İqtisadi Inkişaf Nazirliyinin qadağan etdiyi məhsulları hər kəs dükanlardan əldə edə bilər
Iqtisadi Inkişaf Nazirliyi (IIN) yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Dədə Qorqud” Müstəqil Kiçik Müəssisəsinə, “Rah-96″ və ”Qranit” firmalarına məxsus istehsalat sahələrində aparılan yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə əməl edilmədən dondurma istehsal olunması, habelə bu dondurmaların fiziki-kimyəvi və mikrobioloji göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmaması ilə əlaqədar dondurma istehsalı və satışının dayandırılması barədə bu təsərrüfat subyektlərinə icrası məcburi göstəriş verilib.
Dondurulan dondurmalar
Belə ki, bu müəssisələrdə istehsal edilən dondurmaların insanların, xüsusilə də uşaqların sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğunu nəzərə alaraq, IIN dondurma istehsalı üçün adıçəkilən firmalara verilmiş gigiyenik və uyğunluq sertifikatlarının ləğv edilməsi ilə bağlı Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırıb.
Həmçinin 5 adda plombirdə – “Okean”, “Yoloçka”, “Rose”, “Titanik”, “Qızıl standart”da bağırsaq çöpləri aşkarlanıb.
Bundan başqa, aparılan yoxlama zamanı “Budad” kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal edildiyi, “Budad” qazsız içkilərinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, qazsız içkilərin etiketlərində məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənədin, eləcə də məhsulun istehsal tarixinin, kvas içkisinin üzərində isə məhsulun enerji dəyəri və istehsalçısı barədə məlumatların göstərilmədiyi müəyyən edilib.
58,1 min litr sərinləşdirici içkilərin satışının, uyğunluq və gigiyenik sertifikatları olmayan 910 ədəd polietilen butulkadan istifadənin dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə şirkətə məcburi göstəriş verilib.
Ancaq adları çəkilən firmaların rəhbərləri mətbuata açıqlamasında bildiriblər ki, istehsal etdikləri dondurmalar saxta deyil. Sadəcə, məhsulların etiketində səhvən 1 ay yerinə 10 ay yazılıb.
Qadağalar nə üçündür?
Ötən gün şəhərin mərkəzində fəaliyyət göstərən bir neçə dükana baş çəkdik. Məqsəd satışı qadağan edilən dondurmaların satılıb-satılmamasını öyrənmək idi.
Ancaq məlum oldu ki, satışı qadağan edilən dondurmalar soyuducuları bəzəyir. Məsələn, “AER” və “Qranit” şirkətlərinə məxsus dondurmalar, o cümlədən “Bakılı qız”, “Domino”, “Ekzotik”, “Eskimo”, “Maksima”, “Saturn”, “Merkuri”, “XXI əsr”, “Prestige” satışdadır. Halbuki yuxarıda qeyd etdiyimiz kimim aidiyyəti qurumlar məhsulların satış üçün yararsız və hətta qorxulu olduğunu ictimaiyyətə açıqlayıb.
“Budad” kvas içkisi də dükanlardan yığışdırılmayıb. Düzdür, bəzi marketlərdə bu içkini vitrində görmək olmur. Ancaq satıcıya yaxınlaşıb, məhz “Budad”ı istədiyinizi deyəndə, o, piştaxtanın altından həmin məhsulu çıxarıb sizə verə bilər.
Görəsən, nədən satışı qadağan edilən dondurmalar dükanlarda satılır? Adları çəkilən şirkətlərin arxasında oliqarx-məmurlar dayanır, yoxsa aparılan mübarizə səmərəsizdir?
Sualı ünvanladığımız ekspertlər satışı qadağan edilən dondurmaları istehsal edən müəssisələrin arxasında məmurların dayanmadığını söylədilər: “Arxasında böyük güc dayanan şirkətlərlə mübarizəni açıq şəkildə aparmaq mümkünsüzdür. Xüsusən də bizim kimi ölkələrdə hansısa bir məmurun nəzarətində olan şirkətlə bağlı ictimaiyyətə açıqlama vermək asan məsələ deyil”.
Ekspertlər hesab edir ki, adı çəkilən şirkətləri “qara siyahı”ya salmaqla bu sahəni monopoliyaya almaq məqsədi güdülür: “Burada əsas məqsəd, ya həmin firmaların bir əldə cəmlənməsi, ya da satışına əngəl törədib yenilərini bazara sırımaqdır”.
Maraq üçün qeyd edək ki, sözügedən dondurmaların reklamları metrolarda yayımlanır.
Bir sözlə, satışı qadağan edilən məhsullardan yalnız “Budad”ı dükanlardan bir az çətin tapmaq olur. Qalan məhsulları satıcının köməyindən istifadə etmədən də soyuduculardan götürmək mümkündür. Necə deyərlər, pulunu ver, “marojna”nı al…
Ramin DEKO