21-dən Gəncədədir. Bu isə…
Ibrahimovlar deyir ki, Nizaməddin iyulun 12-dən 21-nə qədər süni nəfəslə yaşayıb: “Biz dəfələrlə həkimlərdən onun Bakıya köçürülməsini istəsək də, bunun mümkün olmadığını söylədilər. Bildirdilər ki, onu tərpətməklə vəziyyətini daha da ağırlaşdırarlar”.
Vaqif Ibrahimov bizimlə söhbətində maraqlı bir məlumat da söylədi. O, qeyd etdi ki, hadisənin şahidləri ilə nə zabitlər, nə də mərhumun ailəsi görüşə bilir: “Bunu gizlədirlər. Ancaq biz hadisənin nə üstündə baş verdiyini, Nizaməddinin nəyə görə öldürüldüyünü bilmək istəyirik. Informasiya gizli saxlanılır. Hətta zabitləri onlara yaxın durmağa qoymurlar”.

Telefon almaq üçün pul istədi, ancaq…

Mərhumun ailəsi deyir ki, Nizaməddin nümunəvi əsgər olub: “Nümunəvi olduğu üçün 7 ayın tamamında məzuniyyətə buraxılıb. Məzuniyyətdən qayıtdıqdan sonra bizə zəng etdi ki, ona pul göndərək. Səbəbini soruşduqda telefon alacağını söylədi. Biz onun istədiyi kimi etdik. Pul göndərsək də, telefon almadı. Ikinci dəfə onunla danışanda dedi ki, pulunu xərcləyib. Çox güman ki, onun hansısa problemi vardı”.
Ailənin böyük oğlu Nizaməddin zəhmətkeş olub. Anası Əzəmət xanım deyir ki, mərhum hər kəslə dil tapa bilirdi: “Böyüklə böyük, kiçiklə kiçik idi. Iki qız, iki oğlan böyütmüşəm. Heç birinə haram tikə yedirtməmişəm…”.
Qardaşı Saməddin isə sakit şəkildə oturub bizim söhbətimizi dinləyirdi. Qardaşı haqda bir-iki kəlmə soruşmaq istəsək də, heç nə alınmadı. Başını aşağı salıb, sadəcə susdu…
Ibrahimovlar bu olayın sonuna qədər getmək niyyətindədirlər. Hələlik, istintaqın cavabını gözləyirlər. Hadisə barədə ölkə başçısı Ilham Əliyevə və müdafiə naziri Səfər Əbiyevə məktub yollayıblar. Hələ ki, heç bir cavab yoxdur…
Mərhumun yas mərasimində hərbi hissədən zabitlər iştirak edib. Ancaq indiyə qədər Qobustan rayon hərbi komissarlığından heç kim ailəyə baş çəkməyib…

***

Bu da növbəti əsgər itkisi. Son 7 gündə mediaya 3 əsgər ölümü barədə məlumat daxil olub. Iyulun 21-də Nizaməddin Ibrahimovun, iyulun 24-də Fərrux Hüseynovun, iyulun 26-da isə Murad Tağıyevin ailəsi ölüm xəbəri aldı.
2011-ci ilin tam olmayan 7 ayında 52 əsgər ölüb, 57 nəfər yaralanıb. Onlardan 12-si cəbhə xəttində atılan güllədən, mina partlayışından ölüb. Yerdə qalanlarısa qeyri-döyüş şəraitində, yəni xəstəlikdən, avtomobil qəzasında, ehtiyatsızlıqdan ölüb. Müdafiə Nazirliyi isə yalnız statistika aparır…

Ramin DEKO