PKK-nı tanımaq əməldə sübut olunmur

Fuad Qəhrəmanlı: «İlham Əliyevin Ərdoğanın yanında PKK ilə bağlı söylədikləri deklorativ xarakter daşıyır»

Azərbaycanın dövlət başçısı Ilham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı rəsmi Bakının PKK-nı terrorçu təşkilat kimi tanıdığını bəyan edib. Və bildirib ki, bu məsələdə Azərbaycan Türkiyə dövləti və xalqının yanındadır. Azərbaycan parlamentinin PKK-nı terrorçu təşkilat kimi rəsmən hələ də tanımamasına baxmayaraq, I.Əliyevin belə bir açıqlama verməsi maraq doğurmaya bilməz. Digər tərəfdən, Azərbaycanın PKK-ya qarşı əməldə münasibəti verilən bəyanatlara adekvatdırmı?

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlının sözlərinə görə, Azərbaycanın rəsmən PKK-nı tanıması üçün bu barədə qərar parlamentdə qəbul olunmalıdır. Məhz bundan sonra müvafiq qurumların həmin qərara uyğun olaraq PKK-nın maliyyə və rəhbər şəxslərinin Azərbaycanla əlaqələrini araşdırmalı olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, bütün bunlar reallıqda olmadığı üçün I.Əliyevin Ərdoğanın yanında PKK ilə bağlı söylədikləri deklorativ xarakter daşıyır: “Azərbaycan hakimiyyəti doğrudan da PKK-nı terrorçu təşkilat kimi qiymətləndirirsə, bununla bağlı müvafiq qərar qəbul olunmalıdır. Abdulla Öcalan məhkəməsində bəyan etmişdi ki, PKK-nın əsas dayaqlarından biri məhz Azərbaycanda yerləşir. Bundan başqa, ölkəmizdə PKK-nın maliyyə şəbəkəsinin olması, təşkilatın Azərbaycandan istər tranzit, istərsə də dislokasiya ərazisi kimi istifadə etməsi barədə türk və yerli mətbuatda kifayət qədər məlumatlar dərc olunub. Amma bütün bu informasiyalara baxmayaraq, Azərbaycan tərəfinin PKK ilə bağlı rəsmi mövqeyi yoxdur və təşkilata qarşı heç bir addım atılmayıb”.
F.Qəhrəmanlının sözlərinə görə, yalnız Azərbaycan PKK-nı terrorçu təşkilat kimi rəsmən tanıdıqdan sonra söyləmək olar ki, rəsmi Bakı Türkiyəni təhdid edən qüvvəyə qarşı praktik addımlar atır.

Sülhəddin Əkbər: «İlham Əliyevdən xarici siyasətlə bağlı konkret addımların atılması tələb olunur»

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, dövlət başçısı səviyyəsində PKK-nın terror təşkilatı kimi tanınmasının bəyan olunması olduqca müsbət məqamdır. Azərbaycanın prezident tipli respublika olması üzündən belə bəyanatın mühüm əhəmiyyət kəsb etdiyini deyən S.Əkbər vurğuladı ki, gələcəkdə verilən bəyanatla bağlı parlamentdən qanunvericilik bazasının yaradılıb-yaradılmayacağını zaman göstərəcək: “Azərbaycanın xarici siyasətində hazırda dönmələr müşahidə olunur. Hazırda Ilham Əliyevdən xarici siyasətlə bağlı konkret addımların atılması tələb olunur. Elə PKK ilə bağlı bəyanat səslənərkən də hiss olunurdu ki, bu, Ilham Əliyevə asan başa gəlmir. Bundan başqa, nəzərə almaq lazımdır ki, həm PKK ilə bağlı bəyanat, həm də NABUCCO layihəsinin reallaşması siyasi-strateji xarakter daşıyır”.

Hikmət