Naxçıvanın qədim tarix kitabəsi – Oğlanqala

Üzü minillərdən uzaq keçmişə…

Naxçıvanın maraqlı tarixi abidələri sırasında yer alan nümunələrdən biri də Oğlanqala yaşayış ərazisidir. Şərur rayonundakı bu abidənin tarixi eramızdan əvvəl 2-1-ci minilliklərə aid edilir. Abidə Arpaçay sahilindəki Qaratəpə dağında yerləşir. Dağın cənub-qərbində kiçik bürclərə oxşar yarımdairəvi tikililər var. Tikinti üslubuna görə Oğlanqala assurların dağ qalalarına oxşayır. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur. Aşkar olunmuş materialların əksəriyyəti boz və çəhrayı rəngli saxsı məmulatından ibarətdir. Boz rəngli gil qabların bəzisinin tərkibində Eneolit mədəniyyəti üçün xarakterik olan saman qarışığına təsadüf edilmişdir. Oğlanqaladan eradan əvvəl 1-ci minilliyin ikinci yarısı və eramızın 1-2-ci əsrlərinə aid tufdan hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və başqa maddi mədəniyyət materilları toplanmışdır. Əlverişli təbii-coğrafi və strateji mövqedə yerləşməsi Oğlanqaladan uzun müddət müdafiə istehkamı kimi istifadə olunduğunu göstərir.

2008-cı ildə Şərur rayonu ərazisində qeydə alınan Erkən tunc və Dəmir dövrü abidələrini araşdırmaq üçün xarici və yerli mütəxəssislər birgə çalışmışlar. Onlar Oğlanqalanın  yaxınlığında sivil yaşayış yerinin olub-olmadığını öyrənmək üçün bilavasitə Oğlanqalanın ətrafında piyada gəzinti başlatmışlar. Araşdırmalar buradakı sarayın e.ə. 800 və 750-ci illərdə tikildiyini təsdiq etmişdir. Burada ikinci əsas məskunlaşma dördüncü yüzillikdə, ehtimal ki, Əhəməni imperiyasının sonunda, yaxud Makedoniyalı Isgəndərin işğallarından sonra olmuşdur. Üçüncü məskunlaşma mərhələsi e.ə. 100-b.e.100-cü illərini əhatə edən arxitektura qalıqları ilə təmsil olunmuşdur.

Buradan aşkar edilmiş arxitektura qalıqları, kompleksin planı, gil qabların özünəməxsusluğu göstərir ki, Oğlanqala Şərur düzənliyini əhatə edən kiçik, yerli krallığın mərkəzi olmuşdur. Ərazidə arxeoloji qazıntılar həyata keçirən Azərbaycan-ABŞ ekspedisiya qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Baxşəliyevin sözlərinə görə, arxeoloji qazıntıların nəticəsinə əsasən demək olar ki, bu krallığın özünəməxsus dili və mədəniyyəti olub. Ekspedisiya zamanı əldə olunan nəticələr Oğlanqalanın Dəmir dövrünə aid qala-şəhər olması, buranın ətrafdakı Dəmir dövrü yaşayış yerlərinin mərkəzi olduğunu sübut edir. Sözügedən tapıntılar Azərbaycan ərazisində ilk dəfə aşkar olunub.

Ehtimal ki, Oğlanqala müəyyən mərhələdə Urartunun e.ə. 9-cu və 8-ci əsrlərdə müharibələr apardığı və urartuların Etuini adlandırdığı kiçik tayfaların və dövlətlərin birliyinə daxil olmuşdur. Lakin Etuini uzaq şimalda, Göyçə gölünün yaxınlığında yerləşirdi. Naxçıvanda Urartuların iki mixi yazısı, biri yaşayış yerindən 75 km cənub-şərqdə, Ilandağda, digəri “Fərhad evi” adlanan Orta əsr karvansarasının yaxınlığında tapılmışdır. Fərhad evi kitabəsi tamamilə dağılmışdır, lakin Ilandağ kitabəsi Işpuini və Menuanın adını xatırlayır, e.ə. 820 və 810-cu illərdə onların hərbi hücumları və qələbələrindən bəhs edir. Kitabənin təntənəli şəkildə yazılmasına baxmayaraq, Urartular heç vaxt bu ərazini işğal etməmişlər. Çünki burada Urartu qalalarının tikilməsi haqqında heç bir epiqrafik və arxeoloji dəlil yoxdur.

Urartudan ayrı müstəqil dövlətin mərkəzi

Beləliklə, Oğlanqala Urartunun sərhədləri yaxınlığında yerləşmiş və bizim qazıntılara görə onun ilk tarixi Urartu ilə bağlı olmuşdur.

