Şahin Mustafayevin arqumentləri əsassızdır

«İqtisadi inkişaf naziri ölkənin iqtisadi maraqlarını nəzərə almadan belə fikir səsləndirib»

Məhəmməd Talıblı: «Türkiyə Azərbaycan üçün o qədər əhəmiyyətlidir ki, bu ölkə ilə viza rejimini başqa ölkələrlə müqayisə etmək olmaz»

Hakimiyyət Türkiyə ilə viza rejiminin qaldırılmamasını müxtəlif iqtisadi səbəblərlə də izah edir. Iqtisadi inkişaf naziri Şahin Mustafayev Türkiyə mətbuatına müsahibəsində iki ölkə arasında sərbəst ticarət razılaşmasının hələ gündəlikdə olmadığını deyib. Nazirin sözlərinə görə, bunun üçün bir qədər vaxt lazımdır ki, ilk növbədə milli sahibkarlıq ayaq üstə dura bilsin. Bu da o deməkdir ki, Azərbaycan tərəfi vizasız rejimin tətbiqinə hələ hazır deyil. Görünür, Azərbaycanı regionun lider dövləti kimi təqdim edən məmurlar özlərinə lazım olanda liderliyi unudur. Çünki qonşu Gürcüstan artıq uzun müddətdir Türkiyə ilə sərbəst ticarət razılaşması əldə edib. Belə olan halda, nazirin arqumentlərini tutarlı hesab etmək olarmı?
Iqtisadçı-ekspert Məhəmməd Talıblı Azərbaycanla Türkiyə arasında iqtisadi münasibətlərdə yaranan gərginliyin əsas səbəbinin məhz viza rejimi oduğunu deyir. Çünki vizasız gediş-gəliş məsələsinin həllini tapmaması idxal-ixrac əməliyyatlarına da problemlər yaradır.
Ekspertin fikrincə, vizasız əməliyyatlar üçün sahibkarlığın ayaq üstə durmasını gözləməyə ehtiyac yoxdur: “Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olandan sonra bu təşkilata üzv ölkələrin şirkətləri bizim ölkə ilə intensiv iqtisadi əlaqələr yaradacaq. Onda belə çıxır ki, heç kim o təşkilata üzv olmasın ki, ölkədə yerli şirkətlərdən daha güclü şirkətlər olacaq. Yəni rəqabətdə onlar yerli şirkətləri üstələyə bilər. Azərbaycan rəsmiləri demək istəyir ki, viza rejimi olsa, Türkiyə vətəndaşları bundan daha çox yararlanacaq. Bu doğru yanaşma deyil”.
M.Talıblının sözlərinə görə, vizasız gediş-gəlişin asanlaşması sərhədyanı bölgələrdə yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin düzəlməsinə, yoxsulluğun azalmasına pozitiv təsir göstərər. Viza rejimi durduqca, həmin sərhədlərdə korrupsiya və rüşvətin miqyası artır: “Türkiyə Azərbaycan üçün o qədər əhəmiyyətlidir ki, bu ölkə ilə tətbiq olunan viza rejimini başqa ölkələrlə müqayisə etmək olmaz. Iqtisadi inkişaf naziri ölkənin iqtisadi maraqlarını nəzərə almadan belə fikir səsləndirib. Azərbaycan Türkiyə iqtisadiyyatına nə qədər inteqrasiya olunsa, vizasız gediş-gəliş imkanları nə qədər genişlənsə, bu, bir o qədər ölkə iqtisadiyyatının inkişafına xidmət etmiş olar”.

Fizzə