Rusiyanın dəyişməz etnogenez-geopolitika problemi (II)

Elçi Doroxin bizi Rusiyanın dəyişib başqalaşdığına, buna görə Qarabağ probleminin dinc siyasi çözümünə çalışdığına inandırmağa çalışır. Demək, Rusiya Azərbaycan torpağında özünün yaratdığı “Ermənistan” adlı qondarma dövlətə bir yandan milyardlarla dollar dəyərində yaraq-sursat yardımları eləyir, Qarabağı qanlı qırğın yolu ilə alıb bu dövlətə birləşdirir, Azərbaycana qarşı aparılan informasiya savaşında aqressor erməniliyə yardımçı olur, o biri yandan da “problemin dinc siyasi çözümünə çalışır”. Axı, bu, absurddur. Qoy Rusiya problemin çözümünə çalışmasın, eləcə “Ermənistan” adlanan qondarma dövlətin arxasından çəkilsin, ona çoxsaylı yardımlara son qoysun – onda baxarıq, görərik nə baş verir. Onda Qarabağ demirəm, bir neçə ilə biz bütünlüklə boşalmış “Ermənistan” görərik…
Ancaq bütün bunların baş verməsi üçün Rusiya özünün çoxillik yanlış politikalarından əl çəkməlidir. Bundan ötrü Rusiyada kompleks işlər görülməli, bu işlərin sonucu olaraq ölkədə fundamental dəyişikliklər baş verməlidir. Yalnız bundan sonra Rusiyanın Qafqazla, Azərbaycanla, regionla bağlı çoxillik yanlış politikaları dəyişib konstruktiv (birinci, Rusiya üçün konstruktiv) xarakter ala bilər. Bundan ötrü nə baş verməlidir? Bundan ötrü Rusiya soy-kök – etnogenez baxımından özünü yenidən tanımalıdır. Rusiya faktiki olaraq dünyada ən böyük Türk dövlətidir: soy-kök – etnogenez baxımından. Ancaq bir sıra başıboş başçıların suçu üzündən Rusiya yüz illərdir özünü – türklüyünü danmaq yolu tutur. Yüzillər boyu Batıdan gələn missionerlər Rusiyanı özündən, özlüyündən uzaqlaşdıraraq Türklüyə düşmən bir dövlətə çeviriblər. Beləliklə, ortaya çevrəsindəki Türklüyə düşmən Rusiya geopolitikası çıxıb. Bu geopolitikanın ortaya çıxmasında Orta Çağ (Orta çağ – 476-1492-ci illər) dünyasındakı iki başlıca güc özəyi böyük rol oynayıb: Roma, Bizans.
Yüz illərdən bəri Rusiyada dövlət başçıları, sosial-siyasi formasiyalar dönə-dönə dəyişsə də, bəlli stereotiplər dəyişmir. Bu stereotiplərin dəyişməz qalmağında Rusiya yeni güclənən çağlarda Moskvaya, sonralarsa Peterburqa yol tapan erməniliyin çox böyük rolu olub. Türklərə düşmənçilik platformasında maraqları üst-üstə düşən erməni-yunan missionerləri çar saraylarına yol tapıb, xristian damarından tutmaqla Rusiya dövlət başçılarını, bütövlükdə, Rusiya dövlətini Türklüyün – Müsəlmanlığın barışmaz düşməninə çevirə biliblər. Bunu I Pyotrun vəsiyyətnaməsi açıq-aydın göstərir: “… həmişə Türkiyə ilə Iran arasında fitnə-fəsad, dava-dalaş salmaq, gərəkdir. Bu işdə sünni-şiə dartışmaları yaxşı araçdır. Türkiyə ilə Iran arasında ilişkiləri elə pozmaq gərəkdir: onlar bir-birilə dil tapa bilməsinlər. Irana da, Türkiyəyə də Avropa xalqları ilə yaxınlaşmağa yol vermək olmaz. Bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını tanısalar, bu, bizə böyük zərbə olar. Istər Osmanlı, istərsə də Iran xanlarını ələ almaq, onların əli ilə sünni-şiə dartışmalarını qızışdırmaq gərəkdir”…
Yunanlar güclü Türkiyədən qorxduqlarına görə Rusiyanın regionda söz yiyəsinə çevrilməyinə çalışırdılarsa, tarix boyu dövləti olmayan ermənilər Rusiyanı qızışdırıb Türkiyə ilə Iranı yenməyə yönəltməklə özlərinə dövlət qurmağa çalışırdılar. Belə də oldu: Rusiyanın Qafqazı tutmasından sonra ermənilərin Türk-Müsəlman torpaqlarında dövlət qurmaq şansı yarandı. I Nikolayın 1828-ci il 21 mart buyruğunda deyilirdi: “…Irandan Rusiyaya birləşdirilən Irəvanla Naxçıvan xanlıqları bundan sonra Erməni vilayəti adlandırılsın”. Bu, sonralar Veliçkonun da yazdığı kimi, ermənilərin Rusiya üçün Qafqazdakı, Türkiyədəki, Irandakı çoxillik casusluqlarının ödülü idi. Ermənilik adlanan satqın, dönük, yırtıcı-dağıdıcı bir elementi Qafqazda özünün forpostuna çevirən Rusiya günü bu gün də özünü tələyə salmış durumdadır! Rusiyanın düşməni Türklük-Müsəlmanlıq deyil, ermənilikdir.