Lakin Oğlanqala qədim Urartunun tərkibinə daxil olmayan müstəqil dövlətin mərkəzi olub. Bunu ABŞ Universitetinin Arxeologiya və Antropologiya Muzeyinin əməkdaşı, ərazidə tədqiqat aparan ekspedisiyanın rəhbərlərindən biri Lauren Ristved qeyd edib. “Bizim Şərur rayonunda apardığımız arxeoloji araşdırmalar və qazıntılar zamanı aşkarlanmış eramızdan əvvəl I minilliyə aid maddi mədəniyyət nümunələri əsasında cəsarətlə təsdiq etmək olar ki, Oğlanqala, Naxçıvan qədim Urartu dövlətinin ərazisi olmayıb”, – deyə ekspedisiyanın rəhbəri bildirib. Onun sözlərinə görə, Amerika-Azərbaycan birgə arxeoloji ekspedisiyası Şərur rayonunun ərazisində 2008-ci ildən tədqiqat aparır və qazıntılar nəticəsində Oğlanqala abidəsində qədim sarayın, gözətçi qülləsinin, digər saray və qala tikililərinin qalıqları, böyük sayda əmək alətləri, saxsı qablar və mixi yazı nümunələri aşkarlanıb.

Oğlanqalada arxeoloji qazıntılar zamanı mərkəzi şəhərinin aşkarlandığı Naxçıvan MR-in Şərur rayonunun ərazisindəki qədim dövlətin Urartuya aid olmadığını, həmçinin Almaniya və Italiyadan olan alimlər də təsdiq edir”, – deyə L.Ristvet bildirib.

Oğlanqaladan tapılan keramika və digər nümunələr Oğlanqalanın Urartu ilə, həmçinin Iran və Gürcüstanın digər cəmiyyətləri ilə ticarət əlaqələri saxladığını təsdiq edir. Saraydan tapılan və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçaları Oğlanqalanın yazı sistemini də Urartudan mənimsədiyini göstərir.

Dəlillər göstərir ki, Oğlanqala sarayı tərk edildikdən sonra bu ərazidə təqribən iki yüz il məskunlaşma olmuşdur. Sarayın xarabalıqlarında 100-ə yaxın tullantı çuxuru, qəbirlər və ocaqlar düzəldilmişdir. Ehtimal ki, bunlar sarayın bərpası üzərində işləyən fəhlələr tərəfindən qazılmışdır. Buradakı heyvan sümükləri sarayın xarabalıqlarında ziyafət zamanı və digər tədbirlərdə yeyilən mal və qoyunların qalıqları ola bilər. 2008-ci ildə aşkar olunan Əhəməni binası indi analizlərə əsasən II dövrə aid edilir və Oğlanqalada böyük bir dövr ərzində məskunlaşma olduğunu göstərir. Saray tərk edildikdən sonra onun möhtəşəm divarları öz əhəmiyyətini itirməmişdir. Ehtimal ki, qədim sarayda ziyafət verilməsi II Dövr hökmdarlarının hakimiyyətini möhkəmləndirmək vəzifəsinə xidmət etmişdir.

Ellinistik ziyafətlərindən təqribən 2000 il sonra Oğlanqala kiçik bir müddət ərzində, ehtimal ki, 1919-1920-ci illərin yayında müvəqqəti olaraq yenidən məskunlaşdırılmışdır.

Oğlanqala əfsanəsi

Ərazidə yerləşən kəndin adı da Oğlanqaladır ki, bu kənddə Fərhadın arxı deyilən bir yer var. Deyilənə görə, bu, Fərhadın çəkdiyi həmin süd arxının özüdür. Yaxınlıqdakı dağda Fərhadın qayalardan yonduğu otağı da var. Bu qaya otaqda onun daş yatağı, daşdan yonduğu stolu, stulu, daş çaydanı da var imiş. Qapını isə Fərhadın yonub düzəltdiyi sal qaya parçası əvəz edirmiş. Oğlanqala kəndi haqqında bir əfsanə də var. Əfsanədə deyilir ki, Arpaçayın sahillərində yerləşən iki kənd düşmənçilik edirmişlər. Bir kəndin tayfa başçısının gözəl bir qızı, o biri kəndin tayfa başçısının igid oğlu var imiş. Günlərin bir günü onlar çayın sahilində rastlaşırlar, o taydan bu taya bir-birinə vurulurlar. Onlar bir müddət hər axşam çayın sahilində gizlin görüşürlər. Əhd edirlər ki, arada düşmənçilik olsa da, yol tapıb düşmənçiliyi aradan qaldırıb bir-birinə qovuşsunlar. Kim əhdinə dönük çıxsa, özünü oda atıb yandırsın. Günlərin bir günü qız axşam çayın sahilinə gəlmir. Oğlan səhərə qədər onu gözləyir. Ikinci, üçüncü gün də qız gəlib çıxmır. Bir axşam oğlan çayın o tayından toy səsi eşidib anlayır ki, qızın toyudur. Çayın sahilində iti bir od qalayıb özünü bu oda atır, lakin od onu yandırmır, ağ daşa çevirir. Axı o, öz əhdinə dönük çıxmamışdı. Beləcə, oğlan ağ daşa çevrilib çayın sahilihdə qalır, o vaxtdan həmin kəndə Oğlanqala deməyə başlayırlar.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir