Sarkisyan Əliyevə sərt cavab göndərdi

Ermənistan prezidenti Əliyevi hakimiyyəti irsən almaqda ittiham etdi

Iki gün öncə prezident Ilham Əliyevin erməni xalqının ünvanına söylədiyi fikirlər dövlət başçısına və normal adama yaraşmır. Bunu Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda Polşa prezidenti ilə birlikdə keçirdiyi mətbuat konfransında Azərbaycan liderinin son bəyanatını şərh edərkən deyib.
“Dağlıq Qarabağ problemi beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əsas prinsiplər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri- Rusiya, Fransa və ABŞ başçılarının təqdim etdikləri Madrid sənədində göstərilib.  Bizim bundan başqa tələbimiz yoxdur. Bizim tələblərimiz beynəlxalq birliyin tələbləri ilə uzlaşır”.
O əlavə edib ki, Dağlıq Qarabağda üç dəfə prezident seçkisi keçirilib və hər üç prezidenti xalq seçib, onların heç biri hakimiyyəti irsən almayıb. “Dağlıq Qarabağın seçilmiş hakimiyyəti qonşu ölkənin hakimiyyətindən fərqli olaraq təhqiredici bəyanatları özünə rəva bilmir. Bu hakimiyyət özünü ziyalı kimi göstərsə də, nifrətini saxlaya bilmir.
Içi zəhərli adamlar ədalətli və düzgün qərar qəbul etmək iqtidarında deyil. Odur ki, ilk növbədə atmosferi dəyişmək lazımdır və bu durumda Avropa strukturlarının Qarabağa yardımı lazımdır”, – deyə o, qeyd edib.
Qeyd edək ki, ötən gün Bakıda Türkiyənin baş naziri Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında Ilham Əliyev deyib ki, Sarkisyanın  başında nəsə çatmır. Bu, indiki nəsil ermənilərin Qarabağ problemini həll etməsi, gələcək nəslin isə Ararat məsələsini həll etməli olması (yəni, Türkiyə ərazilərinin bir hissəsinin işğalı) barədə Ermənistan prezidentinin bəyanatı ilə əlaqədar söylənilib(Turan).