Qazaxlar da dözmədilər. Bu yaxınlarda Qazaxıstanın yüksək rütbəli məmur cənablarından biri N.Nazarbayevin varisinin adını açıqlayıb. Bu, prezidentin kürəkəni, ortancıl qızının əridir. Həmin məmur cənab bildirib ki, Nazarbayev hər hansı səbəbdən hakimiyyətdən gedərsə, daha doğrusu, dünyasını dəyişərsə, onu kürəkəni əvəz edəcək. Mən Qazaxıstanın içindəki atmosferə o qədər də bələd deyiləm. Heç Tunisə, Misirə və Liviyaya da o qədər bələd deyildim. Amma bir də gözümü açıb gördüm ki, ən azı on əsr mürgü döyən Şərq bircə günün içində oyanıb. Bəli, oyanıb, özü də necə var! Indilər oğul varislərdən birinin – B.Əsədin Suriyada nələr törətdiyinin şahidləriyik.
Suriya hər gün qurban verir. Amma Bəşər hakimiyyətdən getmək istəmir. O, bu yaxınlarda başqa bir sərəncama da imza atıb – bundan sonra Suriyada hakim partiyadan başqa digər partiyalar da fəaliyyət göstərə biləcəklər. Bu, faktiki olaraq hakim partiyanın monopoliyasına son qoymaq deməkdir. Bəli, Əsəd 1963-cü ildən qüvvədə olan fövqəladə vəziyyəti götürdü, eləcə siyasi məhbusları azad etdi. Amma suriyalıların qərarı qətidir: Əsəd rejiminə son qoyulmalıdır! Bu hadisələr nəticəsindəcə Suriyada 2 minə yaxın adam həlak olub, itki həqiqətən də böyükdür və çətin ki, bu qədər qurban birdən-birə, hansısa güzəşt müqabilində unudulsun. Suriyadakı bu proseslərə diqqətlə baxanda mən şahzadə oğullara və kürəkənlərə heç də qibtə etmirəm. Onları hansı aqibət gözləyir? Monarxiya ənənələri olmayan avtoritar ölkələr! Bəli, risk həqiqətən də böyükdür. Amma bu, bizlik deyil, qoy bu haqda monarx olmaq iddiasında bulunanlar düşünsün. Mənə qaldıqsa isə, mən 2020-ci ildən o tərəfə avtoritar rejim görmürəm, ola bilsin ki, bir-ikisi qalsın, ancaq buna da ümid etmirəm. Dünya azadlığa doğru gedir, bu yoldan isə sapınma olmayacaq. Dünyanın gedişinə nəzər yetirin. Əvvəl silklər, imtiyazlar ləğv olundu. Sonra irqi seqreqasiyaya son qoyuldu. Daha sonra gender fərqləri, bərabərsizliyi aradan qaldırıldı. Bir sözlə, bəşəriyyət azadlığın genişlənməsi istiqamətində addımlayır. Bunu kim dayandıracaq? B.Əsədmi? Yoxsa dost və qardaş Nazarbayevin kürəkəni? Gülməlidir, deyilmi?
Ərdoğanın nəzakət viziti, yoxsa…
Bu haqda sizlər nə qədər bilirsinizsə, mən də o qədər bilirəm. Hamı düşünür ki, görən, Azərbaycan türkiyəlilər üçün viza rejimini ləğv edəcəkmi? Hər halda, bir gün səbr etmək olar, bircə günə hamımız cavabını biləcəyik. Digər məsələlərə gəldikdə isə, Ərdoğanın siyasəti məni o qədər də xoşlandırmır. Türkiyənin özündə etiraf edirlər ki, baş nazir xarici siyasətdə ərəb amilinə çox diqqət yetirir. O, bu diqqəti türk dövlətlərinə yönəltsəydi, daha yaxşı bir iş görmüş olardı. Bəlkə onun öz hesabları var, hansılar ki, bizə o qədər də aydın deyil. Ola bilər. Türkiyənin gənc türk dövlətlərinə yönəlik siyasəti indi o qədər də qənaətbəxş deyil – bunu bir daha etiraf etmək məcburiyyətində bulunuruq. Sözsüz ki, avtoritar ölkələrdəki diktatorlar da bu münasibətlərin çox da yaxşılaşmasını, sıxlaşmasını istəmirlər, bunu da etiraf etməliyik. Hə, onların sayəsində biz hələ də “türkdilli xalqlar” olaraq qalırıq, öz türklüyünü etiraf etmək iqtidarında olmayan bir xalq kimi ömür sürürük. Amma bunun özü də ötəridir, elə ideyalar var ki, onların qarşısını almaq məsləhət deyil.
Harada general olmaq asandır?
Bu günlərdə Çinlə bağlı maraqlı statistika açıqlandı, yəqin, xəbəriniz var. Bu, həqiqətən də çox maraqlıdır. Söhbət Çin ordusundakı generalların sayından gedir. Məlum olur ki, dünyada ən çox saylı ordusu olan ölkədə yüzdən bir qədər artıq general var. Qərəz, Çində general olmaq çox çətin məsələdir.
Bunu eşidəndə mən barmağımı dişlədim. Bəli, general olmaq həqiqətən də çətin olmalıdır. Amma elə ölkələr də var ki, generalı əsgərindən çoxdur! Nə isə. Qanınızı qaraltmayın. Bəzi ölkələrdə çox şeyin analoqu yoxdur, çox şey normal ölkələrdə olduğu kimi deyil, bundan məyus olmaq lazım deyil, buna ya alışmaq lazımdır, ya da seçkilərə gedib səsinin üstündə durmaqla ölkəni yaxşılığa doğru dəyişmək!


