Sabit Bağırov: «ABŞ-da defolt olsa, bu halda uduzan tərəf biz olacağıq»
Dünya iqtisadiyyatında proqnozlaşdırılan növbəti böhran Dövlət Neft Fondunun aktivləri üçün böyük təhlükə ola bilər. Çünki fondun aktivlərinin 70 faizə yaxını Avropa banklarındadır, 40 faizi isə qiymətli kağızlara yatırılıb. Dövlət Neft Fondundan yayılan açıqlamada deyilir ki, hazırda fondun sərəncamında olan 30 milyard dollardan çox vəsaitin 40 faizə yaxını ən yüksək kredit reytinqinə (AAA) malik olan qiymətli kağızlarda yerləşdirilib. Həmçinin fondun aktivlərinin 27 faizə yaxını beynəlxalq təşkilat və agentliklərin qiymətli kağızlarına yatırılıb. 20 faiz aktivlər isə qısamüddətli kommersiya sənədlərindədir. Məlum olub ki, fondun aktivlərinin hazırda 67 faizdən çoxu Avropa ölkələrində, 14 faizə yaxını Şimali Amerikada, 6 faizdən çoxu beynəlxalq maliyyə təşkilatlarında, 4.5 faizə yaxını Asiyada, 7.6 faizi inkişaf etməkdə olan ölkələrdə və 0.73 faizi Yaxın Şərq ölkələrindədir.
Son iqtisadi böhrandan müəyyən nəticələr çıxarsaq, demək olar ki, iqtisadi böhran ilk növbədə zərbəni qiymətli kağızlara, bank hesablarına vurur. Bir sözlə, neft pullarının xarici valyuta ilə saxlanılması Azərbaycanın da bu təhlükədən sovuşmayacağından xəbər verir. ABŞ-da hiss olunan böhranın ilk əlamətləri artıq dünya birjalarında qızılın qiymətinin rekord həddə çatmasına səbəb olub.
Baş verənləri analiz edən yerli ekspertlər hesab edir ki, böhran baş verərsə, bu, Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Belə ki, qiymətli kağızların aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, böhranın dərinləşdiyi təqdirdə, dolların məzənnəsi aşağı düşəcək.
Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan dövlət rezervlərinin 70 faizi ABŞ dolları ilə saxlanılır. Bu, birmənalı şəkildə Azərbaycan dövlət rezervlərinin dollarla saxlanılan hissəsinin dəyərinin azalmasına gətirib çıxara bilər. Azərbaycan ixracatının 92 faizi neft və neft məhsullarıdır. Azərbaycan büdcəsinin 75 faizi neft sektorunun payına düşdüyü halda, ABŞ-dakı böhran Azərbaycanın neft sektoruna da təsirsiz ötüşməyəcək.
Iqtisadçı-ekspert Sabit Bağırov ANS-ə açıqlamasında bildirib ki, ABŞ-da yarana biləcək defoltun Azərbaycan iqtisadiyyatına əlbəttə, təsiri ola bilər. Onun sözlərinə görə, bəllidir ki, Azərbaycanın beynəlxalq bazarlarda, xüsusilə də ABŞ qiymətli kağızlarına yatırımları böyük qismdədir: “Bizim xarici valyuta ehtiyatlarımızın həcmi təxminən 30 milyard dolları aşmaqdadır və bu pullar müəyyən qiymətli kağızlara yatırılır. Bu pulların 60-70 faizi ABŞ qiymətli kağızlarına yatırılıb. Təbii ki, bu halda da uduzan tərəf biz oluruq. Amma bir daha deyirəm, hələlik belə bir təlaşa əsas görmürəm”.
Qubad Ibadoğlu: «Dövlət Neft Fondunun ehtiyatları məzənnə fərqindən itkilərə məruz qala bilər»
Iqtisadçı-ekspert Qubad Ibadoğlunun isə sözlərinə görə, Dövlət Neft Fondunun vəsaitlərinin istifadəsinə dair strategiyası elə qurulub ki, əvvəlcədən risklərin bir hissəsi sığortalanıb. Azərbaycan öz vəsaitlərini daha yüksək reytinqli, riskli və az gəlirli banklarda, qiymətli kağızlarda yerləşdirib. Dünya iqtisadiyyatının yeni böhran ərəfəsində olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, bu ərəfədə ciddi dəyişikliklər baş verə bilər: “Bu zaman yüksək reytinqli bankların, qiymətli kağızların təhlükələrə məruz qalması mümkündür. Əvvəlcədən bu hadisəni proqnozlaşdırmaq çətin olsa da, hazırda qiymətli kağızlar bazarında təlatümün yaşandığını söyləmək lazımdır. Qiymətli kağızların dəyəri həm Avropada, həm də Asiyada enməyə başlayıb. Eyni zamanda qızılın qiymətində bahalaşma müşahidə olunur. Digər tərəfdən, hesablamalara görə, ABŞ texniki defolt elan edərsə, o zaman dolların üç-beş faiz arasında dəyərsizləşməsini gözləmək olar”.
Q.Ibadoğlunun sözlərinə görə, ona görə Azərbaycanın valyuta ehtiyatlarını saxladığı dollar və avro müəyyən təhlükələrlə üz-üzədir. Belə olan halda, Dövlət Neft Fondunun ehtiyatları məzənnə fərqindən itkilərə məruz qala, itkilərin artması isə müəyyən mənada ziyana gətirib çıxara bilər. “Bu risklərdən heç kim sığortalanmayıb. O baxımdan Dövlət Neft Fondu da bu risklərdən tam sığortalana bilməz”,- deyə Q.Ibadoğlu vurğuladı.
Xəyal