abd-kongres

ABŞ Əliyevi inqilabla hədələdi

Azərbaycan hakimiyyətini Konqresdə topa tutdular

 Dövlət katibinin müavini hakimiyyət qarşısında sərt tələblər səsləndirdi

 

“ABŞ Azərbaycanda fundamental azadlıqların vəziyyətindən narahatdır”. Bunu ABŞ dövlət katibinin müavini Tomas Melia iyulun 26-da Konqresin Avropa və Avrasiya üzrə alt komitəsində “Şərqi Avropa: demokratiya və azadlıqların vəziyyəti” adlı dinləmələri açarkən deyib (“Turan”).

“Biz Azərbaycan hakimiyyətindən tələb edirik”


O, Azərbaycanda ifadə, toplaşma azadlığının, həmçinin vətəndaşların dinc seçki yolu ilə hökuməti dəyişmək imkanlarının olduqca məhdudlaşdırıldığını qeyd edib. “Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun olmamaqda davam edir”, – deyə Melia vurğulayıb. O, 2010-cu il 7 noyabr parlament seçkiləri ilə bağlı ATƏT-in rəyindən sitat gətirib, seçkilər zamanı səslərin hesablanmasının saxtalaşdırılması da daxil olmaqla, çoxsaylı pozuntuların baş verdiyini qeyd edib.
Melia bildirib ki, Bəxtiyar Hacıyev, Cabbar Savalanlı və Vidadi İsgəndərov kimi fəalların və müxalifətçilərin həbsi siyasi xarakter daşıyır.
“Biz Azərbaycan hakimiyyətindən bu və digər oxşar məsələləri beynəlxalq öhdəliklərə uyğun həll etməyi tələb edirik. Bundan əlavə, hakimiyyət ABŞ Milli Demokratiya İnstitutunun, İnsan Huquqları Evinin ölkədə işini davam etdirməsinə, həmçinin  “Azadlıq”, “Amerikanın səsi” radiostansiyalarının yerli tezliklərdə yayımına icazə verməlidir”, – deyə Melia vurğulayıb.

“Ərəb inqilabları Moskva, Minsk və Bakıda təkrarlana bilər”


“Freedom House” hüquq müdafiə təşkilatının rəhbəri Devid Kramer  Moskva, Minsk və Bakıda ərəb inqilablarının təkrarlanmasının mümkünlüyü məsələsini qaldırıb. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələrindən yalnız Gürcüstan demokratiya sahəsində tərəqqi nümayiş etdirir, Azərbaycan isə sonuncu yerdədir.
“Qərb bu ölkələrin daha demokratik olmasında maraqlıdır. Odur ki, susmaq  yox, pozuntulara reaksiya vermək lazımdır. Dünyada harada olmasına baxmayaraq, tələb irəli sürmək asan deyil, lakin Avrasiya ölkələrinin əksəriyyəti demokratiya yolu ilə getməsə, Qərb üçün çağırışlar artacaq”, – deyə Kramer vurğulayıb.

“Azərbaycan hakimiyyəti demokratik fəalların həbsini davam etdirir”


Demokratiyaya Milli Dəstək Fondundan (NED) Nadya Dyuk da diqqəti Azərbaycanda vəziyyətə yönəldib.
“İki blogerin və bir jurnalistin həbsdən azad edilməsinə baxmayaraq, Azərbaycan hakimiyyəti demokratik fəalların həbsini davam etdirib və ölkədəki ümumi tendensiya plüralizmin məhdudlaşdırılmasının davam etməsindən və vətəndaş cəmiyyətinin vəziyyətinin pisləşməsindən xəbər verir.
2009-cu ilin martında qəbul olunmuş konstitusiya düzəlişləri bir nəfərin iki dəfədən çox  ölkə prezidenti seçilməsinə məhdudiyyəti ləğv edib, 2010-cu ilin parlament seçkiləri isə ölkə tarixində ən pis seçkilər olub.
Vətəndaş cəmiyyətinin fəalları və hüquq müdafiəçiləri təqiblərə məruz qalır, toplaşma azadlığı yoxdur. Gənc müxalifətçilərin çoxu narkotik maddə saxlamaq, xuliqanlıq kimi uydurma ittihamlarla görə həbs olunur. 2005-ci ildə həbs olunmuş Ruslan Bəşirli hələ də həbsxanadadır.
Azərbaycanla müqayisədə Ermənistanda vəziyyət yaxşıdır. Belə ki, müxalifət çoxsaylı mitinq keçirmək imkanlarına malikdir, 2008-ci ilin işi üzrə siyasi məhbuslar azad olunublar”, – deyə o, bildirib.
Dyuk qeyd edib ki, ABŞ Cənubi Qafqaza yalnız zəngin ehtiyatları olan, azadlıq düşmənlərinin üstünlük təşkil etdiyi region kimi baxmamalıdır, həm də azadlıq uğrunda mübarizlərin öz haqları naminə daim mübarizə aparacaqları və ABŞ-ın dəstəyini axtaracaqları yer kimi baxmalıdır.